Prezident İlham Əliyev: "2020-ci il tarixdə bizim şanlı Qələbəmiz ili kimi qalacaqdır"
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin müraciəti -Əziz həmvətənlər. 2020-ci il tarixdə qalır. 2020-ci il tarixdə bizim
şanlı Qələbəmiz ili kimi qalacaqdır. Azərbaycan Ermənistanı 44 gün ərzində
məğlub edərək öz doğma torpaqlarını işğaldan azad etmişdir. Bu Qələbə Azərbaycan
xalqının yaddaşında əbədi yaşayacaqdır. Bu, tarixi Qələbədir. Biz tarixi
ədaləti bərpa etdik. Bildiyiniz kimi, 30 ilə yaxın müddət ərzində Minsk
qrupu çərçivəsində danışıqlar gedirdi. Ancaq danışıqlar heç bir nəticə vermədi.
Faktiki olaraq, Ermənistan bu danışıqlarda, sadəcə olaraq, vaxt uzatmaq
istəyirdi. Danışıqların imitasiyası prosesi gedirdi. 2003-cü ildə mən birinci
dəfə Azərbaycan Prezidenti vəzifəsinə seçiləndə bəyan etmişdim ki, mənim üçün
Prezident kimi əsas vəzifə torpaqlarımızı işğaldan azad etməkdir. Prezidentlik
dövrümün birinci illərində müəyyən ümidlər var idi ki, bu məsələ sülh yolu ilə
həll oluna bilər. Çünki hesab edirdim ki, beynəlxalq hüququn norma və
prinsipləri gözəl zəmin yaradır, bilirdim ki, tarixi ədalət bizim tərəfimizdədir.
Eyni zamanda, BMT Təhlükəsizlik Şurasının qətnamələri məsələnin həlli üçün
hüquqi əsas yaradırdı. Ancaq illər keçdikcə görürdüm ki, ümidlərimiz azalır və
bunun səbəbi Ermənistanın fəaliyyəti idi, siyasəti idi, addımları idi. İllər
keçdikcə daha aydın görünürdü ki, Ermənistan bu məsələni həll etmək istəmir.
Ermənistan, sadəcə olaraq, bizim torpaqlarımızı işğal altında əbədi saxlamaq
istəyir və danışıqlarda iştirak etməklə, sadəcə olaraq, görüntü yaradır ki, elə
bil, danışıqlar prosesi gedir və beynəlxalq vasitəçilər də bu prosesdə iştirak
edirlər. İllər keçdikcə ümidlərimiz azalırdı. Mən isə hər zaman deyirdim, son
17 il ərzində demək olar, bütün beynəlxalq tədbirlərdəki çıxışlarımda deyirdim
ki, bu məsələnin həlli bizim üçün prioritetdir. Deyirdim ki, Azərbaycan heç
vaxt işğalla barışmayacaq. Deyirdim ki, Azərbaycan heç vaxt imkan verməyəcək
ki, tarixi, əzəli Azərbaycan torpaqlarında ikinci erməni dövləti yaradılsın.
Deyirdim ki, biz heç vaxt qondarma "Dağlıq Qarabağ respublikası”na müstəqillik
verməyəcəyik. Heç vaxt orada hər hansı bir səsvermə keçirilməyəcəkdir. Bütün
bunları mən deyirdim və bu mövqe getdikcə daha da möhkəmlənirdi. Eyni zamanda,
açıq görürdüm ki, əgər biz güclü olmasaq, əgər əlimizdə güc olmasa, bu məsələni
həll edə bilmərik. Biz birinci Qarabağ müharibəsində torpaqlarımızı nə üçün
itirdik? Ona görə ki, o vaxtkı Azərbaycan rəhbərliyi öz vəzifə borcunu yerinə
yetirə bilmirdi. 1992-ci ildə Şuşanın, Laçının, 1993-cü ilin aprelində
Kəlbəcərin işğal altına düşməsi faktiki olaraq Dağlıq Qarabağla Ermənistan
arasında coğrafi bağlantı yaratdı və ondan sonra digər torpaqların işğalı
qaçılmaz idi. Ordumuz demək olar ki, dağılmışdı, nizami ordu yaradılmamışdı,
cəsarətli, qəhrəman övladlarımız, sadəcə olaraq, qəhrəman kimi vuruşaraq şəhid
olurdular, torpaqlarımız əldən gedirdi. Gücümüz yox idi. Ona görə güc amili ön
plana çıxdı. Bu gün artıq dəyişən dünyada güc amili demək olar ki, rəsmi
qaydada ön plana çıxıbdır. Mən isə bunu hələ 10 il bundan əvvəl
proqnozlaşdırırdım, ona görə güc toplamaq üçün bütün imkanlar səfərbər edildi.
