İcra başçısı Əliağa Şıxlinski küçəsində vətəndaşların müraciətini dinləyib
Bu gün birmənalı şəkildə tam əminliklə söyləyə bilərik ki, ölkə Prezidenti İlham Əliyevin yürütdüyü dövlət siyasətinin əsasını vətəndaş amili təşkil edir. Son illər ölkə Prezidentinin rəhbərliyi altında həyata keçirilən bütün işlərin, uğurla icra edilən layihələrin təməlində vətəndaş məmnunluğunun təmin edilməsi dayanır. Ölkə başçısının rəhbər vəzifəli şəxsləri qəbul edən zaman dövlət məmurlarına daim vətəndaşlarla təmasda olmaları, bütün kəndləri gəzmələri, kənd camaatı ilə görüşmələri, vətəndaşların ərizə və müraciətlərinə, onları narahat edən problemlərə həssaslıqla yanaşılması barədə aidiyyatı üzrə verdiyi tapşırıq və tövsiyələr isə bir daha onu göstərir ki, ölkəmizdə vətəndaş amili hər zaman əsas götürüləcək.
Ölkə rəhbərinin vətəndaşlara göstərdiyi qayğı Qazaxda da hər zaman ön planda tutulur. Bu, rayon rəhbərinin vətəndaşlara göstərdiyi qayğıda, sakinlərin qaldırdıqları hər bir məsələyə daim həssaslıqla yanaşmasında öz real əksini tapır. Ən əsası da illər öncə əsası qoyulan ənənə bu gün də olduğu kimi davam etdirilir.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun icra aparatının məsul şəxsləri, Rayon Polis Şöbəsinin rəisi Ədalət Əliyevlə birlikdə şəhərin Əliağa Şıxlinski küçəsində bir qrup vətəndaşın müraciətinə yerində baxış keçirməsi onlara olan qayğının bariz nümunəsidir.
Vətəndaşların yaşadıqları küçədə maşınların sürət həddinin aşması, bunun qarşısının alınması üçün işıqforların, müvafiq yol nişanlarının və lazımi təhlükəsizlik tədbirlərinin görülməsi ilə bağlı müraciətlərini dinləyən icra başçısı qaldırılan məsələyə həssaslıqla yanaşılacağını bildirib. Qeyd edilən məsələnin daim nəzarətdə saxlanılmasını və aradan qaldırılmasını qeyd edərək aidiyyatı üzrə lazımi tapşırıqlarını verib.
Vətəndaşlar onlara göstərilən diqqətə, qayğıya, müraciətinə operativ şəkildə baxılmasına görə ölkə Prezidenti İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
GOYEZEN.AZ
Facebook-da paylaş