• Təqvim

  • Unutma

  • Maraq



İcra başçısı Vətən müharibəsində bir gözünü itirmiş mayor Xəyyam Əliyevi ziyarət edib


44 gün: sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsi - İkinci Qarabağ Müharibəsi Azərbaycan Milli Ordusunun tarixi Zəfəri ilə başa çatdı, 30 il davam edən işğala son qoyuldu. Bəli, 27 sentyabr! Bu, o tarixdir ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulması və ölkəmizin zəfər qazanması üçün məhz həmin gün haqq savaşına çıxdıq və tarixi ədaləti bərpa etdik. Və 44 günlük Vətən müharibəsi Azərbaycanın qüdrətini bütün dünyaya göstərdi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin elan etdiyi "Qarabağ Azərbaycandır və nida" şüarını əldə rəhbər tutan şanlı Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri Vətən torpaqlarının ərazi bütövlüyü naminə bir yumruq kimi birləşdilər və qəhrəmancasına vuruşdular. Göstərdikləri şücaətlərlə, qəhrəmanlıqlarla Azərbaycan Ordusunun gücünü, qüdrətini bütün dünyaya bir daha nümayiş etdirdilər.

Mayor Əliyev Xəyyam Şəadət oğlu da Vətən müharibəsində iştirak edən və adını qızıl hərflərlə hərb tariximizə, eləcə də xalqımızın yaddaşına yazdıran qəhrəman oğullarımızdan biridir. O, 25 dekabr 1981-ci ildə Qazax şəhərində anadan olub. 1996-cı ildə Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin IX sinfini bitirib. Elə həmin ildə də C.Naxçıvanski adına Hərbi Məktəbə daxil olub. 2000-ci ildə hərbi məktəbi bitirərək, Ali Hərbi Akademiyaya daxil olub. 2004-cü ildə Ali Hərbi Akademiyanı bitirən Xəyyam həmin ildən "N” saylı hərbi hissədə qulluq edib. Beyləqan rayon "N” saylı hərbi hissədə Tabor komandiri olub. Ömrünün 20 ilini hərbiyə həsr edən Xəyyam Əliyev bu ilin avqust ayında təqaüdə çıxmalı olduğu halda Vətən müharibəsində iştirak etməyi seçib. Vətənin dar günündə silahdaşları ilə döyüşmək üçün ön cəbhəyə yollanıb.

27 sentyabr 2020-ci ildə Füzuli rayonunda gedən döyüşlərdə baş, göz və qarın nahiyyəsindən yaralanıb. Füzuli Rayon Əhmədbəyli Hospitalında ilk tibbi yardım göstərildikdən sonra sentyabrın 28-də Mərkəzi Hərbi Klinik Hospitalda (Papanin Hərbi Hospitalında) reanimasiya şöbəsinə yerləşdirilib. 3 gün koma vəziyyətində qalan Xəyyam Əliyev beyin və göz əməliyyatı keçirib. Vətən uğrunda gedən döyüşdə Xəyyam sol gözünü itirib. Ev şəraitində müalicəsini davam etdirən Xəyyam VI sinifdə oxuyan bir qız, IV sinifdə oxuyan bir oğul atasıdır. İki bacının bir qardaşı olan Xəyyam bu gün hər birimizin əzizi, doğmasıdır. Vətənin keşiyində ləyaqətlə dayanan və bu gün 10 milyonluq xalqın hər birinin qəlbində özünə hörmət və rəğbət hissi qazanan Xəyyam Əliyevin qəhrəmanlığı hər kəs üçün nümunədir.

 

Uzun müddət axtarışdan sonra tapılan Xəyyam torpağın altında qalmasına rəğmən həyatda qalmağı, Vətən müharibəsinin qazisi olaraq əzizlərinin, doğmalarının, övladlarının yanına qayıtmağı bacarıb. Öz əsgərlərini doğma ata qayğısı ilə sevən Xəyyam Əliyev hətta, komada olarkən belə onları unutmayıb. Komadan ayılan zaman övladının adını soruşduqda o, əsgəri Süleymanın adını çəkib. Əsgərlərini doğma övladından ayırmayan Xəyyam kimi komandirlərimiz yüzlərlədir. Hər birinin ömür yolu da gələcəyimiz olan gənclər üçün bir məktəbdir.

