Qazaxda şəhid həkimin doğum günündə adını əbədiləşdirən bulaq-abidə kompleksinin və barelyefinin açılışı olub
2020-ci
ilin 27 sentyabr tarixi Qarabağ adlı haqq savaşımıza çıxdığımız gündür. O gün
ki, yaddaşlara bizi böyük Qələbəyə, Zəfərə aparan yolun başlanğıc tarixi kimi
yazıldı. 44 gün davam edən həmin savaşda şanlı Azərbaycan Ordusu Silahlı
Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında xalqımızın
30 illik yurd həsrətinə son qoyuldu. Uzun illərin ayrılığından sonra işğal
altında qalan torpaqlarımız müzəffər ordumuzun, əsgər və zabitlərimizin
şücaəti, qəhrəmanlığı sayəsində azad edildi. Və 10 noyabr tarixi yaddaşlara
Zəfər Günü kimi həkk olundu. Bu müqəddəs
yolda zabit və əsgərlərimizin bir qismi şəhid, bir qismi isə qazi oldu. Bu gün
26 yaşını qeyd etdiyimiz şəhid tibb xidməti leytenantı Əfəndiyev Adil Qədir oğlu da Vətən müharibəsində Şəhidlik zirvəsinə ucalan
qəhrəman oğullarımızdandır. Avqustun
12-də igid Vətən oğlunun doğum günündə şəhərin mərkəzində, Rayon Mərkəzi
Xəstəxanasının qarşısında adını əbədiləşdirən bulaq-abidə kompleksinin və
yaşadığı evin önündə barelyefinin açılışı
olub. Açılış tədbirində Qazax Rayon İcra Hakimiyyətinin başçısı
Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə
orqanlarının rəhbərləri, "Qazax” Xeyriyyə
İctimai Birliyi İdarə Heyətinin sədri, Əməkdar müəllim İlham Pirməmmədov,
birliyin üzvlərindən Həsrət Pirməmmədov, Zaməddin Ziyadoğlu, TƏBİB-in əməkaşları
Kəmalə Ağayeva, Fatma Sönmeziç, Rəna Hüseynova, Rövşən Tahir, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və
parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun köməkçisi Akif
Əmirov, Rayon Mərkəzi
Xəstəxanasının həkimləri, Rayon Təhsil Şöbəsinin əməkdaşları, məktəb direktorları,
şəhidimizin vaxtilə təhsil aldığı məktəbin müəllim və şagirdləri, "Azərbaycan
Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin
Qazax Rayon Şöbəsinin üzvləri, Birinci Qarabağ və Vətən müharibəsi şəhidlərinin ailələri, şəhidimizin döyüş yoldaşları, tələbə yoldaşları, ailə üzvləri,
yaxınları, doğmaları, rayon ictimaiyyəti iştirak ediblər.
Əvvəlcə igid Vətən oğlunun şəhər qəbiristanlığında yerləşən məzarı ziyarət
edilərək tər qərənfillər düzülüb, ruhuna dua
oxunub, əziz xatirəsi böyük ehtiramla yad edilib. Qəhrəman şəhidimizin
xalqımızın və qazaxlıların qəlbində əbədi yaşayacağı vurğulanıb. Sonra Qazax Rayon Mərkəzi Xəstəxanasının qarşısında şəhdimizin adına
tikilmiş bulaq-abidə kompleksinin açılışını bildirən qırmızı lent kəsilərək
üzərindəki ağ örtük qaldırılıb. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhidimizin məzarı başında və bulağın açılış
mərasimində giriş sözü ilə çıxış edərək Adil Əfəndiyev
kimi oğullarımızın daim qəlblərdə yaşayacağını, Azərbaycan xalqının qüruru,
fəxri olan bütün şəhidlərimizin, o cümlədən də Adilin xatirəsinin daim əziz
tutulacağını bildirib. İcra başçısı 44 günlük savaşda əldə etdiyimiz şanlı
Qələbəyə görə Ali Baş Komandana, şanlı Azərbaycan Ordusuna, şəhidlərimizə,
qazilərimizə borclu olduğumuzu qeyd edib. Rayon rəhbəri Vətən müharibəsində Qazaxın
50 nəfər igid oğlunun Şəhidlik zirvəsinə ucaldığını, həmin oğullarımızın, eləcə
də Adilin təkcə qazaxlıların, doğma el-obasının deyil, bütöv Azərbaycanın
övladları olduğunu, onlarla hər kəsin qürur duyduğunu vurğulayıb.
