Millət vəkilinin sakinlərlə keçirdiyi görüşdə qaldırılan məsələlərə yerində baxılıb
Ötən yazımızda qeyd etdiyimiz kimi, 107 saylı Qazax Seçki Dairəsindən millət vəkili seçilmiş Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov 19-20 avqust tarixlərində Qazaxda seçiciləri ilə görüşdü.
Şəhərin Əliağa Şıxlinski, Mehdi Hüseyn və Bakı küçələrində yaşayan sakinlərlə keçirilən görüşlərdə seçicilərin təklifləri, müraciətləri ilə də tanış olub, onları narahat edən məsələləri dinlədi.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri və millət vəkilinin köməkçisi Akif Əmirovla birlikdə Bakı küçəsində keçirilən görüş zamanı vətəndaş Zeynalov Cahangir Gülməmməd oğlu tərəfindən qaldırılan məsələyə yerində baxış keçirib.
Ev 259-da yaşayan vətəndaşın yaşadığı evin üzərindən keçən yüksək gərginlikli elektrik xəttinin yerinin dəyişdirilməsi ilə bağlı müraciətini dinləyən rayon rəhbəri məsələnin araşdırılacağını bildirib. Qeyd edilən məsələnin araşdırılması və həlli istiqamətində müvafiq tədbirlər görülməsi üçün Qazax Elektrik Şəbəkəsinin rəisi Vasif İmamverdiyevə aidiyyatı üzrə tapşırıqlarını verib.
Daha sonra rayon rəhbəri millət vəkilinin Əliağa Şıxlinski küçəsi 4 və 5 saylı binalarda yaşayan sakinlərlə keçirdiyi görüşdə edilən müraciətlərin həlli istiqamətində görülmüş işlərin nəticəsi ilə maraqlanıb. İcra başçısına məlumat verilib ki, sakinlərin suvarma suyu ilə bağlı qaldırdığı məsələ artıq müsbət həllini tapıb. Eləcə də digər məsələlər də aradan qaldırılıb.
Sakinlərlə səmimi söhbət edən rayon rəhbəri ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən vətəndaşlara göstərilən qayğının hər bir dövlət məmuruna örnək və nümunə olduğunu, onlara göstərilən qayğının bundan sonra da olduğu kimi davam etdiriləcəyini qeyd edib.
Sakinlər millət vəkilinin onların qayğıları ilə maraqlanmasını, sakinləri dinləməsini bu gün də minnətdarlıqla qarşıladıqlarını bildiriblər. Qaldırdıqları məsələyə istər millət vəkili. istər də rayon rəhbərliyi tərəfindən həssaslıqla yanaşılmasını, operativ şəkildə baxılmasını dövlətin vətəndaşlara olan növbəti qayğısı kimi qiymətləndiriblər. Onlara göstərilən qayğıya görə ölkə Prezidentinə, Birinci vitse-prezidentə, rayon rəhbərinə millət vəkilinə təşəkkürlərini çatdırıblar.
Bakı küçəsi
Əliağa Şıxlinski küçəsi
GOYEZEN.AZ
Facebook-da paylaş