Birinci Şıxlı kəndində sakinlərin müraciəti öz müsbət həllini tapıb və onlar buna görə minnətdarlıq edirlər
Bu gün müstəqil Azərbaycanımızda ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən işlərin, icra edilən çoxsaylı layihələrin kökündə vətəndaş amili dayanır. Ölkə başçısının rəhbər vəzifəli şəxsləri qəbul edərkən onlarla olan söhbəti zamanı dövlət məmurları haqqında söylədiyi fikirlər, onların vətəndaşlarla daim təmasda olmaları, bütün kəndləri gəzmələri, kənd camaatı ilə görüşmələri, vətəndaşların ərizə və müraciətlərinə, onları narahat edən problemlərə həssaslıqla yanaşılması barədə aidiyyatı üzrə verdiyi tapşırıq və tövsiyələr bir daha onu sübut edir ki, Azərbaycanda vətəndaş amili hər zaman dövlət siyasətinin əsasını təşkil edir.
Dövlət başçısının söylədiyi "Vətəndaşlara hər zaman diqqət və qayğı ilə yanaşılmalıdır” kimi dəyərli fikirləri Qazaxda da öz real əksini tapır. Bunu rayon rəhbərinin vətəndaşlara göstərdiyi diqqət və qayğıdan, sakinlərin qaldırdıqları hər bir məsələyə daim həssaslıqla yanaşmasından da aydın şəkildə görmək olar.
Ötən yazılarımızda rayon rəhbərliyinin Birinci Şıxlı kəndində bir qrup vətəndaşın elektrik xəttinin dəyişdirilməsi ilə bağlı müraciətinə yerində baxış keçirməsi və qaldırılan məsələnin həlli istiqamətində lazımi tapşırıqlar verməsi, görülmüş işlərin nəticəsi ilə bağlı maraqlanması barədə məlumat vermişdik. Artıq sakinlərin elektrik xəttinin dəyişdirilməsi ilə əlaqədar qaldırdıqları məsələ öz müsbət həllini tapıb.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün də növbəti dəfə Birinci Şıxlı kəndində olub və görülmüş işlərin nəticəsi ilə maraqlanıb.
Görülmüş işlər barədə məlumat verən Qazax Elektrik Şəbəkəsinin rəisi Vasif İmamverdiyev 2 ədəd 63 kVA və 160 kVA transformatorların dəyişdirilərək 6 kVt gərginlikli xətdən gərginliyi 10 kVt olan Şıxlı hava xəttinə qoşulduğunu və sakinlərin istəklərinin müsbət həll olunduğunu qeyd edib.
Sakinlərdən Tahir Musayev, Kamil Adıgözəlov, Vaqif Məmmədov onlara göstərilən diqqətə, qayğıya, müraciətlərinə operativ şəkildə baxılmasına, məsələnin müsbət həll olunmasına görə ölkə Prezidenti İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
GOYEZEN.AZ
Facebook-da paylaş