44 gün: sentyabrın 27-dən
noyabrın 10-dək davam edən Vətən
müharibəsi - İkinci Qarabağ
Müharibəsi Azərbaycan Milli Ordusunun tarixi Zəfəri ilə
başa çatdı, 30 il davam edən işğala son qoyuldu. Bəli, 27 sentyabr! Bu, o
tarixdir ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulması və
ölkəmizin zəfər qazanması üçün məhz həmin gün haqq savaşına çıxdıq və tarixi
ədaləti bərpa etdik. Və 44 günlük Vətən
müharibəsi Azərbaycanın qüdrətini bütün dünyaya göstərdi. Azərbaycan
Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin
elan etdiyi "Qarabağ Azərbaycandır və nida" şüarını əldə rəhbər tutan
şanlı Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri Vətən torpaqlarının
ərazi bütövlüyü naminə bir yumruq kimi birləşdilər və qəhrəmancasına
vuruşdular. Göstərdikləri şücaətlərlə, qəhrəmanlıqlarla Azərbaycan Ordusunun
gücünü, qüdrətini bütün dünyaya bir daha nümayiş etdirdilər.
Mayor Əliyev Xəyyam Şəadət oğlu da
Vətən müharibəsində iştirak edən və adını qızıl hərflərlə hərb tariximizə, eləcə
də xalqımızın yaddaşına yazdıran qəhrəman oğullarımızdan biridir. O, 25 dekabr 1981-ci ildə Qazax şəhərində
anadan olub. 1996-cı ildə Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin
IX sinfini bitirib. Elə həmin ildə də C.Naxçıvanski adına Hərbi Məktəbə daxil
olub. 2000-ci ildə hərbi məktəbi bitirərək, Ali Hərbi Akademiyaya daxil olub.
2004-cü ildə Ali Hərbi Akademiyanı bitirən Xəyyam həmin ildən "N” saylı hərbi
hissədə qulluq edib. Beyləqan rayon "N” saylı hərbi hissədə Tabor komandiri
olub. Ömrünün 20 ilini hərbiyə həsr edən Xəyyam Əliyev bu ilin avqust ayında təqaüdə
çıxmalı olduğu halda Vətən müharibəsində iştirak etməyi seçib. Vətənin dar
günündə silahdaşları ilə döyüşmək üçün ön cəbhəyə yollanıb.
27
sentyabr 2020-ci ildə Füzuli rayonunda gedən döyüşlərdə baş, göz və qarın nahiyyəsindən
yaralanıb. Füzuli Rayon Əhmədbəyli Hospitalında ilk tibbi yardım göstərildikdən
sonra sentyabrın 28-də Mərkəzi Hərbi Klinik
Hospitalda (Papanin Hərbi Hospitalında) reanimasiya şöbəsinə yerləşdirilib.
3 gün koma vəziyyətində qalan Xəyyam Əliyev beyin və göz əməliyyatı keçirib. Vətən
uğrunda gedən döyüşdə Xəyyam sol gözünü itirib. Ev şəraitində müalicəsini davam
etdirən Xəyyam VI sinifdə oxuyan bir qız, IV sinifdə oxuyan bir oğul atasıdır. İki
bacının bir qardaşı olan Xəyyam bu gün hər birimizin əzizi, doğmasıdır. Vətənin
keşiyində ləyaqətlə dayanan və bu gün 10 milyonluq xalqın hər birinin qəlbində
özünə hörmət və rəğbət hissi qazanan Xəyyam Əliyevin qəhrəmanlığı hər kəs üçün
nümunədir.
Uzun
müddət axtarışdan sonra tapılan Xəyyam torpağın altında qalmasına rəğmən həyatda
qalmağı, Vətən müharibəsinin qazisi olaraq əzizlərinin, doğmalarının, övladlarının
yanına qayıtmağı bacarıb. Öz əsgərlərini doğma ata qayğısı ilə sevən Xəyyam
Əliyev hətta, komada olarkən belə onları unutmayıb. Komadan ayılan zaman
övladının adını soruşduqda o, əsgəri Süleymanın adını çəkib. Əsgərlərini doğma
övladından ayırmayan Xəyyam kimi komandirlərimiz yüzlərlədir. Hər birinin ömür
yolu da gələcəyimiz olan gənclər üçün bir məktəbdir.
