Qazaxda 27 sentyabr – Anım Günündə Vətən müharibəsi şəhidi gizir Elvin Orucovun adını əbədiləşdirən bulaq istifadəyə verilib
Azərbaycanın haqq savaşına, Vətən müharibəsinə başladığı 27 sentyabr tarixindən 1 il arxada qalır. Bir il öncə başlayan və 44 gün davam edən müharibə sonda böyük tarixi Qələbə ilə başa çatdı. Bu, elə bir tarixi Qələbə oldu ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında biz xalq olaraq şanlı Ordumuzun cəbhədə qazandıqları uğurlu nailiyyətlərlə, Ermənistan silahlı qüvvələrinə vurduqları sarsıdıcı zərbələrlə, azad etdikləri yaşayış məntəqələri ilə bütün dünyaya dövlətimizin gücünü, qüdrətini bir daha nümayiş etdirmiş olduq. Bu gün hər birimiz ölkə vətəndaşı olaraq bizlərə 44 günlük haqq savaşında hər gün sevinc, fərəh, qürur dolu saysız-hesabsız qələbələr bəxş edən Ali Baş Komandana, şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə, şanlı Azərbaycan Ordusunun əsgər və zabitlərinə, hərbçilərinə bir ömür boyu minnətdar olmalıyıq.
Azərbaycanın Vətən müharibəsində parlaq qələbə qazanmasında, torpaqlarımızın işğaldan azad olunmasında, işğalçı düşmənin torpaqlarımızdan qovulmasında qəhrəmancasına vuruşan və şəhid olan igid oğullardan biri də gizir Orucov Elvin Rövşən oğludur. Elvin Orucov İkinci Qarabağ müharibəsində Qazaxın ilk şəhididir.
Doğma torpaqlarımız uğrunda son damla qanına qədər vuruşan, Vətən torpaqları tam olsun deyə ölümün gözünə dik baxan, döyüş meydanında göstərdiyi igidliyə görə ölümündən sonra ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən "Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə”, "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş Elvin Orucovun əziz xatirəsi hər zaman ehtiramla anılır.
27 sentyabr – Anım Günündə igid Vətən oğlunun adını əbədiləşdirən bulağın açılışı olub.
Açılış mərasimində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, RİH başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri qazi kapitan Samir Çobanov, həmin şöbənin böyük məsləhətçisi Məhəmməd Xəlilli, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti, Şöhrət ordenli, Tərəqqi medallı "Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu" təltifli idman ustası, Dövlət Sərhəd Xidmətinin polkovnik-leytenantı Firdovsi Umudov, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun köməkçisi Akif Əmirov, "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi”nin Qazax rayon filialının sədri Xasay Balayev, filialın üzvləri, Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal, şəhidimizin vaxtilə təhsil aldığı İsmət Qayıbov adına şəhər 3 nömrəli tam orta məktəbin direktoru Ruslan Rzayev, şəhidimizin sinif rəhbəri Rəna Cəfərova,ailə üzvləri, yaxınları, doğmaları, rayon ictimaiyyəti iştirak ediblər.
Əvvəlcə igid Vətən oğlunun şəhərdəki Şəhidlər qəbiristanlığında yerləşən məzarı ziyarət edilərək tər qərənfillər düzülüb, ruhuna dua oxunub, əziz xatirəsi böyük ehtiramla yad edilib.
Sonra şəhidimizin vaxtilə yaşadığı küçədə adına tikilmiş bulağın açılışını bildirən qırmızı lent kəsilərək üzərindəki ağ örtük qaldırılıb. Qəhrəman şəhidimizin xalqımızın və qazaxlıların qəlbində əbədi yaşayacağı vurğulanıb.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bulağın açılış mərasimində giriş sözü ilə çıxış edərək şəhidimizə Allahdan rəhmət diləyib, əziz xatirəsini ehtiramla anıb. Elvin kimi qəhrəman oğullarımızın daim qəlblərdə yaşayacağını, Azərbaycan xalqının qüruru, fəxri olan bütün şəhidlərimizin, o cümlədən də Elvinin xatirəsinin daim əziz tutulacağını bildirib. Uca zirvədə olan Elvin tək oğullarımızın hər zaman yad olunacağını qeyd edib.