Güc isə iqtisadiyyatdır. İqtisadiyyat güclü olmasa hərbi gücdən, siyasi gücdən
söhbət gedə bilməz. Biz iqtisadi müstəqillik yaratmalı idik və yaratdıq. Artıq
neçə ildir ki, Azərbaycan iqtisadi cəhətdən tam müstəqil ölkədir, heç kimdən
asılı deyil, heç bir ölkədən asılı deyil, heç bir beynəlxalq maliyyə qurumundan
asılı deyil. İqtisadi müstəqillik siyasi müstəqilliyimizi
gücləndirdi, daha da cəsarətli siyasət aparıldı, müstəqil siyasət aparıldı. O
siyasət ki, yalnız və yalnız Azərbaycan xalqının maraqlarına xidmət edir. Bu
gün dünyada, dünya xəritəsində, sözün əsl mənasında, müstəqil siyasət aparan
ölkələrin sayı o qədər də çox deyil. Azərbaycan onlardan biridir və Vətən
müharibəsi bir daha onu göstərdi. Bütün çağırışlara, bütün təzyiqlərə rəğmən,
biz istədiyimizə nail ola bilmişik. Düşməni torpaqlarımızdan qovmuşuq, hərbi
yolla bu məsələni həll etmişik və ondan sonra Qələbəmizi siyasi yollarla daha
da möhkəmləndirmişik. Güc toplamaq üçün əlbəttə ki, düzgün siyasət
aparılmalıdır. Son 17 il ərzində mənim fəaliyyətimdə ölkəmizin gücləndirilməsi,
beynəlxalq müstəvidə mövqelərimizin möhkəmləndirilməsi, ölkə daxilindəki
proseslərin müsbət məcrada getməsi əsas vəzifə idi. Heç bir təzyiq, heç bir
təhdid məni bu yoldan döndərə bilmədi. Çünki bir amalım var idi – güclü
Azərbaycan qurmaq, torpaqlarımızı işğaldan azad etmək! Biz bu illər ərzində böyük, nəhəng layihələri icra
etdik. Bu layihələr bizə imkan verdi ki, biz iqtisadi inkişaf baxımından
dünyada qabaqcıl yerlərdəyik. İqtisadi inkişafın templərinə görə son 17 il
ərzində Azərbaycan dünya miqyasında birinci yerdədir. Eyni zamanda, biz öz
siyasətimizlə Ermənistanı zəiflətməli idik və bunu gizlətmirdik. Mən bunu təkcə
bu gün demirəm, 10 il bundan əvvəl demişdim, nə qədər ki, torpaqlarımız işğal
altındadır, biz Ermənistanı bütün layihələrdən, bütün regional təşəbbüslərdən
məhrum edəcəyik, onları təcrid edəcəyik və bunu etdik. Baxın indi Avrasiyanın
enerji, nəqliyyat, kommunikasiya xəritələrinə, ölkələri birləşdirən bütün o
yollar, ölkələr üçün böyük fayda gətirən layihələr Ermənistandan yan keçib. Kim
bunu edib? Biz, təzyiqlərə baxmayaraq. Mən bir dəfə demişəm, bir daha demək
istəyirəm ki, hətta Bakı-Ceyhan neft kəmərinin çəkilişi ilə bağlı bizə qarşı
əsassız ittihamlar irəli sürülürdü. Sanki biz təbiəti burada çirkləndiririk,
ekoloji tarazlığa ziyan vururuq. Nə üçün? Çünki bu layihəni dayandırmaq, yaxud
da ki, bu layihəni Ermənistan ərazisindən həyata keçirmək üçün. O təqdirdə
bizim əl-qolumuz bağlı olacaqdı, bizim bütün neft və ondan sonra qaz ixracımız
Ermənistanın əlində olacaqdı. Mən buna razı ola bilərdim? Əlbəttə ki, yox! Ona
görə də təzyiqlərə məruz qalırdım. Bəzi ölkələrin istəklərini yerə vururdum.