25 yaşında
Şəhidlik zirvəsinə ucalan qəhrəman şəhidimizin döyüş meydanında göstərdiyi
fədakarlıqdan danışan icra başçısı Adilin qısa ömrünə yüz illərin
qəhrəmanlığını sığdırdığını bildirib. Hər kəsə nümunə olacaq qəhrəmanlığı ilə adını
tarixə yazdırdığını söyləyib. Rayon rəhbəri onun bu şücaətinin dövlətimiz, Ali
Baş Komandan İlham Əliyev tərəfindən də yüksək qiymətləndirildiyini, Adil
Əfəndiyevin ölümündən sonra ölkə başçısının müvafiq Sərəncamlarına əsasən "Vətən uğrunda”, "Şuşanın azad olunmasına görə”,"Hərbi xidmətlərə görə”, "Füzulinin azad olunmasına görə”, "Xocavəndin
azad olunmasına görə” medalları ilə
təltif olunmasını şəhidimizə verilən ən böyük dəyər kimi qiymətləndirib. Rayon rəhbəri şəhidin adına tikilmiş bulaq-abidə kompleksinin inşa
olunaraq sakinlərin istifadəsinə verilməsini şəhidlərimizin adlarının
əbədiləşdirilməsi istiqamətində atılan uğurlu addımlardan biri kimi dəyərləndirib.
Bildirib ki, bu cür bulaqların inşa olunmasında əsas məqsəd şəhidlərimizi yad
etməklə yanaşı, adlarını əbədiləşdirmək və gələcək nəsillərə tanıtmaqdır. Çünki
bulağın suyundan içən hər kəs şəhidin ruhuna dua oxumaqla bərabər, həm də onu
tanımış olur.
"Şəhidlərimizi,
onların ailələrini yad etmək bizim vətəndaşlıq borcumuzdur. Şəhidimizin ailəsi
bizim hər birimizin ailəsi, ailə üzvü, doğmasıdır. Bu gün mən də özümə borc
bildim ki, şəhidimizin xatirəsinə tikilən bu bulağın açılışında iştirak edim” -
deyən icra başçısı şəhidimizin hər zaman hörmət və ehtiramla anılacağını bir
daha dilə gətirib. Respublika Prezidenti İlham Əliyev və Birinci vitse-prezident
Mehriban Əliyeva tərəfindən şəhidlərimizə, şəhid ailələrinə göstərilən
qayğıdan, hörmət və ehtiramdan danışan icra başçısı həmin qayğının Qazaxda da hər
zaman nümunə götürüldüyünü bildirib. Şəhid ailələrinə hər zaman xüsusi qayğı
göstərildiyini, bu sahədə məqsədyönlü işlər görüldüyünü qeyd edib.
Şəhidlərimizə, qazilərimizə, onların ailə üzvlərinə olan qayğının bundan sonra
da yüksək səviyyədə olacağını vurğulayıb. "Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri, Əməkdar
müəllim İlham Pirməmmədov çıxış edərək tədbir iştirakçılarını
salamlayıb, şəhidlərimizə Allahdan rəhmət diləyib, qazilərimizə tez zamanda
şəfa tapmalarını arzulayıb. Öz başlanğıcını 2016-cı ilin Aprel döyüşlərindən,
2020-ci ilin İyul döyüşlərindən götürən 44 günlük Vətən müharibəsindən söz açan
İ.Pirməmmədov həmin müharibədə hər günün xüsusilə hesablandığını, bütün döyüş planlarının
şəxsən ölkə başçısı, Ali Baş Komandan İlham Əliyev tərəfindən icra edildiyini
qeyd edib. Ali Baş Komandanın rəhbərliyi altında şanlı Ordumuzun 44 gün davam
edən savaşda Qələbə qazanacağının, tarixi zəfərin bizim olacağı günün hər kəsə
gün kimi aydın olduğunu söyləyib. 44 günlük Vətən müharibəsində torpaq uğrunda
canından keçən şəhidlərimizin, sağlamlığını itirən qazilərimizin sayəsində
