• Təqvim

  • Unutma

  • Maraq



"Mən Vətənin oğluyam"


Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən qələmə alınmış "Qanları ilə dastan yazanlar" kitabı Vətən müharibəsində Azərbaycan xalqının qazandığı Böyük Zəfərə və bu Tarixi Qələbənin əldə olunmasında öz canından keçmiş 50 qazaxlı şəhidə həsr olunmuşdur. Kitabda şəhidlərin keçdiyi ömür və döyüş yolları ayrı-ayrılıqda geniş işıqlandırılmış, ailə üzvlərinin, müəllimlərinin, döyüş yoldaşlarının xatirələri, ürək sözləri, eyni zamanda ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə təltif olunduqları orden və medalların şəkilləri öz əksini tapmışdır. Azərbaycanın ərazi bütövlüyü uğrunda əbədiyyətə qovuşmuş şəhidlər kitabda minnətdarlıq hissi ilə anılmış, ehtiramla yad edilmişdir.

 

Kitabda şəhidimiz (MAHHXHQ) əsgər Qasımov Oruc Afiq oğlu haqqında yazılmış "Mən Vətənin oğluyam" başlıqlı xatirə yazısını oxuculara təqdim edirik...

"Mən Vətənin oğluyam"

Vətən, sadəcə müəyyən sərhədləri olan coğrafi bir məkan deyil. Vətən xüsusi sevgi və hörmətə layiq müqəddəs torpaqdır, əbədi və müqəddəsdir. Ata-babalarımız bu torpaqlarda yaşamış, onu becərmiş, qorumuş, onun uğrunda vuruşmuş, canlarından belə keçərək Şəhidlik zirvəsinə yüksəlmişlər. Vətən sevgisi, Vətənə məhəbbət insanın daxilindən, qanından, genindən gəlir. Vətən sevgisi insana ana südü ilə verilir. Bu müqəddəs məkanda keçmişlə gələcəyimiz qovuşur. Vətən əbədi və əzəlidir.

Vətən sevgisi ana sevgisi qədər müqəddəsdir. Vətən torpağı bizim üçün səcdəgahdır, toxunulmazdır. Əsl vətəndaş odur ki, öz Vətənini qəlbi ilə, canı və qanı ilə sevir. Onun azadlıq və istiqlaliyyəti uğrunda hər an canını da verməyə hazır olur.

Qasımov Oruc Afiq oğlu da Vətəni bütün varlığı ilə sevib bu müqəddəs yolda canından keçmiş, torpaqlarımızın azad olunması uğrunda əsl qəhrəmanlıq göstərmişdir.

Hələ lap uşaqlıqdan qəhrəmanlıq ruhunda böyüyürdü Oruc Qasımov. 26 oktyabr 1996-cı ildə dünyaya gələndə artıq doğulduğu Qazax rayonunun Aşağı Əskipara kəndini ermənilər işğal etmişdi. Bu səbəbdən məcburi köçkün kimi Qazax şəhərində ailəsi ilə birlikdə məskunlaşmış Oruc öz doğma el-obasını belə görməmiş, ona həsrət qalmışdı. Odur ki, körpəliyindən ermənilərə qarşı böyük kini var idi və özü ilə bərabər bu hissləri də böyüyürdü. Yeniyetmə, gənclik illərindən sonra isə Orucun qəlbindəki bu qəzəb daha da artdı və əsl intiqama çevrildi.

Oruc Qasımov 2003-cü ildə İslam Nəsibov adına Aşağı Əskipara kənd tam orta məktəbin birinci sinfinə gedən gündən dərslərini yaxşı oxuyur, müəllimlərin ona olan etimadını doğruldurdu. Hərbi hazırlıq dərslərində həmişə birinci olardı. İdmana böyük həvəsi var idi, güləşlə məşğul olurdu, hətta 2 yarışda qızıl medal da almışdı.

Orucun hərbçi olmasının səbəblərindən söz düşəndə anası Elminaz xanım dedi ki, mən Orucun hərbçi olacağını lap uşaqlığından bilirdim. Əyninə pencək-şalvar geyinməzdi, həmişə hərbi formaya maraq göstərərdi. Bir qayda olaraq müharibədən bəhs edən kinolara baxardı.

Oruc Qasımov 2014-cü ildə orta məktəbi bitirdikdən sonra elə həmin ilin payızında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağrıldı. Həmin müddətdən 2016-cı ilin aprel ayınadək Cəlilabad rayonunda Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin "N" saylı hərbi hissəsində həqiqi hərbi xidmətdə oldu. Xidmət etdiyi zaman Oruc Qasımov hərbi sahə üçün yarandığını, hərbçi olacağını bir daha yəqinləşdirdi. Bu arzu, bu istəklə də 2017-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmət etməyə başladı. Öz arzusu, öz istəyi ilə hərb sahəsinə gəldiyi üçün can-başla xidmət edir, hərbi biliklərini daha da möhkəmləndirir, əsgərlikdə qazandığı təcrübəni daha da artırırdı.

Oruc Qasımov Vətən müharibəsinə 5 oktyabr 2020-ci tarixində Füzulidə iştirak etdiyi döyüşdə  qatıldı. Anası söyləyir ki, müharibəyə gedəndə heç bizə belə deməyib. Çünki istəmirdi ki, mən kövrəlib ağlayım. Çox mətin və qorxmaz idi. Ona görə də döyüşdə öndə olsun deyə, öz xahişi ilə başqa bir tabordan həmlə taboruna keçmişdi. Həmin taborda pulemyotçu manqa komandiri  kimi döyüşlərdə həmişə irəlidə gedirdi.

Vətənpərvərlik Oruc Qasımovun qəlbində dərin kök atmış, Şəhidlik zirvəsinə yüksəltmişdir. Onun vətənpərvər olmasını anasına dediyi bu sözlər aydın şəkildə göstərir. Oruc həmişə anasına deyirmiş: "Qızların sağ olsun, ana. Mən Vətənin oğluyam".

Bütün varlığı ilə Azərbaycanı sevən Oruc Qasımov 13 oktyabr 2020-ci il tarixində Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində gedən döyüşlər zamanı düşmənin hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. O, Qazax rayonunun Ağköynək kənd qəbiristanlığında izdihamla dəfn olunmuşdur. Subay idi.

Vətən torpaqlarının düşmən işğalından azad olunmasında qəhrəmanlıq göstərən bütün şəhidlərimiz kimi, şəhid Oruc Qasımovun da igidliyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. O, ölümündən sonra Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda", 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Döyüşdə fərqlənməyə görə" və 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.




GOYEZEN.AZ



Facebook-da paylaş