44 günlük Vətən müharibəsindən söz açan icra başçısı həmin müharibədə qəhrəman oğullarımızın göstərdiyi şücaətdən danışıb. Döyüş meydanında göstərdikləri qəhrəmanlıqla hərb tarixinə adlarını qanları ilə yazdırdıqlarını, gələcək nəsillər üçün nümunə və örnək olduqlarını bildirib. Rayon rəhbəri Vətən müharibəsində Şəhidlik zirvəsinə ucalan Qazaxın igid oğullarının sırasında dayanan Elvinin təkcə qazaxlıların, doğma el-obasının deyil, bütöv Azərbaycanın övladı olduğunu, onunla hər kəsin qürur duyduğunu vurğulayıb. Savaşda əldə etdiyimiz şanlı Qələbəyə görə Ali Baş Komandana, müzəffər Azərbaycan Ordusuna, şəhidlərimizə, qazilərimizə borclu olduğumuzu qeyd edib.
Şəhidlik zirvəsinə ucalan Elvinin döyüş meydanında göstərdiyi igidliyindən danışan icra başçısı onun qısa ömrünə yüz illərin qəhrəmanlığını sığdırdığını, illər ötsə belə dillərə dastan olacaq şücaət göstərdiyini bildirib. İcra başçısı igid Vətən oğlunun döyüş meydanında göstərdiyi şücaətin dövlətimiz, Ali Baş Komandan İlham Əliyev tərəfindən də yüksək qiymətləndirildiyini, ölümündən sonra ölkə başçısının müvafiq Sərəncamlarına əsasən "Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə”, "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunduğunu diqqətə çatdırıb.
"Bu gün ölkə başçısı, Birinci vitse-prezident şəhid ailələrinin, qazilərimizin qarşısında baş əyirəm söyləyirsə, bu, hər birimiz üçün örnəkdir. Nəinki dövlət məmuru, vicdanı olan hər kəs şəhidlərimizi yad etməli, hər zaman şəhidlərimizin xatirəsini əziz tutmalı, daim onların ailələrinə qayğı göstərməlidir. Bu gün mən də özümə borc bildim ki, şəhidimizin xatirəsinə tikilən bu bulağın açılışında iştirak edim”, - deyən icra başçısı şəhidimizin ailəsinə göstərilən diqqət və qayğının bundan sonra da yüksək səviyyədə olacağını söyləyib.
Rayon rəhbəri Respublika Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhidlərimizə, şəhid ailələrinə, qazilərimizə göstərilən qayğıdan da söz açıb. İcra başçısı dövlətimizin və ölkə başçısının şəhid ailələrinə və qazilərimizə göstərdiyi həmin qayğının Qazaxda da hər zaman nümunə götürüldüyünü bildirib. Şəhid ailələrinə xüsusi qayğı göstərildiyini, bu sahədə məqsədyönlü işlər görüldüyünü qeyd edib.
Rayon rəhbəri şəhidimizin ildönümü ərəfəsində açılışına toplaşdığımız bulağı şəhidimizin adının əbədiləşdirilməsi istiqamətində atılan uğurlu addımlardan biri kimi dəyərləndirib. Bildirib ki, bu cür bulağın inşa olunmasında əsas məqsəd şəhidimizi gələcək nəsillərə tanıtmaqdır. Çünki bulağın qarşısından keçən, suyundan içən hər kəs şəhidin ruhuna dua oxumaqla bərabər, həm də onu tanımış olacaq.