böyük Qələbənin əldə olunduğunu bildirib. Tarixi qalibiyyətimizə görə Ali Baş
Komandana, şəhidlərimizə, qazilərimizə, Adil Əfəndiyev kimi oğullarımıza borclu
olduğumuzu diqqətə çatdırıb. Ölkə Prezidenti İlham Əliyev və Birinci
vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhid ailələrinə, qazilərimizə
göstərilən dövlət qayğısından söz açan İ.Pirməmmədov həmin qayğının Qazaxda da rayon
rəhbərliyi tərəfindən olduğu kimi icra edildiyini qeyd edərək bunu yüksək
qiymətləndirib. Tədbirdə iştirak
edən qonaqlardan TƏBİB-də stasionar tibbi xidmətin təşkili şöbəsinin
müdiri Kəmalə Ağayeva çıxış edərək tədbir iştirakçılarını salamlayıb, rəhbərlik
adından səmimi ürək sözlərini çatdırıb. Vaxtilə Azərbaycan Tibb Universitetində
dərs dediyi igid bir oğulun adına təşkil olunmuş tədbirdə iştirak etdiyi üçün
qürur duyduğunu bildirib. K.Ağayeva istər COVID-19 pandemiyası ilə mübarizədə,
istərsə də 44 günlük Vətən müharibəsində həkimlərimizin böyük fədakarlıq
göstərdiyini qeyd edib. Həkimlərimizin döyüş meydanında göstərdikləri fədakarlıqdan
söz açan K.Ağayeva bunun bariz nümunəsi olaraq doğum gününə toplaşdığımız Adil Əfəndiyevin
döyüş yolunu, göstərdiyi igidliyi, qəhrəmanlığı göstərib. Adilin həkim kimi öz
andına sadiq qalaraq peşəsini layiqincə yerinə yetirdiyini, döyüş meydanında
ondan kömək istəyən yoldaşlarının, hərbçilərimizin həyatını xilas etdiyini
bildirib. Döyüş meydanında qəhrəmancasına şəhid olan Adil tək oğullarla hər birimizin
fəxr etdiyini bildirib. Adil kimi qəhrəman övlad böyütdükləri üçün ata və anası
qarşısında baş əydiyini, şəhidlərimizin ailələrinə borclu olduğumuzu söyləyib.
Qazax Rayon
Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Sevda Məmmədova çıxış edərək həkim şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir diləyib. 25
yaşında gənc həkim kimi vəzifə borcunu layiqincə yerinə yetirərək uca zirvəyə
Şəhidlik zirvəsinə yüksələn Adil Əfəndiyevin göstərdiyi şücaətin bütün
həkimlərimizə, xüsusilə də gənc həkimlərimizə nümunə və örnək olduğunu
bildirib. Adilin qısa bir ömür yaşamasına baxmayaraq, həmin ömrə yüz illərin
işini sığdırdığını, öz igidliyi, qəhrəmanlığı ilə şərəfli bir iz qoyduğunu
vurğulayıb. Adil kimi qəhrəman oğullarımızla hər zaman fəxr etdiyini, onların əziz
xatirələrini daim yaşatmaq üçün səhiyyə işçiləri olaraq bundan sonra da əllərindən
gələni əsirgəməyəcəklərini qeyd edib.
Qazax Rayon
Təhsil Şöbəsinin müdiri Nizaməddin Babanlı çıxış edərək
şəhid həkimimizin əziz xatirəsini ehtiramla yad edib. Şəhidimizin keçdiyi döyüş
yolunun, göstərdiyi qəhrəmanlığın yetişməkdə olan gənc nəsil üçün əsl məktəb, örnək
olduğunu söyləyib. Vətənə, torpağa sevginin öncə ailədən, sonra isə məktəbdən
başladığını qeyd edən N.Babanlı Adilin ziyalı ailəsində vətənpərvər ruhda
böyüdüyünü bildirib. Təhsil işçiləri olaraq şəhidlərimizin xatirəsini daim əziz
tutmağı, gələcək nəsillərə tanıtdırmağı ən ümdə iş bildiklərini qeyd edib.
