• Təqvim

  • Maraq



Doğum günündə şəhid olan Qazaxın igid oğlu kapitan Rövşən Pənahovun ildönümündə xatirəsi anılıb


44 gün: sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsi - İkinci Qarabağ müharibəsi Azərbaycan Milli Ordusunun tarixi Zəfəri ilə başa çatdı, 30 il davam edən işğala son qoyuldu. Bəli, 27 sentyabr! Bu, o tarixdir ki, Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinə son qoyulması və ölkəmizin zəfər qazanması üçün məhz həmin gün haqq savaşına çıxdıq və tarixi ədaləti bərpa etdik. Və 44 günlük Vətən müharibəsi Azərbaycanın qüdrətini bütün dünyaya göstərdi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin elan etdiyi "Qarabağ Azərbaycandır və nida" şüarını əldə rəhbər tutan şanlı Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri Vətən torpaqlarının ərazi bütövlüyü naminə bir yumruq kimi birləşdilər və qəhrəmancasına vuruşdular. Göstərdikləri şücaətlərlə, qəhrəmanlıqlarla Azərbaycan Ordusunun gücünü, qüdrətini bütün dünyaya bir daha nümayiş etdirdilər.

Kapitan Pənahov Rövşən Mahmud oğlu da İkinci Qarabağ müharibəsində qəhrəmancasına döyüşən və Şəhidlik zirvəsinə ucalan igid Vətən oğullarından biridir. O Vətən oğlu ki, doğum günündə uğrunda canını fəda etdiyi torpağa tapşırıldı.

Bu gün yaşasaydı 32 yaşını qeyd edəcəkdi qəhrəman Vətən oğlu. Döyüş meydanında göstərdiyi igidliyə görə ölümündən sonra ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən "Vətən uğrunda”, "İgidliyə görə”, "Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuş kapitanımızın doğum gününü və ildönümünü bu gün təkcə ailəsi deyil, yaxınları, doğmaları, şəhidimizə ehtiram göstərən hər kəs qeyd edib. 


Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev, müavin-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova,  icra aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi”nin Qazax rayon filialının, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Qazax rayon şöbəsinin sədrləri və üzvləri, şəhidimizin vaxtilə təhsil aldığı Musa Həsənov adına Birinci Şıxlı kənd tam orta məktəbin, Birinci Şıxlı kənd ümumi orta məktəbin direktorları və müəllimləri, şəhid ailələri, şəhidimizin ailə üzvləri, yaxınları, doğmaları, kənd sakinləri igid Vətən oğlunun ildönümü mərasimində iştirak ediblər.

Qəhrəman şəhidimizin kənd qəbiristanlığında yerləşən məzarı ziyarət olunub, tər qərənfillər düzülərək ruhuna dua oxunub, əziz xatirəsi böyük ehtiramla yad edilib. 


Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev çıxış edərək şəhidimizə Allahdan rəhmət diləyib, əziz xatirəsini ehtiramla anıb, icra başçısı Rəcəb Babaşovun səmimi ürək sözlərini çatdırıb.

"1 il əvvəl şəhidimizin doğum günündə onu böyük izdihamla canını fəda etdiyi torpağa tapşırdıq. Onun yoxluğundan 1 il ötsə belə, illər keçsə də Rövşən Pənahov xalqımızın qəlbində əbədi yaşayacaq”, - deyən birinci müavin şəhidimizin xatirəsinin daim əziz tutulacağını bildirib. 44 günlük Vətən müharibəsində Rövşən kimi qəhrəman oğullarımızın sayəsində 30 illik yurd həsrətinə son qoyulduğunu qeyd edib. Qazandığımız tarixi Qələbəyə görə Ali Baş Komandana, şəhidlərimizə, qazilərimizə borclu olduğumuzu, Rövşən kimi igid Vətən oğulları ilə hər birimizin fəxr etdiyini söyləyib.

44 günlük Vətən müharibəsindən söz açan birinci müavin bu müharibədə Qazaxın 50 nəfər igid oğlunun Şəhidlik zirvəsinə ucaldığını, həmin oğullarımızın sırasında dayanan Rövşənin təkcə qazaxlıların, doğma el-obasının deyil, bütöv Azərbaycanın övladları olduğunu, onlarla hər kəsin qürur duyduğunu söyləyib.