Qazax Rayon Təhsil Şöbəsinin müdiri Nizaməddin Babanlı çıxış edərək şəhidimizə Allahdan rəhmət diləyib, yaralı qazilərimizə tezliklə sağlamlıqlarına qovuşmalarını arzu edib. "Şəhidlərimizin ailə üzvlərinin diqqətə, qayğıya ehtiyacı vardır. Dövlətimiz, ölkə başçısı və Birinci vitse-prezident tərəfindən həmin qayğı yüksək səviyyədə göstərilir”, - deyən N.Babanlı həmin qayğının hər kəs üçün nümunə olduğunu bildirib. Şəhidimizin yaşadığı küçədə inşa olunan bulağın Elvinin timsalında, bütün şəhidlərimiz, igid oğullarımız haqqında məlumat verdiyini, bu bulağın suyundan içən hər kəsin şəhidimizi ehtiramla yad edəcəyini bildirib.
Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti, Şöhrət ordenli, Tərəqqi medallı "Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu" təltifli idman ustası, Dövlət Sərhəd Xidmətinin polkovnik-leytenantı Firdovsi Umudov çıxış edərək şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir diləyib. Elvin kimi qəhrəman oğulların haqqında ürək sözü bildirməyin çətin olduğu qədər də qürurverici olduğunu bildirib. Ali Baş Komandanın Dəmir yumruğu ətrafında sıx birləşən xalqımızın və ordumuzun birliyi sayəsində bütün dünyanın Azərbaycan dövlətinin gücünü, qüdrətini gördüyünü qeyd edib.
Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal çıxış edərək 44 günlük Vətən müharibəsinin başlandığı 27 sentyabr tarixindən 1 il keçsə də xalqımızın həmin günü qürurla xatırladığını qeyd edib. Ali Baş Komandanın rəhbərliyi altında igid oğullarımızın döyüş meydanında göstərdikləri şücaətin, qəhrəmanlığın bütün dünyaya səs saldığını söyləyib. B.Vüsal bildirib ki, xalqımızın birliyi, həmrəyliyi, Ali Baş Komandanın yanında olmaları sayəsində 44 günlük savaşda Qələbə bizim oldu.
Şəhidimizin vaxtilə təhsil aldığı İsmət Qayıbov adına şəhər 3 nömrəli tam orta məktəbin direktoru Ruslan Rzayev çıxış edərək 44 günlük Vətən müharibəsinin hərb tariximizdə şanlı salnamə kimi hər zaman öyrəniləcəyini, gələcək nəsillərə ötürüləcəyini bildirib. Qəhrəman şəhidimiz Elvin haqqında xatirələrini bölüşən məktəb direktoru onun həmyaşıdları ilə söhbət edən zaman hər zaman Vətəndən, düşmən işğalında olan torpaqlarımızdan söhbət açdığını, vətənpərvərliyi ilə seçildiyini vurğulayıb.
Şəhidimizin sinif rəhbəri Rəna Cəfərova çıxış edərək Elvin Orucovun məktəbdə tərbiyəsi, əxlaqı, səliqə-sahmanı, Vətənə olan hədsiz sevgisi ilə seçilən, nümunəvi bir şagird olduğunu, verilən tapşırıqları vaxtlı-vaxtında yerinə yetirdiyini söyləyib. Bu gün Elvinin bizim aramızda olmasa da onun əziz xatirəsinin daim bizim qəlbimizdə əbədi yaşayacağını, sinif rəhbəri kimi belə igid bir şagirdi olduğu üçün fəxr etdiyini dilə gətirib.
İsmət Qayıbov adına şəhər 3 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdləriMələk Salehova, Aylin Həsənova, 10-cu sinif şagirdi Türkan Rəhimova şəhidimizə həsr olunmuş şeirlər səsləndirib, əziz xatirəsini ehtiramla yad ediblər.