"Azərbaycan Qarabağ
Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Qazax
Rayon Şöbəsinin sədri Xasay Balayev çıxış edərək 44 günlük Vətən
müharibəsində əldə etdiyimiz şanlı Qələbəni şəhidlərimizin canı, qanı bahasına
qazandığımızı bildirib. Bizə tarixi Qələbəni bəxş edən şəhidlərimizin, onların
ailələrinin qarşısında baş əydiyini söyləyib. Şəhid ailələrinə, qazilərimizə
göstərilən qayğıya görə ölkə başçısına, Birinci vitse-prezidentə, rayon
rəhbərliyinə minnətdarlığını bildirib. Azərbaycan Yazıçılar Birliyi Qazax
zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal çıxış edərək
şəhidlərimizi böyüdən valideynlərin övladları kimi qəhrəman olduqlarını diqqətə
çatdırıb. Bu cür oğullar böyüdən şəhid atalarının, analarının hər birimizin
əzizi, doğması olduğunu söyləyib. Ölkə başçısının tövsiyəsi əsasında şəhid
ailələrinə, qazilərimizə göstərilən qayğının Qazaxda olduğu kimi hiss
edildiyini, həmin diqqət və qayğının rayon rəhbərliyi tərəfindən yüksək
səviyyədə icra olunduğunu qeyd edib. Qəhrəman şəhidimizə yazdığı "Adil bulağı”
adlı şeirini söyləyən B.Vüsal şəhidimizin əziz xatirəsini ehtiramla yad edib. Şəhidmizin vaxtilə
təhsil aldığı Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-liseyin direktoru Tahirə Comərdova çıxış edərək bugünkü günün məktəb kollektivi üçün
həm kədərli, həm də qürurverici bir gün olduğunu qeyd edib. Məktəb kollektivi
olaraq şagirdləri olmuş qəhrəman, igid Adillə hər zaman fəxr edəcəklərini dilə
gətirib. "Adil babasının həbçi olmaq, nənəsinin həkim görmək arzusunu çin
etmişdi. İkisinin arzusunu yerinə yetirərək hərbi həkim olmuşdu”, - deyən
məktəb direktoru onun öz arzusuna çatmaq üçün səylə çalışdığını, hər zaman məktəbdə
nümunəvi şagird olduğunu bildirib. Adilin məktəb illərindən seçildiyini,
Şəhidlik zirvəsinə yüksəlməklə də bunu bir daha sübut etdiyini vurğulayıb. Şəhidimizin ibtidai sinif müəllimi Xatirə
Mustafayeva da şəhid şagirdi haqqında xatirələrini bölüşüb. O, Adilin
Vətən, torpaq sevdalı olduğunu, yalnız bu amal üçün yaşadığını bildirib. Şəhidimizin döyüş yoldaşları adından
çıxış edən kapitan Rəhman Muradov şəhidmizin ailəsinə başsağlığı verərək
bugünükü tədbirdə iştirak etməyi özlərinə borc bildiklərini qeyd edib. Döyüş
yoldaşaları kimi hər zaman Adilin ailəsinin, eləcə də digər şəhid yoldaşlarının
ailələrinin yanında olacaqlarını söyləyib. Ali Baş Komandanın "Dəmir yumruğ”u
ətrafında bundan sonra da birləşməyə, onun "İrəli!” əmrini yerinə yetirməyə
hazır olduqlarını qeyd edib. Vətən müharibəsi şəhidi leytenant Mayis Yaqubovun
atası Rəhim Yaqubov çıxış edərək övladı Mayis, Xüsusi
Təyinatlı Qüvvələrdə onunla bir yerdə xidmət etmiş Adil kimi qəhrəman
oğullarımızla fəxr etdiyini bildirib. Qəhrəman şəhidlərimiz haqqında danışmağın
kədərli olduğu qədər də qürurverici olduğunu qeyd edən şəhid atası
şəhidlərimizin daim qəlblərdə yaşayacaqlarını söyləyib. "Torpaqlarımızın düşmən işğalından
azad olunması, övladımın, eləcə də bütün şəhidlərimizin qisasının alınması ən
böyük təsəllim idi. Adil kimi igid oğullarımızın sayəsində bu gün biz şəhid
analarının arzuları çin oldu. Həmin oğullarımız şəhid qardaşlarının qisaslarını
alaraq torpaqlarımızı yağı düşməndən azad etdilər”, - deyən şəhid
Şahin Süleymanovun anası Tamella Süleymanova bütün şəhidlərimizə borclu
olduğumuzu bildirib.
