Əsas Səhifə > Manşet / Şəhidlər > Qazaxda daha bir Vətən müharibəsi şəhidinin övladının ad günü qeyd olunub
Qazaxda daha bir Vətən müharibəsi şəhidinin övladının ad günü qeyd olunub22-02-2021, 20:40 |
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu ötən il sentyabrın 27-dən başlayan və 44 gün davam edən Vətən müharibəsində şanlı Qələbə qazandı. Bu, o Vətən müharibəsi oldu ki, Azərbaycan torpaqlarının hər qarışının azad edilməsi uğrunda gedən döyüşlər, qüdrətli ordumuzun şanlı tarix yazaraq düşmən üzərindəki sarsıdıcı zərbələri, eləcə də işğal altında olan şəhərlərimizin, yaşayış məntəqələrimizin, həmçinin müxtəlif istiqamətlərdə strateji yüksəkliklərin işğalçılardan azad edilməsi ilə nəticələndi. Əldə etdiyimiz şanlı Qələbə həm də tarixi ədalətin bərpası oldu. Rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri döyüş meydanında göstərdikləri şücaətlə düşmənə layiqli yerini göstərməklə yanaşı, dövlətimizin və ordumuzun gücünü, qüdrətini də bütün dünyaya bir daha nümayiş etdirdi. Şəhid (MAHHXHQ) əsgər Orucov Elşən Ehtiram oğlu da 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərərək Şəhidlik adlı uca zirvəyə yüksələn igid oğullarımızdandır. Bu gün igid Vətən oğlunun övladı Ehtiram Orucovun 8 yaşı tamam olur.
Ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri diqqət və qayğını əldə rəhbər tutan Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Vətən müharibəsinin şəhidi Elşən Orucovun övladının doğum gününü də unutmadı. Bu gün 8 yaşını qeyd edən Ehtiram balamızı tək qoymadı, öz ənənəsinə sadiq qalaraq şəhid övladının ad gününü təbrik etdi.
Rayon rəhbərliyinin tapşırığına əsasənQazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova, RİH başçısı aparatında yeni yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri qazi kapitan Samir Çobanov Xanlıqlar kəndində şəhidimizin evində olub,övladının doğum gününü ailə üzvləri ilə birlikdə qeyd ediblər. Şəhidimizin ilk övladı olan Ehtiram balamıza hədiyyələrini təqdim edib, rayon rəhbərliyinin adından səmimi ürək sözlərini və təbriklərini çatdırıblar. Vətən uğrunda canından keçən şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir diləyib, igid qəhrəmanımızın əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qüdrətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədə payı olan Elşən Orucov kimi oğullarımızın daim qəlblərdə yaşayacağını bildirib. Bu gün şəhidlərimizlə, qazilərimizlə hər birimizin fəxr etdiyini, Azərbaycan xalqı var olduqca şəhidlərimizin də var olacağını qeyd edib. Dövlətimiz, ölkə başçısı, eləcə də rayon rəhbərliyi tərəfindən şəhidimizin ailəsinə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini söyləyib.
Qazax RİH başçısı aparatında yeni yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri qazi kapitan Samir Çobanov şəhidimizin övladını təbrik edərək onun hər birimizin övladı olduğunu bildirib. İgid Vətən oğlunun döyüş meydanında göstərdiyi igidlikdən söz açan qazimiz övladının da atasının adına layiq oğul olmasını tövsiyə edib. Bu gün Elşən Orucovla təkcə qazaxlıların deyil, bütöv Azərbaycanın fəxr etdiyini, qürur duyduğunu söyləyib. Fəxr yerimiz olan şəhidlərimizin ailələrinə, övladlarına sahib çıxmağın hər birimizin borcu və vəzifəsi olduğunu vurğulayıb. Ölkə başçısının müvafiq Fərmanı ilə rəhbəri olduğu yeni yaradılan şöbədə də şəhidlərimizin, qazilərimizin qayğılarının öyrənilməsinə, onları narahat edən məsələlərin həllinə həssaslıqla yanaşılacağını qeyd edib.
Şəhidimizin həyat yoldaşı Tulzala Yusubova şəhid ailəsi kimi hər zaman onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və rayon rəhbərliyinə minnətdarlığını bildirib. Övladının doğum günündə onu tək qoymadıqları və təbrik etdikləri üçün rayon rəhbərliyinə razılığını ifadə edib. Ömür-gün yoldaşının xatirəsinin əziz tutulmasını, ailəsinə sahib çıxılmasını, daim yad olunmasını Elşənin timsalında bütün şəhid ailələrinə olan hörmət və ehtiramın, qayğının bariz nümunəsi kimi qiymətləndirib. Şəhidimizin anası Dürdanə Orucova rəhbər təyin olunduğu ilk gündən şəhidlərimizə və onların ailələrinə daim qayğı ilə yanaşan, əlamətdar günlərdə, şəhidlərimizin doğum və anım günlərində ailələrini və məzarlarını ziyarət edən rayon rəhbərliyinə təşəkkürünü çatdırıb. Bu gün nəvəsinin ad gününü təbrik etməsini şəhid ailələrinə və oğlu Elşənin ailəsinə göstərilən növbəti qayğı kimi qeyd edib.
Orucov Elşən Ehtiram oğlu
Şəhid Elşən Orucov 6 avqust 1991-ci ildə Qazax rayonunun Xanlıqlar kəndində anadan olmuşdur. 1997-ci ildə Qazax rayon Şəmistan Şahvələdov adına Xanlıqlar kənd tam orta məktəbin 1-ci sinfinə daxil olmuş, 2008-ci ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. 2009-cu ildə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılmış, 2011-ci ildə hərbi xidmətdən tərxis olunmuşdur. 2011-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin "N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmət etməyə başlamışdır. "N” saylı hərbi hissəsinin 2-ci taborunun tank tağımının baş sürücü mexaniki idi. Elşən Orucov hərb sahəsinə gəldiyi ilk gündən nümunəvi xidmət göstərmiş, ona görə də xidmətə başladığı vaxtdan iki il keçməmiş (24.06.2013) "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı ilə təltif olunmuşdur. 26 iyun 2018-ci il isə sinəsinə "Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)" yubiley medalı taxılmışdır. Bu təltiflərə Elşən Orucov qüsursuz xidməti, nümunəvi olması və verilən tapşırıqları vaxtlı-vaxtında yerinə yetirməsi sayəsində layiq görülmüşdür. Elşən Orucov 04.11.2020-ci il tarixdə Füzuli rayonu istiqamətində torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 6 noyabr 2020-ci ildə doğulduğu Qazax rayonunun Xanlıqlar kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Ailəliydi. İki azyaşlı - Ehtiram adlı oğul, Ayla adlı qız övladı yadigar qalıb.
İgid Vətən oğlunun döyüş meydanında göstərdiyi qəhrəmanlıq Ali Baş Komandan İlham Əliyev tərəfindən də yüksək qiymətləndirildi. Şəhid Elşən Orucov ölümündən sonra cənab Prezidentin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda” və 24 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.GOYEZEN.AZ Geri qayıt |