Qazaxda 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad edilib
1990-cı ilin 20 Yanvarı Azərbaycan xalqının
tarixinin ən faciəli, qara səhifəsi, həm də qəhrəmanlıq, rəşadət səhifəsi kimi
yaddaşlara həkk olunub. Ulu öndər Heydər Əliyev vaxtilə 20 Yanvar hadisələrini
belə səciyyələndirirdi. Böyük uzaqgörənliklə deyirdi ki, biz o günlərdən nə
qədər çox uzaqlaşsaq, həmin günlərin Azərbaycan xalqının tarixində necə mühüm
yer tutduğunu bir o qədər dərk edəcəyik və bəlkə də gələcək nəsillər buna daha
doğru, daha düzgün qiymət verəcəklər. Ancaq bir şey həqiqətdir ki, 1990-cı ilin
20 Yanvarı Azərbaycan xalqının həyatında dönüş mərhələsi, dönüş nöqtəsi olub. Həmin faciəli günlərdən 31 il ötür. Ulu öndərimizin
dediyi kimi, 20 Yanvarın tariximizdə tutduğu yeri bu gün daha aydın görürük.
1990-cı il yanvarın 20-də Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda
ilk şəhidlərini verdi. Azadlığa gedən yolda həyatlarını qurban verən Vətən
övladları misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə yeni parlaq
səhifə yazdılar. Xalqın birliyi və milli ləyaqət hissi top-tüfəngə qalib gəldi
və bu, 20 Yanvarı səciyyələndirən ən mühüm məqamlardan biridir. Bakı ətrafında yerləşdirilmiş ordu birləşmələri
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə heç bir xəbərdarlıq edilmədən beş
istiqamətdən şəhərə girdi. Tanklar və zirehli maşınlar qarşılarına çıxan
avtomobilləri, insanları əzib keçir, əsgərlər hər kəsə atəş açırdılar. Həmin
gecə və sonrakı bir neçə gündə Bakıda, Neftçala və Lənkəranda 131 nəfər qətlə
yetirildi, 744 nəfər yaralandı, 841 nəfər həbs olundu. Faciədən dərhal sonra – 1990-cı il
yanvarın 21-də ümummilli lider Heydər Əliyev ailə üzvləri ilə birlikdə Azərbaycanın
Moskvadakı daimi nümayəndəliyinə gələrək doğma xalqı ilə həmrəy olduğunu
nümayiş etdirib, SSRİ rəhbərliyinin törətdiyi bu qanlı əməliyyata kəskin
etirazını bildirib və həmin əməliyyata rəhbərlik edənləri ifşa edib: "...Azərbaycanda
baş vermiş hadisələri mən hüquqa, demokratiyaya, humanizmə və hüquqi dövlət
quruculuğu prinsiplərinə zidd hesab edirəm... Dağlıq Qarabağ hadisələrinin
ilkin mərhələsində ölkənin ali partiya siyasi rəhbərliyi tərəfindən vaxtında zəruri
tədbirlər görülsə idi, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə çoxlu insan
qırğını ilə nəticələnən hərbi müdaxilə üçün zəmin də yaranmazdı... Qırğın törədənlərin
hamısı layiqincə cəzalandırılmalıdır!”. Elə həmin il noyabrın 20-də Naxçıvan
Muxtar Respublikası Ali Məclisinin sessiyasında ulu öndər Heydər Əliyev Yanvar
faciəsini Azərbaycan xalqının suveren hüquqlarına qəsd kimi qiymətləndirib: "Mən
belə hesab edirəm ki, 19-20 yanvarda baş vermiş bu faciə həm Sovet İttifaqının
siyasi rəhbərliyinin, şəxsən Qorbaçovun böyük günahının nəticəsidir, onun
diktatorluq meyillərindən əmələ gəlmiş bir haldır və eyni zamanda, Azərbaycan rəhbərlərinin
xalqa xəyanəti və cinayətinin nəticəsidir. Mən belə fikirdəyəm ki, Böyük Vətən
Müharibəsi qurtarandan sonra Sovet İttifaqında, ölkənin daxilində — heç bir
yerdə, heç bir regionda bu qədər, bu miqyasda qanlı qırğın olmamışdır. Bunu da
edib Sovet ordusu. Və bunun nə qədər böyük miqyasda olmağını onunla da ölçmək
olar ki, bu hərbi aksiyanın həyata keçirilməsi üçün SSRİ müdafiə naziri Yazov,
