• Təqvim

  • Maraq



Qazax RİH-də yeni yaradılan “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi”nin ilk iclası keçirilib


Ötən yazımızda da qeyd etdiyimiz kimi, ölkə Prezidenti cənab İlham Əliyevin "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin imzaladığı 7 yanvar 2021-ci il tarixli Fərmanına əsasən Qazax Rayon İcra Hakimiyyətində "Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi” yaradılıb.
Şöbənin müdiri vəzifəsinə Vətən müharibəsinin iştirakçısı, şərəfli döyüş yolu keçmiş, ölkə Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən 3-cü dərəcəli "Rəşadət” ordeni 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuş qazi kapitan Çobanov Samir Natik oğlu təyin edilib.
 
Yeni fəaliyyətə başlayan şöbənin artıq ilk iclası keçirilib. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun və icra aparatının məsul şəxslərinin, "Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin, "Qazax Müalicə Diaqnostika Mərkəzi” Publik Hüquqi Şəxsin, Qazax Rayonlararası Psixiatriya Xəstəxanasının, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 20 saylı Regional Ərazi Filialının Qazax Rayon Qəbul Şöbəsinin, Dövlət Məşğulluq Agentliyi 22 saylı Ərazi Məşğulluq Mərkəzi filialının, Qazax Rayon Qeydiyyat Şöbəsinin rəhbərlərinin iştirakı ilə keçirilən iclasda şöbənin yaradılmasından əvvəl rayonda Vətən müharibəsinin şəhidləri, eləcə də bütün şəhidlərimizlə bağlı görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə edilib. Bu günə kimi görülmüş işlərin bundan sonra da uğurla davam etdiriləcəyi qeyd edilib. Şəhid ailələrinə, qazilərimizə, eləcə də Vətən müharibəsinin iştirakçılarına diqqət və qayğı ilə yanaşmağın hər bir vətəndaşın borcu olduğu vurğulanıb.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov yeni yaradılmış şöbəyə müdir təyin edilmiş Samir Çobanovu təbrik edib, səmimi ürək sözlərini çatdırıb və uğurlar arzulayıb.
 
Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbədən, böyük Zəfərdən söz açan icra başçısı buna görə şəhidlərimizə və Vətən uğrunda sağlamlığını itirən qazilərimizə minnətdar olduğumuzu bildirib. Dövlət və ölkə başçısı tərəfindən şəhid ailələrinə, qazilərimizə göstərilən qayğıdan danışan rayon rəhbəri yeni yaradılan şöbənin də məhz onların sosial rifah halının yaxşılaşdırılmasına, qayğılarının müsbət həllini tapmasına xidmət edəcəyini qeyd edib. İcra başçısı rayonda şəhid ailələrinə və qazilərə göstərilən qayğının bundan sonra da yüksək səviyyədə olacağını vurğulayıb. Yeni yaradılmış şöbənin bu istiqamətdə görülmüş işlərə öz töhfəsini verəcəyini söyləyib.
Ona göstərilən etimada görə ölkə Prezidentinə və rayon rəhbərliyinə minnətdarlığını bildirən qazi Samir Çobanov yeni yaradılan şöbəyə müdir vəzifəsinə təyin edilməsini özünün timsalında qazilərimizə göstərilən qayğı kimi qiymətləndirib. Döyüş meydanında olduğu kimi, çalışdığı sahədə də öz işində məsuliyyətlə çalışacağını, şəhid ailələrinin, qazilərin, Vətən müharibəsi iştirakçılarının qaldırdıqları hər bir məsələyə həssaslıqla yanaşacağını bildirib.
GOYEZEN.AZ



Facebook-da paylaş