M.Alıyev Respublika Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhidlərimizə, şəhid ailələrinə, qazilərimizə göstərilən qayğıdan da söz açıb. İstər ölkə başçısı, istərsə də Birinci vitse-prezident tərəfindən şəhid ailələrinə və qazilərimizə yüksək dövlət qayğısı göstərildiyini vurğulayıb. Həmin qayğının Qazaxda da hər zaman nümunə götürüldüyünü bildirən birinci müavin rayon rəhbərliyi tərəfindən yüksək səviyyədə davam etdirildiyini qeyd edib.


Qazaxda Vətən müharibəsi şəhidlərinin, eləcə də bütün şəhidlərimizin adlarının əbədiləşdirilməsi istiqamətində görülmüş işlərdən danışan birinci müavin Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən yazılmış "Qanları ilə dastan yazanlar" kitabını, Qazax Tarix-Diyarşünaslıq Muzeyində 338 nəfər şəhidin şəkillərindən ibarət guşənin yaradılmasını bu sahədə atılan nümunəvi addımlardan biri kimi söyləyib. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanında Vətən müharibəsi şəhidlərinin şəkli əks olunmuş lövhələrin vurulduğunu, bundan əlavə, şəhərin N.Nərimanov küçəsində xatirələrini əbədiləşdirən Abidə Kompleksinin  yaradıldığını qeyd edib. Bu gün həmin Abidə Kompleksinin Şəhidlər xiyabanından sonra hər kəsin ziyarət etdiyi müqəddəs məkana çevrildiyini söyləyib.

Musa Həsənov adına Birinci Şıxlı kənd tam orta məktəbin və Birinci Şıxlı kənd ümumi orta məktəbin şagirdləri şəhidimizə həsr olunmuş şeirlər səsləndirib, igid Vətən oğluna olan ehtiramlarını bildiriblər.



Şəhidimizin atası Mahmud Pənahov hər zaman onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, rayon rəhbərliyinə minnətdarlığını bildirib. Övladının xatirəsinin daim yad olunmasını Rövşənin timsalında bütün şəhidlərimizə olan hörmət və ehtiramın bariz nümunəsi kimi qiymətləndirib.


Kapitan Pənahov Rövşən Mahmud oğlu


Şəhid Rövşən Pənahov 2 oktyabr 1989-cu ildə Qazax rayonunun Birinci Şıxlı kəndində anadan olmuşdur. 1995-ci ildə Musa Həsənov adına Birinci Şıxlı kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuşdur. 1996-2004-cü illərdə Birinci Şıxlı kənd ümumi orta məktəbin 9-cu sinifini bitirmişdir. 2004-2006-cı illərdə Birinci Şıxlı kənd tam orta məktəbi bitirmişdir. Həmin ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuşdur. 2010-cu ildə həmin Ali Hərbi Məktəbi bitirmişdir. 2010-2011-ci illərdə təlim keçmək üçün Bakıda müxtəlif hərbi hissələrdə xidmət etmişdir. 2011-ci ildə Naftalan şəhərində yerləşən "N” saylı hərbi hissədə xidmət etmişdir. 2014-2020-ci illərdə müxtəlif "N” saylı hərbi hissələrdə xidmət göstərmişdir.

Rövşən Pənahovun xidməti, tapşırıqları yerinə yetirməsi, ümumiyyətlə, bütün fəaliyyəti nümunəvi idi. Ona gərə də Müdafiə Nazirliyi tərəfindən medallarla təltif olunmuşdur. 24.06.2013-cü ildə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley, 26.06.2017-ci ildə "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli və 26.06.2018-ci ildə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)" yubiley medalları ilə təltif olunmuşdur. Eyni zamanda, bir neçə Fəxri Fərman da almışdır.


Kapitan Pənahov Rövşən Mahmud oğlu 2 oktyabr 2020-ci il tarixdə Göygöl rayonunun Toğanalı kəndi istiqamətində düşmənin hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. Şəhid olduğu gün Birinci Şıxlı kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Ailəliydi. İki azyaşlı - Nilay adlı qız, Elay adlı oğul övladı yadigar qalıb.

Şəhid kapitanımızın göstərdiyi igidlik cənab Prezident İlham Əliyev tərəfindən də yüksək qiymətləndirilmişdir. O, ölümündən sonra  ölkə Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "İgidliyə görə”, 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

Şəhidimizi yad etmək hər birimizin vəzifə borcudur. Bizlər də şəhidimizin əziz xatirəsini dərin ehtiramla yad edərək ailəsinə və yaxınlarına başsağlığı verir, səbir diləyirik. Ruhu qarşısında baş əyirik.






 

GOYEZEN.AZ



Facebook-da paylaş