• Təqvim

  • Unutma

  • Maraq



Qazax Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzi Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirib


Bəşəriyyətə qarşı yönəlmiş ən ağır soyqırımı cinayətlərindən biri olan Xocalı soyqırımından 28 il ötür. Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi respublikamızın hər yerində olduğu kimi, Qazaxda da silsilə anım tədbirləri ilə anılıb.

Xocalı faciəsinə həsr olunmuş növbəti anım tədbiriQazax Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən "Xocalı səni unutmuruq” başlığı altında təşkil olunub.

S.Əfəndiyev adına şəhər 1 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə Mərkəzin dərnək rəhbərləri və üzvləri iştirak ediblər.

Əvvəlcə Xocalı şəhidlərinin, eləcə də Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canından keçmiş bütün Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 35 nəfər dərnək üzvünün hazırladığı əl işi nümayiş etdirilib.


Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Gövhər Rəhimova çıxış edərək bildirib ki, Xocalı soyqırımı tariximizin və XX əsrin ən faciəli hadisələrindəndir. 1992-ci ilin o müdhiş fevral gecəsi Ermənistan silahlı birləşmələri Sovet İttifaqı ordusundan qalmış 366-cı alayın köməyi ilə Xocalı sakinlərinə qarşı dəhşətli soyqırımı aktı törədiblər. Dinc, silahsız xocalılara bir gecənin içində amansız divan tutulub. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilən kütləvi qırğın nəticəsində 106-sı qadın, 63-ü uşaq, 70-i qoca olmaqla 613 nəfər amansızlıqla qətlə yetirilib, 487 nəfər şikəst olub, 1275 dinc sakin girov götürülüb, 155 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 132 uşaq isə valideynlərindən birini itirib. G.Rəhimova vurğulayıb ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bu qanlı faciəyə siyasi-hüquqi qiymət verilib. Ulu Öndərin təşəbbüsü ilə Milli Məclis fevralın 26-sı tarixini Xocalı Soyqırımı Günü elan edib. Həmçinin Xocalı faciəsinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində mühüm işlər görülüb. Bildirib ki, Xocalı həqiqətlərinin dünyaya çatdırılması, qətliama obyektiv qiymət verilməsi istiqamətində Heydər Əliyev Fondunun gördüyü işləri xüsusi minnətdarlıq hissi ilə qeyd etmək lazımdır. Məhz Fondun gərgin fəaliyyəti nəticəsində əvvəlki illərdən fərqli olaraq indi dünya ölkələri erməni qəsbkarlarının törətdiyi insanlığa sığmayan Xocalı soyqırımı haqqında daha dolğun məlumatlandırılır. Bir sıra dövlətlər, beynəlxalq təşkilatlar, eyni zamanda nüfuzlu qurumlar bəşəriyyətə qarşı yönəldilmiş bu cinayətin əsl mahiyyətini anlayaraq qətliamı kəskin şəkildə pisləyir. Məhz Fondun xidmətləri sayəsində dünyanın 15-dən çox ölkəsinin parlamenti və ABŞ-ın 20-dən artıq ştatının qanunverici orqanı tərəfindən Xocalı soyqırımı tanınıb.

Sonra söz mərkəzin dərnək üzvlərinə verilib. Üzvlərdən Dilrubə Yusifova, Nigar Yusifova, Ayan Nəbili, Nəzrin Nəbiyeva, Nəzrin Qurbanova, Nərgiz Səttarova, Qurban Əmrahlı, Söylü Əfəndiyeva, Diləfrüz Hüseynova, Nuray Hacıyeva, Minəxanım İsmayılova tərəfindən "Əsgərana gedən yol” adlı ədəbi-bədii kompozisiya nümayiş olunub. "Xocalının körpə qurbanları” adlı ədəbi-bədii kompozisiyanı təqdim edən Fidan Bayramovanın, Gülçin Hüseynovanın, Təhminə İsmayılovanın, Fəridə Rzayevanın, Akif Mustafayevin çıxışları da maraqla qarşılanıb. Dərnək üzvlərindən Məryəm Əliyeva, Xədicə Əliyeva, Mələk Hüseynova, Xədicə İsmayılova, Roza Kərimli, Fatimə Kərimova, Rəna Kərimova, Ləman Qocayeva, Günel Məmmədova, Yusif Pənahov, Nərmin Tatlıyeva isə "Xocalı harayı” adlı ədəbi-bədii kompozisiya ilə çıxış ediblər. Məktəblilər səsləndirdikləri şeirlərlə şəhidlərimizə olan ehtiramlarını bir daha bildiriblər.







 

GOYEZEN.AZ



Facebook-da paylaş