Çünki bu istəklər bizim milli maraqlarımıza zidd idi və 44 gün davam edən
müharibə göstərdi kim kimdir, kim kimin dostudur. Azərbaycan xalqı bunu yaxşı
görür və bilir. Mən isə bunu çoxdan bilirdim. Ona görə, bütün şər-böhtana,
bütün təzyiqlərə, bütün təhdidlərə hazır idim. Bir amalım var idi - güclü
dövlət yaratmaq, torpaqlarımızı işğaldan azad etmək, ədaləti bərpa etmək! Ermənistanı zəiflətmək üçün müxtəlif yollardan
istifadə etdik və bütün bu yollar ictimaiyyətə təqdim edilirdi. Biz heç nəyi
hansısa məxfi formatda etməmişdik. Demişdim ki, təcrid edəcəyik, etdik, neft
kəmərləri, qaz kəmərləri, nəqliyyat yolları Ermənistandan yan keçdi,
telekommunikasiya xətləri Ermənistandan yan keçdi, elektroenergetika layihələri
Ermənistandan yan keçdi. Ermənistan mümkün olan gəlirlərdən məhrum edildi. Digər tərəfdən, Ermənistanı beynəlxalq arenada ifşa
etmək, onların işğalçılıq siyasətini dünya ictimaiyyətinə çatdırmaq başlıca
vəzifələrimizdən biri idi və buna nail olduq. Son 17 il ərzində demək olar ki,
bütün aparıcı beynəlxalq təşkilatlar bizim mövqeyimizi dəstəkləyən qərar,
qətnamələr qəbul ediblər. BMT Baş Assambleyası, hətta Avropa Şurası və Avropa
Parlamenti kimi hər zaman anti-Azərbaycan mövqeyində dayanan təşkilatlar da
məcbur olub münaqişə ilə bağlı həqiqəti əks etdirən qətnamələr qəbul etmişlər. Biz Qoşulmama Hərəkatına üzv olduq. Yadımdadır, o vaxt
bəziləri bunu səhv addım kimi qiymətləndirirdi. Ancaq mən bilirəm ki, bu,
düzgün addım idi. Üzv olan kimi, dərhal 120 ölkənin dəstəyi ilə münaqişəyə dair
qətnamə qəbul etdirdik - bizim maraqlarımıza xidmət edən qətnaməni. Bu gün
Qoşulmama Hərəkatının sədri kimi öz sözümüzü dünya miqyasında deyirik. Onu da
bir daha demək istəyirəm ki, müharibə zamanı BMT Təhlükəsizlik Şurasında
münaqişə ilə bağlı bizə sərf etməyən qərəzli anti-Azərbaycan təşəbbüslərinin
qarşısının alınmasında Qoşulmama Hərəkatına üzv ölkələr öz sözünü dedi. Bu
təşəbbüs baş tutmadı. Biz İslam Əməkdaşlıq Təşkilatı ilə sıx əlaqələr
qurduq. Tarixdə bu gün bu əlaqələr ən yüksək zirvədədir. İslam Əməkdaşlıq
Təşkilatı bu münaqişə ilə bağlı düzgün, həqiqəti əks etdirən, beynəlxalq hüququ
əks etdirən qətnamələr qəbul etdi. Biz müsəlman ölkələri ilə təmaslar əsnasında
onlara erməni vəhşilikləri haqqında məlumat çatdırırdıq. Dağıdılmış, təhqir
edilmiş məscidlərin şəkillərini mən öz həmkarlarıma göstərmişdim və sual
verirdim ki, siz bundan sonra bu ölkə ilə necə əlaqələr qurursunuz? Bu
şəkilləri görəndən sonra siz onlarla necə görüşürsünüz, onların əlini
sıxırsınız? Axı, bütün bu vəhşiliklər təkcə bizə qarşı yox, bütün müsəlman
aləminə qarşı edilən cinayətdir. Biz regionda qonşu ölkələrlə sıx münasibətlər qurduq.
