• Təqvim

  • Unutma

  • Maraq



Hərbçi olmağı qərara almışdı...


Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən qələmə alınmış "Qanları ilə dastan yazanlar" kitabı Vətən müharibəsində Azərbaycan xalqının qazandığı Böyük Zəfərə və bu Tarixi Qələbənin əldə olunmasında öz canından keçmiş 50 qazaxlı şəhidə həsr olunmuşdur. Kitabda şəhidlərin keçdiyi ömür və döyüş yolları ayrı-ayrılıqda geniş işıqlandırılmış, ailə üzvlərinin, müəllimlərinin, döyüş yoldaşlarının xatirələri, ürək sözləri, eyni zamanda ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə təltif olunduqları orden və medalların şəkilləri öz əksini tapmışdır. Azərbaycanın ərazi bütövlüyü uğrunda əbədiyyətə qovuşmuş şəhidlər kitabda minnətdarlıq hissi ilə anılmış, ehtiramla yad edilmişdir.

 

Kitabda şəhidimiz əsgər Daşdəmirov Elfak Eltun oğlu haqqında yazılmış "Hərbçi olmağı qərara almışdı..." başlıqlı xatirə yazısını oxuculara təqdim edirik...

Hərbçi olmağı qərara almışdı...

 

Sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsi şanlı Azərbaycan  Ordusunun Tarixi Zəfəri ilə başa çatdı, 30 ilə yaxın davam edən işğala həmişəlik son qoyuldu. Biz həmin gündən Dağlıq Qarabağ münaqişəsinin bitməsi və ölkəmizin zəfər qazanması üçün haqq savaşına çıxdıq və tarixi ədaləti bərpa etdik. Silahlı Qüvvələrimizin əsgər və zabitləri, hərbçiləri Vətənimizin ərazi bütövlüyü naminə bir yumruq kimi birləşib, qəhrəmancasına vuruşaraq Azərbaycan Ordusunun gücünü, qüdrətini bütün dünyaya bir daha nümayiş etdirdilər.

Cənab Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu "Dəmir yumruq" əməliyyatını həyata keçirərək işğal altındakı torpaqlarımızı qısa müddətdə düşməndən azad etdi. Ali Baş Komandanın dəmir iradəsi, əyilməz qətiyyəti, xalqımızın birliyi və şanlı ordumuzun şəxsi heyətinin şücaəti nəticəsində 44 günlük müharibə Azərbaycanın tam qələbəsi ilə başa çatdı. Bütün dünya 10 noyabrda Azərbaycan dövlətinin qazandığı Tarixi Qələbənin, gücünün və qüdrətinin bir daha şahidi oldu.

Daşdəmirov Elfak Eltun oğlu da Vətən müharibəsində adını qəhrəmanlar sırasına yazdıraraq Şəhidlik zirvəsinə ucaldı, əbədiyyətə qovuşdu.

Elfak Daşdəmirov 26 aprel 1996-cı ildə Qazax rayonunun Ermənistanla sərhəddə yerləşən Fərəhli kəndində anadan olmuşdu. Hələ uşaq yaşlarından Fərəhlinin qonşuluğunda yerləşən Bağanıs Ayrım, Qızılhacılı, Yuxarı və Aşağı Əskipara kəndlərinin ermənilər tərəfindən işğal edilməsini eşitmişdi. Elə bu səbəbdən də uşaqlıqdan qəlbində düşmənə qarşı intiqam hissi yaranmış və hərbçi olmağı qərara almışdı.

2002-ci ildə Qazax rayon Kamran Kərimov adına Fərəhli kənd ümumi orta məktəbinə oxumağa başlayandan sonra qəlbindəki bu hisslər daha da böyümüş, 2011-ci ildə həmin məktəbin doqquzuncu sinfini bitirəndən sonra təhsilini Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbində davam etdirmişdir. 2013-cü ildə orta təhsilini başa vurduqdan sonra valideynlərinə mütləq hərbçi olacağını demişdi. Evin tək oğlu olduğu üçün ailədə onun bu qərarına hörmətlə yanaşmış, bir söz deməmişdilər. Elfak Daşdəmirov sənədlərini hazırlayıb bu sahədə oxumaq istəsə də, alınmamışdı. Həmin səbəbdən test imtahanları verərək 2013-cü ildə Azərbaycan Dövlət Aqrar Universitetinə (ADAU) daxil olmuş, 2017-ci ildə həmin universiteti bitirmişdir. Ali təhsil haqqında diplomu alandan sonra bir il (2017-2018-ci illərdə) Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur.

Hərbi xidmət onun arzusunun məkanı idi. Ona görə də ali təhsil almasına baxmayaraq, burada birbaşa hərbi kurslarda oxumaq və hərbi sahədə xidmət etmək məqsədilə daha bir cəhd göstərdi. Amma bu dəfə də istəyi baş tutmadı. Hərbçi olmaq arzusunun alınmadığını görüb Bakıya gedərək ixtisası üzrə işləməyə başladı.

Ölkə Prezidentinin "Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında" müvafiq tarixli Sərəncamına əsasən 2020-ci il sentyabr ayının 21-də Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən qismən hərbi səfərbərliyə cəlb olundu.

Elfak Daşdəmirov Vətən müharibəsində ilk döyüşə Füzulidə 11 oktyabrda qatılıb. 15 gün bu bölgənin düşməndən azad edilməsi uğrunda gedən qanlı döyüşlərdə igidliyi, qəhrəmanlığı ilə fərqlənib. 2020-ci ildə oktyabrın 26-da Füzuli-Cəbrayıl istiqamətində torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Şəhid Elfak Daşdəmirov Fərəhli kənd qəbiristanlığında izdihamla dəfn olunmuşdur. Subay idi.

Elfak harada olsa, özünə hörmət qazanar, ətrafındakıların sevimlisi olardı. Müharibəyə getməmişdən əvvəl işlədiyi müəssisənin rəhbəri Anar Almədədovun Elfak şəhid olduqdan sonra kollektivin adından yazdığı məktub buna əyani sübutdur. Həmin məktubdakı cümlələr adamın ürəyini dağlayır: "Balam dadında Elfakım! Ölüm yaraşmırdı sənə. İndi mən yaşadığımdan utanıram, yediyimdın utanıram, mənim balam. Dağ çəkdin mənə. Dözə bilmirəm, inana bilmirəm ki, sən yoxsan". Onun haqqında deyilən belə ürək sözləri onlarca, yüzlərcədir.

Elfak Daşdəmirovun qəhrəmanlığı dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. O,  ölümündən sonra Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda", 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Döyüşdə fərqlənməyə görə" və 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.



 

GOYEZEN.AZ



Facebook-da paylaş