SSRİ daxili işlər naziri Bakatin vaxtından qabaq gəlib, Bakıda oturub, bu əməliyyatlara
rəhbərlik ediblər. Müharibə vaxtı hərbi nazir az-az cəbhəyə gedirdi, ancaq
görün bu hərbi əməliyyata bunlar nə qədər böyük fikir veriblər, bunun miqyası nə
qədər böyük olub ki, marşal Yazov gəlib Bakıda oturub və bu əməliyyata rəhbərlik
edib. Demək, bu, Azərbaycan xalqına qarşı göstərilən hərbi təcavüzdür, təhqirdir,
Azərbaycan xalqının qarşısında cinayətdir”. 1993-cü ilin ikinci yarısında ümummilli
lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə 1990-cı ilin qanlı Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilib. 1994-cü il martın 29-da
dahi şəxsiyyət Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsi ali
qanunvericilik orqanı – Milli Məclis səviyyəsində ilk dəfə siyasi-hüquqi qiymətini
aldı. Milli Məclisin həmin qərarında deyilir: "Azərbaycanda vüsət tapmış milli
azadlıq hərəkatını boğmaq, demokratik və suveren bir dövlət yaratmaq amalı ilə
ayağa qalxan xalqın inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq və belə
bir yola qədəm qoyan hər hansı xalqa sovet hərb maşınının gücünü nümayiş etdirmək
məqsədilə 1990-cı il yanvarın 20-də Sovet Silahlı Qüvvələrinin Bakı şəhərinə və
respublikanın bir neçə rayonuna yeridilməsi, nəticədə haqq və ədalətin müdafiəsi
naminə küçələrə çıxmış silahsız adamların qəddarcasına qətlə yetirilməsi Azərbaycan
xalqına qarşı totalitar kommunist rejimi tərəfindən hərbi təcavüz və cinayət
kimi qiymətləndirilsin”. Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin
xatirəsini hər zaman əziz tutur. Hər il faciənin ildönümü izdihamlı ziyarətlərlə
müşayiət edilir, xalq istiqlal fədailərinin məzarlarına faciənin simvoluna
çevrilmiş al qərənfillər düzür, onları qürurla anır, qatillərini lənətləyir, bu
faciəni törədənlərə dərin nifrətini bildirir. Hər il yanvarın 20-də Bakı vaxtı
ilə saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi
bir dəqiqəlik sükutla yad olunur, gəmilərdən, avtomobillərdən və qatarlardan səs
siqnalları verilir, hüzn əlaməti olaraq dövlət bayraqları endirilir. Respublikamızın hər
yerində olduğu kimi, Qazaxda da 20 Yanvar faciəsinin 31-ci
ildönümü qeyd edilib. Rayonda hüzn əlaməti olaraq dövlət
bayraqları endirilib. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı ziyarət olunub, şəhidlərimizin
xatirəsinə ucaldılmış memorial abidə kompleksinin önünə tər qərənfillər düzülüb.
Vətən uğrunda canından keçən bütün şəhidlərimizin ruhuna dua oxunub, əziz xatirələri
ehtiramla anılıb. Qazax Rayon
İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov aparatın məsul işçiləri və
hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə Şəhidlər xiyabanına gələrək
memorial önünə tər qərənfillər düzüb, şəhidlərimizə olan ehtiramlarını
bildiriblər. Gün ərzində rayon sakinləri, ictimaiyyətin müxtəlif
təbəqələrinin nümayəndələri də Şəhidlər xiyabanında memorial önünə gələrək
Ümumxalq Hüzn Günündə 20 Yanvar şəhidlərinin xatirəsini yad edib, abidə önünə tər
qərənfillər düzüblər. Bakı vaxtı ilə saat 12:00-da respublikamızın hər
yerində olduğu kimi, Qazax rayonunda da şəhidlərin xatirəsi bir dəqiqəlik
sükutla yad olunub. Küçələrdə hərəkət dayandırılıb, səs siqnalları verilib. GOYEZEN.AZ
Facebook-da paylaş