Çünki əvvəllər nədənsə hesab olunurdu ki, regionda Azərbaycanın ənənəvi
müttəfiqləri var və Ermənistanın ənənəvi müttəfiqləri var. Biz bu konsepsiyanı
darmadağın etdik. Bu gün qonşularımızın hamısı bizim yaxın dostlarımızdır.
Bizim bütün qonşularımızla həm ikitərəfli, həm üçtərəfli formatda çox gözəl
əməkdaşlığımız var. Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli formatı var,
Azərbaycan-İran-Türkiyə üçtərəfli formatı var, Azərbaycan-İran-Rusiya üçtərəfli
formatı var. Ermənistanın hər hansı ölkələrlə bu formatı varmı? Yoxdur. Bu,
bizim siyasətimizin düzgün olmasının bariz nümunəsidir. Biz Ermənistanı onların
uzun illər saydıqları dayaq nöqtələrindən məhrum etdik. Çünki siyasətimizi
düzgün qurmuşuq. Hər zaman öz siyasətimizi açıq aparmışıq. Heç bir ölkəyə qarşı
heç bir avantürada yer almamışıq. Demişdim ki, Azərbaycan ərazisindən heç bir
ölkəyə qarşı, o cümlədən, ilk növbədə, qonşulara qarşı heç bir təxribat
xarakterli addım, təşəbbüs olmayacaq. Beləliklə, dünyada, regionda, qonşular
arasında hörmət qazanmışıq və ölkəmizi gücləndirmişik. Bizimlə hesablaşmağa
başlamışlar. Bizim sözümüzə inanırdılar və inanırlar. Həmişə demişəm, sözüm
imzam qədər qüvvətlidir. Ona görə, bütün bu amillər öz rolunu oynadı.
Ermənistanın təqdim etdiyi saxta tarixi darmadağın etmişik, beynəlxalq
tədbirlərdə dünya ictimaiyyətinə Kürəkçay sülh müqaviləsi haqqında kifayət
qədər dolğun məlumat vermişik. Hər kəs gördü ki, erməni xalqı Qarabağ
bölgəsində, sadəcə olaraq, son 200 il ərzində yaşayır, oraya köçürülüblər.
Xocalı həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırmışıq və çatdırırıq.
Xocalı haqqında son 17 ilə qədər kimsə danışırdı? Sanki belə bir cinayət
olmayıb. Sanki bu soyqırımı olmayıb. Çünki Ermənistan bunu ört-basdır etməyə
çalışırdı. Hətta bu hərbi cinayəti Azərbaycanın üstünə atmaq istəyir. Necə ki,
Vətən müharibəsi dövründə Gəncəni və digər şəhərləri Ermənistan ərazisindən
ballistik raketlərlə atəşə tutandan sonra deyirdi ki, Azərbaycan bunu özü edib.
Belə həyasız ölkə ola bilərmi? Belə vicdansız adamlar ola bilərmi? Görünür ki,
ola bilər. Bu da Ermənistandır. Ona görə, Xocalı həqiqətlərini dünya
ictimaiyyətinə çatdırmaq üçün çox böyük səylər göstərdik - həm dövlət, həm
Heydər Əliyev Fondu. Bu gün 13 ölkə Xocalı soyqırımını rəsmən soyqırımı kimi
tanıyıb. Müharibə haqqında həqiqətləri, dağıdılmış şəhərlər, kəndlər haqqında
həqiqətləri dünya ictimaiyyətinə çatdırdıq. Halbuki bizim o kəndlərə, şəhərlərə
getmək imkanımız yox idi. Heç bir beynəlxalq təşkilat oraya getmirdi. UNESCO,
hansı ki, bu gün bizə irad tutmağa çalışır, guya biz erməni dini abidələrini
burada qoruya bilməyəcəyik. Halbuki bu, yalandır. Azərbaycanda bütün dinlərin
abidələri qorunur. Bir dəfə gedib o torpaqlara? Bir dəfə Şuşa məscidində olub?
