Qazaxda daha bir Vətən müharibəsi şəhidinin övladının ad günü qeyd olunub
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş
Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu ötən il sentyabrın
27-dən başlayan və 44 gün davam edən Vətən müharibəsində şanlı Qələbə qazandı.
Bu, o Vətən müharibəsi oldu ki, Azərbaycan torpaqlarının hər qarışının azad
edilməsi uğrunda gedən döyüşlər, qüdrətli ordumuzun şanlı tarix yazaraq düşmən
üzərindəki sarsıdıcı zərbələri, eləcə də işğal altında olan şəhərlərimizin,
yaşayış məntəqələrimizin, həmçinin müxtəlif istiqamətlərdə strateji yüksəkliklərin
işğalçılardan azad edilməsi ilə nəticələndi. Əldə etdiyimiz şanlı Qələbə həm də
tarixi ədalətin bərpası oldu. Rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitləri,
hərbçiləri döyüş meydanında göstərdikləri şücaətlə düşmənə layiqli yerini göstərməklə
yanaşı, dövlətimizin və ordumuzun gücünü, qüdrətini də bütün dünyaya bir daha nümayiş
etdirdi. Şəhid (MAHHXHQ) əsgər Orucov
Elşən Ehtiram oğlu da 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərərək Şəhidlik adlı
uca zirvəyə yüksələn igid oğullarımızdandır. Bu gün igid Vətən oğlunun övladı Ehtiram
Orucovun 8 yaşı tamam olur.
Ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci
vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, Qarabağ
müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri diqqət və qayğını əldə
rəhbər tutan Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşov Vətən
müharibəsinin şəhidi Elşən Orucovun övladının doğum gününü də unutmadı. Bu gün
8 yaşını qeyd edən Ehtiram balamızı tək qoymadı, öz ənənəsinə sadiq qalaraq şəhid
övladının ad gününü təbrik etdi.
Rayon rəhbərliyinin tapşırığına əsasənQazax Rayon İcra
Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova, RİH başçısı aparatında
yeni yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin
müdiri qazi kapitan Samir Çobanov Xanlıqlar kəndində şəhidimizin evində olub,övladının doğum gününü ailə üzvləri ilə birlikdə qeyd
ediblər. Şəhidimizin ilk övladı olan Ehtiram balamıza hədiyyələrini təqdim
edib, rayon rəhbərliyinin adından səmimi ürək sözlərini və təbriklərini
çatdırıblar. Vətən uğrunda canından keçən şəhidimizə Allahdan rəhmət,
ailəsinə səbir diləyib, igid qəhrəmanımızın əziz xatirəsini dərin
ehtiramla yad ediblər.
Qazax
Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi
və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük
Vətən müharibəsində qüdrətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədə
payı olan Elşən Orucov kimi oğullarımızın daim qəlblərdə yaşayacağını bildirib.
Bu gün şəhidlərimizlə, qazilərimizlə hər birimizin fəxr etdiyini, Azərbaycan
xalqı var olduqca şəhidlərimizin də var olacağını qeyd edib. Dövlətimiz, ölkə
başçısı, eləcə də rayon rəhbərliyi tərəfindən şəhidimizin ailəsinə göstərilən
diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini söyləyib.
Qazax RİH başçısı aparatında yeni yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin
müdiri qazi kapitan Samir Çobanov şəhidimizin övladını təbrik edərək onun hər birimizin övladı olduğunu
bildirib. İgid Vətən oğlunun döyüş meydanında göstərdiyi igidlikdən söz açan
qazimiz övladının da atasının adına layiq oğul olmasını tövsiyə edib. Bu gün Elşən
Orucovla təkcə qazaxlıların deyil, bütöv Azərbaycanın fəxr etdiyini, qürur
duyduğunu söyləyib. Fəxr yerimiz olan şəhidlərimizin ailələrinə, övladlarına sahib
çıxmağın hər birimizin borcu və vəzifəsi olduğunu vurğulayıb. Ölkə başçısının
müvafiq Fərmanı ilə rəhbəri olduğu yeni yaradılan şöbədə də şəhidlərimizin,
qazilərimizin qayğılarının öyrənilməsinə, onları narahat edən məsələlərin həllinə
həssaslıqla yanaşılacağını qeyd edib.
