• Təqvim

  • Maraq



Xocalı soyqırımı qurbanlarının xatirəsi Qazax rayonunda dərin hüznlə anılıb


Bəşər tarixinin ən qanlı cinayətlərindən olan Xocalı faciəsindən 29 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə kütləvi artilleriya zərbələrinin ardınca Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə Xocalını işğal etdilər. İşğalçılar Xocalını darmadağın edərək xüsusi amansızlıqla onun dinc əhalisinin soyqırımını törətdilər. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə yalnız Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş dəhşətli cinayət əməli nəticəsində 613 nəfər dinc azərbaycanlı milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirilib, onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olub. Bu müdhiş soyqırımı zamanı 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 132 uşaq valideynlərindən birini itirib. Bundan başqa, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər girov götürülüb. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi naməlumdur.

İlk dəfə Ulu Öndər Heydər Əliyev tərəfindən siyasi-hüquqi qiymət verilən Xocalı faciəsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülmüş işlər bu gün də davam etdirilir. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə "Xocalıya ədalət!” kampaniyası çərçivəsində görülən işlər ildən-ilə daha da genişlənir. Xocalı soyqırımının dünya miqyasında tanıdılması sahəsində aparılan sistemli işin nəticəsidir ki, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala və Cibuti parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olduğu təsdiq edilib. Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya parlamentləri, eləcə də Amerika Birləşmiş Ştatlarının 20-dən çox ştatının icra və qanunvericilik orqanı Xocalı faciəsini qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləyib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişi ilə hər il Xocalı soyqırımı genişmiqyaslı tədbirlərlə qeyd edilir. 2017-ci ildə Xocalı soyqırımının 25-ci ildönümü də Bakıda növbəti ümumxalq yürüşü ilə yad edilib. Yürüşdə "Dünya Xocalı soyqırımını tanımalıdır!”, "Xocalıya ədalət!”, "Xocalını unutmayın!”, "Rədd olsun erməni faşizmi!”, "Xocalı - XX əsrin soyqırımı”, "Cinayətkarlar cəzasız qalmayacaqlar!” və s. çağırışlar və şüarlar nümayiş etdirilib.

Xocalı soyqırımını törətməkdə düşmənin məqsədi torpaqlarımızı zorla ələ keçirmək olsa da, bu ağır faciə xalqımızı daha da mətinləşdirdi, qəhrəman övladlarımızı Vətən və milli dövlətçiliyimiz naminə qətiyyətli və mütəşəkkil mübarizəyə səfərbər etdi. İllər keçdi. 2020-ci ildə baş verən Vətən müharibəsində müstəqil Azərbaycanın igid, mərd, qəhrəman oğulları 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdı, "dəmir yumruq” qalib gəldi. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, Vətən bütövləşdi. Bununla da xalq öz rəhbərinin ətrafında yumruq kimi birləşərək tarixi hədəflərinə qovuşdu.

XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımı qurbanlarının xatirəsi respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da dərin hüznlə anılıb.

Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar rayonun bütün idarə, müəssisə və təşkilatlarında, təhsil, səhiyyə və mədəniyyət müəssisələrində soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Fevralın 26-da rayonun bütün yaşayış məntəqələrində Azərbaycanın Dövlət Bayraqları endirilib, şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı ziyarət olunub, şəhidlərimizin xatirəsinə ucaldılmış memorial abidə kompleksinin önünə tər qərənfillər düzülüb. Soyqırım qurbanlarının, eləcə də Vətən uğrunda canından keçən bütün şəhidlərimizin ruhuna dua oxunub, əziz xatirələri ehtiramla anılıb.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov aparatın məsul işçiləri və hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə Şəhidlər xiyabanına gələrək memorial önünə tər qərənfillər düzüb, faciə qurbanlarına və şəhidlərimizə olan ehtiramlarını bildiriblər.






Gün ərzində rayon sakinləri, ictimaiyyətin müxtəlif təbəqələrinin nümayəndələri də 26 Fevral – Xocalı faciəsinin 29-cu ildönümü ilə əlaqədar Şəhidlər xiyabanına gələrək memorial önünə tər qərənfillər düzüblər. Qazax şəhərində və rayonun kəndlərində olan məscidlərdə Xocalı soyqırımı qurbanlarının xatirəsinə dualar oxunub.

Bakı vaxtilə saat 17:00-da respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Küçələrdə hərəkət dayandırılıb, səs siqnalları verilib.




GOYEZEN.AZ



Facebook-da paylaş