Zəngilanda dağıdılmış məsciddə olub? Ağdam məscidində olub? Orada ermənilər
donuz, inək saxlayırdılar. İndi bizə irad tuturlar. Ermənistan
oralara heç kimi buraxmırdı, heç kimi. Hətta Minsk qrupuna sədrlik edən
ölkələrin səfirlərini buraxmırdı. Biz güc-bəla ilə iki dəfə nail olduq ki,
Minsk qrupu işğal edilmiş torpaqlara faktaraşdırıcı missiya göndərsin. Sonuncu
missiya on il bundan əvvəl getmişdi. Hər il mən bunlara deyirdim ki, niyə
getmirsiniz? Gedin, oraya baxın, qanunsuz məskunlaşma gedir. Bizim bütün
şəhərlərimiz, kəndlərimiz dağıdılır. Kəndlərimizin, şəhərlərimizin adları
dəyişdirilir, tarixi abidələrimiz dağıdılır, yaxud da ki, erməniləşdirilir.
Getmirdilər ki, Ermənistan buraxmır. Ermənistan kimdir ki, buraxmasın. Ona
görə, bax, bütün bu işləri görərkən biz Qələbə günümüzü yaxınlaşdırırdıq. Əgər
mənim əvvəlki çoxsaylı çıxışlarıma nəzər yetirsəniz, görərsiniz, demişdim ki, hər
gün hər birimiz bu müqəddəs anı öz əməyimizlə yaxınlaşdırmalıyıq və
yaxınlaşdırdıq, bu müqəddəs Qələbə anı gəldi. Müharibənin
qaçılmaz olması ilə bağlı artıq neçə ildir ki, regionun işləri ilə məşğul olan
müxtəlif ekspertlər öz fikirlərini ifadə edirlər. Eyni zamanda, bütün bu illər
ərzində bizə ünvanlanan sifarişlər arasında, necə deyərlər, bir tezis üstünlük
təşkil edirdi ki, münaqişənin hərbi həlli yoxdur. Kimsə bunu ortalığa atıb. Mən
təxminən bilirəm kim. Bütün başqa təşkilatlar, bu işə aidiyyəti olan - olmayan,
bölgə məsələləri ilə məşğul olan – olmayan, hamı elə bir ağızdan deyirdi ki,
münaqişənin hərbi həlli yoxdur. Mən son
illər ərzində bir çox ölkələrdə rəsmi səfərlərdə olmuşam - əlbəttə ki, həm
bölgə ölkələrində və başqa ölkələrdə. Bütün bu səfərlər işıqlandırılıb. Bir çox
hallarda heç bölgə ilə, bizim regionumuzla əlaqəsi olmayan hansısa həmkarım
deyirdi ki, münaqişənin hərbi həlli yoxdur. Sən haradan bilirsən? Deyiblər ki,
bax, bunu deməlisən İlham Əliyevə, müxtəlif dairələr deyiblər. Dünya idarəetməsində
fəal rol oynayan ölkələr, dairələr bunu deyirdilər, belə demək lazımdır ki,
bizi bu yoldan çəkindirsinlər, heç vaxt bu olmasın. Status-kvo əbədi qalsın,
dəyişdirilməsin. Halbuki, bəzən də deyirdilər ki, status-kvo qəbuledilməzdir.