Şəhidimizin
həyat yoldaşı Tulzala Yusubova şəhid ailəsi kimi hər zaman onlara göstərilən
diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident
Mehriban Əliyevaya və rayon rəhbərliyinə minnətdarlığını bildirib. Övladının
doğum günündə onu tək qoymadıqları və təbrik etdikləri üçün rayon rəhbərliyinə
razılığını ifadə edib. Ömür-gün yoldaşının xatirəsinin əziz tutulmasını, ailəsinə
sahib çıxılmasını, daim yad olunmasını Elşənin timsalında bütün şəhid ailələrinə
olan hörmət və ehtiramın, qayğının bariz nümunəsi kimi qiymətləndirib. Şəhidimizin anası Dürdanə Orucova rəhbər təyin olunduğu ilk
gündən şəhidlərimizə və onların ailələrinə daim qayğı ilə yanaşan, əlamətdar
günlərdə, şəhidlərimizin doğum və anım günlərində ailələrini və məzarlarını ziyarət
edən rayon rəhbərliyinə təşəkkürünü çatdırıb. Bu gün nəvəsinin ad gününü təbrik
etməsini şəhid ailələrinə və oğlu Elşənin ailəsinə göstərilən növbəti qayğı
kimi qeyd edib. Orucov Elşən Ehtiram oğlu Şəhid Elşən Orucov 6 avqust 1991-ci ildə Qazax rayonunun
Xanlıqlar kəndində anadan olmuşdur. 1997-ci ildə Qazax rayon Şəmistan Şahvələdov
adına Xanlıqlar kənd tam orta məktəbin 1-ci sinfinə daxil olmuş, 2008-ci ildə həmin
məktəbin 11-ci sinfini bitirmişdir. 2009-cu ildə Azərbaycan
Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax
Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılmış, 2011-ci
ildə hərbi xidmətdən tərxis
olunmuşdur. 2011-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin "N” saylı hərbi
hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ)
kimi xidmət etməyə başlamışdır. "N” saylı hərbi hissəsinin
2-ci taborunun tank tağımının baş sürücü mexaniki idi. Elşən Orucov hərb sahəsinə gəldiyi ilk gündən nümunəvi xidmət
göstərmiş, ona görə də xidmətə başladığı vaxtdan iki il keçməmiş (24.06.2013) "Azərbaycan
Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı ilə
təltif olunmuşdur. 26 iyun 2018-ci il isə sinəsinə "Azərbaycan Silahlı Qüvvələrinin 100
illiyi (1918-2018)" yubiley medalı taxılmışdır. Bu təltiflərə Elşən Orucov qüsursuz xidməti,
nümunəvi olması və verilən tapşırıqları vaxtlı-vaxtında yerinə yetirməsi sayəsində
layiq görülmüşdür. Elşən Orucov 04.11.2020-ci il tarixdə Füzuli rayonu
istiqamətində torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid
olmuşdur. 6 noyabr 2020-ci ildə doğulduğu Qazax rayonunun Xanlıqlar kənd qəbiristanlığında
izdihamla dəfn edilmişdir. Ailəliydi. İki azyaşlı - Ehtiram adlı oğul, Ayla adlı qız
övladı yadigar qalıb. GOYEZEN.AZ
İgid Vətən
oğlunun döyüş meydanında göstərdiyi qəhrəmanlıq Ali Baş Komandan İlham Əliyev
tərəfindən də yüksək qiymətləndirildi. Şəhid Elşən Orucov ölümündən sonra cənab
Prezidentin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda” və 24 dekabr 2020-ci il tarixli Sərəncamına
əsasən "Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Facebook-da paylaş