Şəhid anası Səidə Orucova şəhid ailəsi kimi hər zaman onlara göstərilən diqqət və qayğıya görə razılığını ifadə edib, ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, rayon rəhbərliyinə minnətdarlığını bildirib. Oğlunun daim yad olunmasını Elvinin timsalında bütün şəhidlərimizə olan hörmət və ehtiramın bariz nümunəsi kimi qiymətləndirib. Şəhid anası kimi oğlu Elvin və onun kimi igid Vətən oğulları ilə hər zaman fəxr edəcəyini, qürur duyacağını söyləyib. Bulağın tikilməsində əsas məqsədin Elvin və onun kimi qəhrəman oğullarımızın adını yaşatmaq, gələcək nəsillərə ötürmək olduğunu qeyd edib. Şəhid anası sonda bulağın ərsəyə gəlməsində əziyyəti keçən insanlara, açılış mərasimində iştirak edənlərə ailəsi adından təşəkkürünü çatdırıb.
Gizir Orucov Elvin Rövşən oğlu
Elvin Orucov 18 dekabr 1991-ci ildə Qazax şəhərində anadan olmuşdur. 1999-cu ildə Rusiya Federasiyasının Nijni Novqorod şəhərində orta məktəbin 1-ci sinifinə getmişdir. Təhsilini 2005-ci ildən İsmət Qayıbov adına Qazax şəhər 3 nömrəli tam orta məktəbdə davam etdirmişdir. 2009-cu ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 2010-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağrılmışdır. Elvin Orucov hərbi xidmətdən qayıtdıqdan dərhal sonra bu sahədə oxumağa və xidmət etməyə qərar vermişdir. Bu məqsədlə 2011-ci il 10 noyabrdan 28 aprel 2012-ci ilə qədər Azərbaycan Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində (TTM)oxuyub "Tank komandiri" kursunu bitirərək gizir rütbəsi almışdır. 30 aprel 2014-cü il tarixdən Elvin Orucov gizir kimi ordu sıralarında xidmət etməyə başlamışdır. Elvin Orucov eyni zamanda, xidmətdə də fərqlənib, öhdəsinə düşən tapşırığı vaxtından əvvəl yerinə yetirib, nizam-intizama əməl edib. Bunun nəticəsidir ki, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" (24.06.2013) və "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)" (26.06.2018) yubiley medalları ilə təltif olunub.
Elvin Orucov xidmətdə olduğu kimi, hərb meydanında da fərqlənmiş, 2016-cı ilin Aprel döyüşlərində düşmənə qarşı igidliklə vuruşaraq Fəxri Fərmanla təltif olunmuşdur.
Vətən müharibəsində də Elvin Orucov mərdlik göstərmiş, tank komandiri kimi hərbi tapşırığı layiqincə yerinə yetirmiş, düşmənə sarsıdıcı zərbələr endirmişdir. 27.09.2020-ci ildə Füzuli-Cəbrayıl-Xocəvənd rayonları istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Şəhid gizir Elvin Orucov 28.09.2020-ci ildə şəhərdəki Şəhidlər qəbiristanlığında izdihamla dəfn edilmişdir. Gizirimiz ailəliydi. İki azyaşlı - Emil adlı oğul, Elay adlı qız övladı yadigar qalıb.
Bütün şəhidlərimiz kimi Elvin Orucovun da göstərdiyi şücaət dövlətimiz, ölkə rəhbəri tərəfindən yüksək qiymətləndirilib. Orden və medallarla təltif olunan şəhidlərimizin arasında şəhid gizirimizin də adı var. E.Orucov ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə”, 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən "Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif edilmişdir.
Vətən uğrunda canından keçən şəhidlərimizi yad etmək hər birimizin vətəndaşlıq borcu, ən ümdə vəzifəsi olmalıdır. Şəhidimizin əziz xatirəsini dərin ehtiramla yad edir, ailəsinə və yaxınlarına bir daha səbir diləyirik. Ruhu qarşısında baş əyirik.
GOYEZEN.AZ
Facebook-da paylaş