Amma sonra bundan da, necə deyərlər, vaz keçdilər. Başladılar deməyə ki,
status-kvo dayanıqlı deyil. Deməli, qəbulediləndir. Amma bizim üçün qəbuledilən
deyildi. Biz Ermənistan, onun havadarları, onun himayədarları və ermənipərəst
qüvvələr qarşısına təkbaşına çıxmışdıq. Təkbaşına! Heç kimi bizi bizə sərf
etməyən sülh müqaviləsi variantına məcbur edə bilmədi. Halbuki bir neçə dəfə
belə cəhdlər oldu. Bir neçə dəfə, hətta müəyyən saxtakarlıq edərək sənədlərin
tərtibatında guya səhvlər olub deyə bizi hansısa varianta təhrik etməyə, sövq
etməyə çalışırdılar. Amma keçmədi, keçməyəcəkdi. Çünki güclü iradə var idi və
var. Azərbaycan xalqının maraqları hər şeydən üstündür. Torpaqlarımızın
işğaldan azad edilməsi ən başlıca vəzifə idi və biz bu vəzifəyə, bu hədəfə
doğru inamla addımlayırdıq. Son illərdə
vəziyyət gərginləşməyə başlamışdı. Artıq Ermənistan da öz niyyətini gizlədə
bilmirdi. Çünki danışıqların mənası artıq faktiki olaraq itmişdi və təkcə bu
son iki il ərzində yox, təqribən 5-6 il ərzində. Ermənistan işğal edilmiş
torpaqlarda müntəzəm olaraq hərbi təlimlər keçirirdi. O hərbi təlimlər Ağdam
rayonu ərazisində keçirilirdi. Ermənistan rəhbərliyinin sözlərinə görə, bu
təlimlərdə 10 minlərlə canlı qüvvə iştirak edirdi. Bizim mövqelərimizə qarşı
hücum təşkil edilirdi. Hərbi vertolyot hücum etmişdi və o vertolyot vuruldu. Bu
da Ermənistana imkan verdi ki, bunu bəhanə gətirərək desin, bəli, Azərbaycan
bizim vertolyotumuzu vurdu, indi danışıqlar dayanmalıdır. Hər dəfə müəyyən
irəliləyişə imkan yarandıqca, belə təxribatlara əl atırdılar. Aprel
döyüşləri Ermənistana dərs olmadı. Bir neçə gün davam edən Aprel döyüşləri
kiçik də olsa, bizim qələbəmizlə nəticələndi. Ermənistan məcbur oldu, yerinə
oturduldu, torpaqlarımızın bir hissəsini işğalçılardan azad etdik, göstərdik
ki, bizi heç kim və heç nə yolumuzdan döndərə bilməz, çəkindirə bilməz. Amma
dərs olmadı onlara. Aprel döyüşlərindən sonra Ermənistanın o vaxtkı rəhbərliyi
demək olar, söz vermişdi ki, işğal edilmiş torpaqlardan çıxacaq. Bu,
həqiqətdir. Amma sonra orada ya özləri təşkil etmişdilər, ya doğrudan da belə
hadisə baş verdi, polis bölməsi zəbt edildi, terrorçu qrup orada terror aktı
törətdi və ondan sonra Ermənistan rəhbərliyi dedi ki, görürsünüz, burada
vəziyyət gərgindir, biz bunu edə bilmirik. Bizi aldatdılar. 2018-ci ildə Günnüt
əməliyyatı - Naxçıvan əməliyyatı da bizim uğurlu əməliyyatımız idi. Biz böyük
ərazini götürdük, işğaldan azad etdik və strateji yüksəklikləri zəbt etdik.
Yenə də dərs olmadı. Yəni, biz onlara şans verirdik. 2018-ci ildə Ermənistanda,
- indi bəziləri buna inqilab deyir, bəziləri çevriliş deyir, özləri bilərlər, -
dəyişiklik baş verdi, ümidlər oyandı və bu ümidlər əsassız deyildi. Mən dərinə
getmək istəmirəm. Biz ümid edirdik ki, yeni rəhbərlik keçmiş səhvlərdən
təmizlənəcək və bu məsələ öz həllini tapacaq. Amma bu da baş vermədi. Demək
olar ki, bir ildən sonra bizə qarşı qəbuledilməz addımlar atıldı, bizi faktiki
olaraq aldatdılar, öz daxili problemlərini həll etmək, daxili müxalifəti əzmək,
həbs etmək üçün vaxt uddular. Ondan sonra nə oldu, Azərbaycan xalqı yaxşı
bilir. Qəbuledilməz bəyanatlar, Azərbaycan xalqının təhqir edilməsi, yersiz
hərəkətlər, biabırçı addımlar, bəyanatlar və təxribat xarakterli hərbi
əməliyyatlar - iyul ayında, avqust ayında və nəhayət, sentyabrın 27-də. Mən
dedim yetər artıq, irəli! 44 gün ərzində düşmənin ordusu məhv edildi. Bu gün
Ermənistan ordusu yoxdur. Müharibə
dövründə mən əziz xalqımı müharibə ilə bağlı müntəzəm olaraq
məlumatlandırırdım. Müharibənin gedişatı xalqımızın gözü qabağında keçirdi.
