Ötən yazımızda da qeyd etdiyimiz kimi, ölkə Prezidenti cənab İlham
Əliyevin "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə”
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanında
dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin imzaladığı 7
yanvar 2021-ci il tarixli Fərmanına əsasən Qazax Rayon İcra Hakimiyyətində "Vətən
müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi” yaradılıb.
Şöbənin müdiri vəzifəsinə Vətən müharibəsinin iştirakçısı, şərəfli döyüş
yolu keçmiş, ölkə Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamına
əsasən 3-cü dərəcəli
"Rəşadət” ordeni və 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin
azad olunmasına görə” medalı ilə təltif
olunmuş qazi kapitan Çobanov
Samir Natik oğlu təyin
edilib.
Yeni
fəaliyyətə başlayan şöbənin artıq ilk iclası keçirilib. Qazax Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşovun və icra aparatının məsul şəxslərinin, "Qazax Rayon Mərkəzi
Xəstəxanası” Publik Hüquqi Şəxsin, "Qazax Müalicə Diaqnostika Mərkəzi” Publik Hüquqi
Şəxsin, Qazax Rayonlararası Psixiatriya Xəstəxanasının, Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 20 saylı Regional Ərazi
Filialının Qazax Rayon Qəbul Şöbəsinin, Dövlət
Məşğulluq Agentliyi 22
saylı Ərazi Məşğulluq Mərkəzi filialının, Qazax
Rayon Qeydiyyat Şöbəsinin rəhbərlərinin iştirakı ilə keçirilən iclasda şöbənin
yaradılmasından əvvəl rayonda Vətən müharibəsinin şəhidləri, eləcə də bütün
şəhidlərimizlə bağlı görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə edilib.
Bu günə kimi görülmüş işlərin bundan sonra da uğurla davam etdiriləcəyi qeyd
edilib. Şəhid ailələrinə, qazilərimizə, eləcə də Vətən müharibəsinin
iştirakçılarına diqqət və qayğı ilə yanaşmağın hər bir vətəndaşın borcu olduğu
vurğulanıb.
Qazax
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov yeni
yaradılmış şöbəyə müdir təyin edilmiş Samir Çobanovu təbrik edib, səmimi ürək
sözlərini çatdırıb və uğurlar arzulayıb.
Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi
altında şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı
tarixi Qələbədən, böyük Zəfərdən söz açan icra başçısı buna görə şəhidlərimizə
və Vətən uğrunda sağlamlığını itirən qazilərimizə minnətdar olduğumuzu
bildirib. Dövlət və ölkə başçısı tərəfindən şəhid ailələrinə, qazilərimizə göstərilən
qayğıdan danışan rayon rəhbəri yeni yaradılan şöbənin də məhz onların sosial
rifah halının yaxşılaşdırılmasına, qayğılarının müsbət həllini tapmasına xidmət
edəcəyini qeyd edib. İcra başçısı rayonda şəhid ailələrinə və qazilərə göstərilən
qayğının bundan sonra da yüksək səviyyədə olacağını vurğulayıb. Yeni yaradılmış
şöbənin bu istiqamətdə görülmüş işlərə öz töhfəsini verəcəyini söyləyib.
Ona göstərilən etimada görə ölkə
Prezidentinə və rayon rəhbərliyinə minnətdarlığını bildirən qazi Samir Çobanov
yeni yaradılan şöbəyə müdir vəzifəsinə təyin edilməsini özünün timsalında qazilərimizə
göstərilən qayğı kimi qiymətləndirib. Döyüş meydanında olduğu kimi, çalışdığı
sahədə də öz işində məsuliyyətlə çalışacağını, şəhid ailələrinin, qazilərin, Vətən
müharibəsi iştirakçılarının qaldırdıqları hər bir məsələyə həssaslıqla yanaşacağını
bildirib.
GOYEZEN.AZ
Geri qayıt
|