Bu gün bizlər də vətəndaş olaraq Vətən
uğrunda canını fəda edən, sağlamlığını itirən əsgər və zabitlərimizi, hərbçilərimizi,
qanları ilə dastan yazan şəhidlərimizi tanımalı və tanıtmalıyıq. Onlarla hər zaman
qürur duymalıyıq.
Təyin olunduğu ilk gündən şəhidlərimizin xatirəsini əziz tutan, onların ailə
üzvlərinə, hərbçilərimizə, yaralı əsgər və zabitlərimizə qayğı göstərməyi bir
an belə unutmayan rayon rəhbərliyi həmin qayğını bu gün də əsirgəmir.
Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri ilə birlikdə
yaralı hərbçimiz mayor Xəyyam Əliyevi evində ziyarət edib. "Sizlərlə Ali
Baş Komandan, bütün Azərbaycan xalqı fəxr edir, qürur duyur”, - deyən icra
başçısı yaralımızın səhhəti və qayğıları ilə maraqlanıb. Ölkə Prezidenti
tərəfindən hərbçilərimizə, əsgərlərimizə, onların ailə üzvlərinə göstərilən
diqqət və qayğıdan danışan rayon rəhbəri həmin qayğının bundan sonra da davam
etdiriləcəyini vurğulayıb.
"Təki Vətən sağ olsun,
torpaqlarımız uğrunda bu gün də döyüşməyə hazıram. Canım da, qanım da,
itirdiyim gözüm də Vətənə fəda olsun!” Bu sözləri söyləyən Xəyyam Əliyev kimi
oğullarla fəxr etməmək mümükün deyil. Qələbənin qazanılmasında payı olan Xəyyamxalqımızı təbrik etməyi də unutmayıb. Bu zəfərdə başda Ali Baş Komandan
olmaqla, ordumuzun hər bir əsgər və zabitinin payı olduğunu söyləyib və şanlı
tarixi Qələbəyə görə bir daha hər kəsi təbrik edib. Vətən uğrunda canlarından
keçən şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza tez zamanda sağalmağı
arzulayıb.
Yaralımızın anası Elza Abdullayeva, atası Şəadət Əliyev də
övladları ilə fəxr etdiklərini, belə bir oğul böyütdükləri üçün qürur hissi
keçirdiklərini bildiriblər. Xəyyama, eləcə də
digər hərbçilərimizə göstərilən qayğıya görə ölkə Prezidentinə minnətdarlıq
ediblər. İlk gündən onların ailəsinə göstərilən dəstəyə, qayğıya görə rayon
rəhbərliyinə təşəkkürlərini çatdırıblar.
"Xəyyamdan xəbər ala bilməyəndə ilk düşündüyüm və
Allahdan arzuladığım o oldu ki, Xəyyam şəhid olsun, yaralı olsun, yetər ki,
itkin düşməsin. Çox şükür ki, bu gün Xəyyam Vətən müharibəsinin qazisi olaraq
övladlarının yanına qayıtdı. Xəyyamın da söylədiyi kimi, təki Vətən var olsun”.
Bu sözləri söyləyən yaralı mayorumuzun ömür-gün yoldaşı Gülay Carçıyevanın üzündəki
qürur hissini görməmək mümkün deyildi. Biz də Gülay xanım kimi Vətəni canından
da çox sevən Xəyyam tək oğullarımızla fəxr edirik. Bu gün Xəyyam bir gözünü
itirsə də bizim hər birimizin gözü onun gözü olmalıdır. Həyata Xəyyamın gözü ilə
baxmalı, Vətəni onun kimi sevməliyik. Ondan örnək alıb, onun kimi olmalıyıq. Vətən
uğrunda sağlamlığını itirən Xəyyam və yüzlərlə onun kimi oğullarımızla qürur duymağı isə bir an belə yaddan çıxarmamalıyıq.
GOYEZEN.AZ
Geri qayıt
|