Vətən müharibəsində ilk qazaxlı şəhid
Respublika mətbuatı Qazax haqqında
Azərbaycanın Vətən müharibəsində parlaq qələbə qazanmasında, torpaqlarımızın işğaldan azad olunmasında, işğalçıların torpaqlarımızdan qovulmasında qəhrəmancasına vuruşan və şəhid olan igid oğullardan biri də gizir Orucov Elvin Rövşən oğludur.
Vətən müharibəsində Qazaxın ilk şəhidi olan Elvin Orucov 18 dekabr 1991-ci ildə Qazax rayonunda anadan olmuşdur. 1999-cu ildə Rusiya Federasiyasının Nijniy Novqorod şəhərində orta məktəbin I sinfinə getmişdir. Təhsilini 2005-ci ildən İsmət Qayıbov adına Qazax şəhər 3 nömrəli tam orta məktəbdə davam etdirmiş və 2009-cu ildə həmin məktəbin XI sinfini bitirmişdir. 2010-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. 2012-ci ildə hərbi xidməti başa vurduqdan sonra 6 aylıq kurs keçərək Füzuli rayonunun Əhmədbəyli kəndində gizir rütbəsində xidmətə başlamışdır. Aprel döyüşlərində də iştirak edən Elvin Orucov Vətən müharibəsində əsl qəhrəman kimi döyüşmüş və Füzuli-Cəbrayıl-Xocəvənd rayonları istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Ailəli idi. Emil adlı oğlu və Elay adlı qızı onun yadigarlarıdır.
Bütün şəhidlərimiz kimi, Elvin Orucovun da göstərdiyi şücaət dövlət tərəfindən yüksək qiymətləndirilib. Orden və medallarla təltif olunan şəhidlərimizin arasında onun da adı var. E.Orucov ölümündən sonra Prezident İlham Əliyevin sərəncamları ilə "Vətən uğrunda” və "Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Sabir ƏLİYEV,
"Azərbaycan” qəzetinin bölgə müxbiri
2 fevral 2021-ci il
Facebook-da paylaş