Şəhid gizir Niyazi Mustafayevin həyat yoldaşı
Kifayət Mustafayeva çıxış edərək şəhidlərimizə
Allahdan rəhmət diləyib. Qəhrəman oğulların anaları, həyat yoldaşları kimi hər
zaman başlarını dik tutduqlarını, qürur duyduqlarını dilə gətirib. Məktəblilər də qəhrəman
şəhidimizə olan ehtiramlarını bildiriblər. Şəhidin yaxın qohumları Qazax şəhər
Səlim Əfəndiyev adına 1 nömrəli tam orta məktəbin VII A sinif şagirdi Selcan Carçıyeva, Qaratel Hacımahmudova
adına şəhər ümumi orta məktəbin VIII A sinif şagirdi Fərid Əliyev, şəhidmizin təhsil
aldığı Mehdi Hüseyn adına
humanitar və təbiət fənləri üzrə məktəb-liseyin VIII sinif şagirdləri Nuray Xasməmmədova, Əzizə Əmiraslanova, IV sinif şagirdi Elgün Comərdli şəhid həkimə həsr olunmuş
şeiri səsləndirərək qəhrəman şəhidimizin xatirəsini yad ediblər. Tibb
xidməti leytenantı Əfəndiyev Adil Qədir oğlu
GOYEZEN.AZ
Şəhid atası Qədir Əfəndiyev şəhid ailəsi kimi hər zaman onlara
göstərilən diqqət və qayğıya görə razılığını ifadə edib və buna görə Prezident,
Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya,
rayon rəhbərliyinə minnətdarlığını bildirib. Övladı Adil və onun kimi igid
Vətən oğulları ilə hər zaman fəxr edəcəyini, qürur duyacağını söyləyib. Bulağın
tikilməsində əsas məqsədin Adil və onun kimi qəhrəman oğullarımızın adını
yaşatmaq, gələcək nəsillərə ötürmək olduğunu qeyd edib. Şəhid
atası sonda bulağın ərsəyə gəlməsində əziyyəti keçən insanlara, açılış
mərasimində iştirak edənlərə ailəsi adından təşəkkürünü çatdırıb.
Şəhid Adil Əfəndiyev 12 avqust 1995-ci ildə Qazax şəhərində anadan
olmuşdur. 2001-ci ildə Qazax şəhər Mehdi Hüseyn adına
humanitar və təbiət fənləri üzrə məktəb-liseyin 1-ci sinfinə daxil olmuş, 2012-ci ildə həmin məktəb-liseyin 11-ci sinfini
bitirmişdir. 2012-ci ildə Azərbaycan Tibb Universitetinə daxil olmuşdur.
2018-ci ildə Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinin "Hərbi
həkim işi” ixtisasını bitirmişdir. Təyinatla Naxçıvan Muxtar Respublikasının
Culfa rayonunda həkim kimi hərbi xidmətə başlamışdır. "N” saylı hərbi hissənin
qərargah və təchizat bölüyünün tibb məntəqəsinin rəisi, tibb xidməti leytenantı
Adil Əfəndiyev 22.10.2020-ci il tarixdə Füzuli-Cəbrayıl-Xocavənd
rayonları istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Qəhrəman şəhidimiz 25.10.2020-ci ildə Qazax şəhər qəbiristanlığında izdihamla dəfn
edilmişdir. Subay idi.
25 yaşında Şəhidlik zirvəsinə yüksələn tibb xidməti leytenantı Adil Əfəndiyevin döyüş
meydanında göstərdiyi igidlik ölkə Prezidenti tərəfindən də yüksək qiymətləndirildi.
O, ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli
Sərəncamına əsasən "Vətən uğrunda” və 29
dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Şuşanın
azad olunmasına görə”, 30 dekabr 2020-ci il tarixli
Sərəncamına əsasən "Hərbi
xidmətlərə görə”, 24 iyun 2021-ci il tarixli Sərəncamlarına əsasən "Füzulinin azad olunmasına görə”, "Xocavəndin
azad olunmasına görə” medalları ilə
təltif olunmuşdur.
44 günlük Vətən müharibəsində Azərbaycanın hərb
tarixinə böyük Qələbəni, Zəfəri qızıl hərflərlə yazdıran igid Vətən oğullarının
xatirələrini əziz tutmaq hər birimizin ən ümdə işidir. Vətən uğrunda canından
keçən bütün şəhidlərimizin, o cümlədən Adil Əfəndiyevin əziz xatirəsini dərin ehtiramla yad edir, ruhu
qarşısında baş əyirik. Ruhu şad, məkanı cənnət olan Şəhidim!.
Facebook-da paylaş