• Təqvim

  • Maraq



SHXÇDX-nin Qazax Rayon Şöbəsinin əməkdaşları Qurban bayramı ərəfəsində Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət ediblər


"Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir”. Bəli, bu şüar ilə müqəddəs bir amal uğrunda döyüşə atılan və düşmənə sinə gərən qeyrətli Qazax övladları çoxdur. Bu rayonun igid, qəhrəman oğulları Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda, istər Birinci Qarabağ müharibəsi zamanı, istərsə də 44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşüblər. Vətən torpaqları tam olsun deyə 338 nəfər Qazaxın igid oğlu canından keçərək Şəhidlik zirvəsinə ucalıb. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Rayonumuzda Vətənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən oğullarımızın xatirəsi hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. İstər rayon rəhbərliyi, istərsə də rayonda fəaliyyət göstərən hər bir təşkilatın rəhbərliyi şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşır. Rayon rəhbəri tərəfindən şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun bariz nümunəsidir. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin daha bir əyani sübutudur. Rayon rəhbərliyinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən Vətən müharibəsi şəhidlərinin xatirəsinə yazılmış "Qanları ilə dastan yazanlar” kitabı, Qazax Tarix-Diyarşünaslıq Muzeyində Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən 338 nəfər qazaxlı şəhidin xatirəsini əbədiləşdirən guşənin yaradılması şəhidlərimizə olan hörmət və ehtiramın göstəricisidir.

Qazaxda Vətən torpaqlarının azadlığı uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bütün əlamətdar günlərdə, bayramlarda da anılır, şəhid ailələri daim diqqət mərkəzində saxlanılır.

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsinin kollektivi də şəhid ailələrini mütəmadi olaraq yad edir, onların gündəlik qayğıları ilə maraqlanır. Şöbə tərəfindən şəhid ailələri ilə keçirilən görüşlər demək olar ki, bir ənənəyə çevrilib. Şöbənin əməkdaşları bütün bayramlarda olduğu kimi, bu dəfə də öz ənənəsinə sadiq qalıb, Qurban bayramında da şəhid ailələrini yad ediblər. Qurban bayramı münasibətilə Qarabağın işğaldan azad olunması uğrunda aparılan Vətən müharibəsində şəhid olmuş Qazax igidlərinin evlərində qonaq olub, müxtəlif ərzaq məhsullarından ibarət bayram sovqatını çatdırıblar.

Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, qazi kapitan Samir Çobanovun, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin könüllülərinin  iştirak etdiyi görüşlərdə şəhidlərimizin müqəddəs amal uğrunda canlarından keçdikləri vurğulanıb, onların əziz xatirəsinin daim qəlbimizdə yaşayacağı qeyd olunub. 44 günlük Vətən müharibəsində Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında tarixi Qələbəni bizlərə bəxş edən hərbçilərimizlə, əsgər və zabitlərimizlə, Vətən uğrunda canından keçən şəhidlərimizlə, sağlamlığını itirən qazilərimizlə hər bir azərbaycanlının fəxr etdiyi söylənilib. Belə vətənpərvər igid övladlar böyütdükləri üçün şəhidlərimizin valideynlərinə minnətdar olduğumuz diqqətə çatdırılıb.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsinin rəisi Tural Məmmədov şəhid ailələri ilə keçirilən görüşlərdə torpaqlarımızın azadlığı uğrunda canından keçən Vətən oğullarının ailələrinə Prezident İlham Əliyev, Biirinci vitse-prezident Mehriban Əliyeva, eləcə də rayon rəhbərliyi tərəfindən göstərilən yüksək diqqət və qayğıdan danışıb. Dövlətimiz tərəfindən göstərilən qayğının hər kəs üçün nümunə olduğunu, bugünkü görüşün də məhz həmin qayğının davamı olduğunu bildirib.

Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər. Dövlətin qayğısını hər zaman hiss etdiklərini, bu cür ziyarətlərin də məhz bu amala xidmət etdiyini vurğulayıblar.

Ölümündən sonra "Vətən uğrunda”, "Şuşanın azad olunmasına görə”, "Füzulinin azad olunmasına görə”, "Cəbrayılın azad olunmasına görə”, "Cəsur döyüşçü” medalları ilə təltif olunmuş, Xanlıqlar kənd sakini, şəhid əsgər Qurbanov Elçin Məcid oğlunun ailəsi


Ölümündən sonra "Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə”, "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Xanlıqlar kənd sakini, şəhid çavuş İsgəndərov Pərvin Pərviz oğlunun ailəsi

 

Ölümündən sonra "Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə”, "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Ağköynək kənd sakini, şəhid çavuş Nəsibov Elməddin Yusif oğlunun ailəsi


Ölümündən sonra "Vətən uğrunda”, "Xocavəndin azad olunmasına görə”, "Cəsur döyüşçü” medalları ilə təltif olunmuş, Qarapapaq kənd sakini, şəhid baş leytenant Nəsibov Xaliddin Vaqif oğlunun ailəsi


Ölümündən sonra "Vətən uğrunda”, "Şuşanın azad olunmasına görə”, "Hərbi xidmətlərə görə”, "Füzulinin azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Qazax şəhər sakini, şəhid tibb xidməti leytenantı Əfəndiyev Adil Qədir oğlunun ailəsi


Ölümündən sonra "Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə”, "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Qazax şəhər sakini, şəhid çavuş Veyisli Xaliddin Zərgər oğlunun ailəsi


Ölümündən sonra "Vətən uğrunda”, "Füzulinin azad olunmasına görə”, "Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif olunmuş, Qazax şəhər sakini, şəhid gizir Orucov Elvin Rövşən oğlunun ailəsi


Ölümündən sonra "Vətən uğrunda”, "Kəlbəcərin azad olunmasına görə”, "Cəsur döyüşçü” medalları ilə təltif olunmuş, Qızılhacılı kənd sakini, şəhid MAHHXHQ əsgər Məmmədov Tural Elxan oğlunun ailəsi

 

Ölümündən sonra "Vətən uğrunda”, "Ağdamın azad olunmasına görə” medalları ilə təltif olunmuş, Qazax şəhər sakini, şəhid əsgər Hüseynov İlqar Yaşar oğlunun ailəsi


Ölümündən sonra "Vətən uğrunda”, "Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Qazax şəhər sakini, şəhid gizir Abdullayev Sərxan Elxan oğlunun ailəsi


GOYEZEN.AZ



Facebook-da paylaş