Bu gün bizlər də vətəndaş olaraq Vətən uğrunda canını fəda edən, sağlamlığını itirən əsgər və zabitlərimizi, hərbçilərimizi, qanları ilə dastan yazan şəhidlərimizi tanımalı və tanıtmalıyıq. Onlarla hər zaman qürur duymalıyıq.

Təyin olunduğu ilk gündən şəhidlərimizin xatirəsini əziz tutan, onların ailə üzvlərinə, hərbçilərimizə, yaralı əsgər və zabitlərimizə qayğı göstərməyi bir an belə unutmayan rayon rəhbərliyi həmin qayğını bu gün də əsirgəmir.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri ilə birlikdə yaralı hərbçimiz mayor Xəyyam Əliyevi evində ziyarət edib. "Sizlərlə Ali Baş Komandan, bütün Azərbaycan xalqı fəxr edir, qürur duyur”, - deyən icra başçısı yaralımızın səhhəti və qayğıları ilə maraqlanıb. Ölkə Prezidenti tərəfindən hərbçilərimizə, əsgərlərimizə, onların ailə üzvlərinə göstərilən diqqət və qayğıdan danışan rayon rəhbəri həmin qayğının bundan sonra da davam etdiriləcəyini vurğulayıb. 


"Təki Vətən sağ olsun, torpaqlarımız uğrunda bu gün də döyüşməyə hazıram. Canım da, qanım da, itirdiyim gözüm də Vətənə fəda olsun!” Bu sözləri söyləyən Xəyyam Əliyev kimi oğullarla fəxr etməmək mümükün deyil. Qələbənin qazanılmasında payı olan Xəyyamxalqımızı təbrik etməyi də unutmayıb. Bu zəfərdə başda Ali Baş Komandan olmaqla, ordumuzun hər bir əsgər və zabitinin payı olduğunu söyləyib və şanlı tarixi Qələbəyə görə bir daha hər kəsi təbrik edib. Vətən uğrunda canlarından keçən şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza tez zamanda sağalmağı arzulayıb.

Yaralımızın anası Elza Abdullayeva, atası Şəadət Əliyev də övladları ilə fəxr etdiklərini, belə bir oğul böyütdükləri üçün qürur hissi keçirdiklərini bildiriblər. Xəyyama, eləcə də digər hərbçilərimizə göstərilən qayğıya görə ölkə Prezidentinə minnətdarlıq ediblər. İlk gündən onların ailəsinə göstərilən dəstəyə, qayğıya görə rayon rəhbərliyinə təşəkkürlərini çatdırıblar.

"Xəyyamdan xəbər ala bilməyəndə ilk düşündüyüm və Allahdan arzuladığım o oldu ki, Xəyyam şəhid olsun, yaralı olsun, yetər ki, itkin düşməsin. Çox şükür ki, bu gün Xəyyam Vətən müharibəsinin qazisi olaraq övladlarının yanına qayıtdı. Xəyyamın da söylədiyi kimi, təki Vətən var olsun”. Bu sözləri söyləyən yaralı mayorumuzun ömür-gün yoldaşı Gülay Carçıyevanın üzündəki qürur hissini görməmək mümkün deyildi. Biz də Gülay xanım kimi Vətəni canından da çox sevən Xəyyam tək oğullarımızla fəxr edirik. Bu gün Xəyyam bir gözünü itirsə də bizim hər birimizin gözü onun gözü olmalıdır. Həyata Xəyyamın gözü ilə baxmalı, Vətəni onun kimi sevməliyik. Ondan örnək alıb, onun kimi olmalıyıq. Vətən uğrunda sağlamlığını itirən Xəyyam və yüzlərlə onun kimi oğullarımızla qürur duymağı isə bir an belə yaddan çıxarmamalıyıq.

 

GOYEZEN.AZ



Facebook-da paylaş