Müharibədən sonra bəzi əməliyyatlar haqqında, bəzi qərarlar haqqında müəyyən
məlumat da verilir. Bu məsələyə çox vaxt ayırmaq istəmirəm. Amma 44 gün ərzində
Azərbaycan Ordusu Ermənistan ordusunu darmadağın etdi. Bizim qəhrəman əsgər və
zabitlərimiz Azərbaycanın gücünü göstərdi. Düzgün planlaşdırılmış və həyata
keçirilmiş əməliyyatlar sayəsində, texniki imkanlardan istifadə edərək,
qəhrəman övladlarımızın qəhrəmanlığına, rəşadətinə söykənərək biz mümkün
olmayanı etdik, düşməni məhv etdik, düşmən ağ bayraq qaldırdı, düşmən diz
çökdü. Üç yüzdən çox şəhər və kəndlərimizi işğaldan azad edəndən sonra, qədim
Azərbaycan şəhəri, hamımız üçün doğma olan Şuşanı və ardınca bir çox kəndləri
azad edəndən sonra düşmən tam təslim oldu, kapitulyasiya aktına imza atdı və
işğalda olan digər torpaqlardan geri çəkilməyə məcbur oldu. Müharibə
arxada qaldı. Müharibə bizim gücümüzü göstərdi, əyilməz iradəmizi göstərdi,
birliyimizi göstərdi, müharibə rəmzinə, qələbə rəmzinə çevrilən dəmir yumruq öz
gücünü göstərdi. Bu, həm birlikdir, həm gücdür. Cəmiyyətimizdə birlik də var,
ölkəmizin gücü də var və həmişə olacaq. Əgər kimsə Ermənistanda bu gün revanş
hissi ilə yaşayırsa, böyük səhv edir. O 44 günlük müharibəni onlar heç vaxt
unutmasınlar. Bundan sonra əgər kimsə Azərbaycan xalqını təhqir etməyə çalışsa,
elə dərsini alacaq ki, o 44 günlük müharibə onun yanında yalan olacaq. Azərbaycan
Ermənistanı məğlub etdi. Bunu bütün dünya gördü, bu, dünyanın gözü qarşısında
baş verdi. Heç kimi bizi dayandıra bilmədi. Demişdim ki, sona qədər gedəcəyik,
tarix versinlər bizə, tarix versinlər ki, işğalçı Ermənistan dövləti bizim
torpaqlarımızdan nə vaxt çıxacaq. Tarix veriləndən sonra biz hərbi
əməliyyatlarımızı dayandırdıq. Bu gün Dünya
Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Hər il mən xalqa müraciət edərkən dünya
azərbaycanlılarını bu gün münasibətilə və Yeni il münasibətilə təbrik edirəm.
Bu dəfə isə bu təbrikin xüsusi önəmi var. Mən bilirəm ki, dünyada yaşayan
azərbaycanlılar müharibə dövründə Azərbaycanda gedən prosesləri, müharibəni
yaxından izləyiblər. Onlar öz dəstəyini ifadə edirdilər. Mənə göndərilən
minlərlə məktub arasında xaricdə yaşayan azərbaycanlılardan da kifayət qədər
çox məktublar vardır. Onlar həm mənəvi dəstək göstərdilər, həm də həmrəylik
göstərdilər. Bu gün onlara müraciət edərək deyirəm, siz fəxr etməlisiniz və
fəxr edə bilərsiniz ki, qəhrəman Azərbaycan xalqının övladlarısınız. Bu gün hər
bir azərbaycanlı, hər bir Azərbaycan vətəndaşı və xaricdə yaşayan soydaşlarımız
haqlı olaraq fəxr edə bilərlər ki, biz müzəffər xalqın övladlarıyıq,
nümayəndələriyik. Mən bütün
soydaşlarımızı bu bayram münasibətilə təbrik etmək istəyirəm. Bütün Azərbaycan
xalqını, ilk növbədə, tarixi Zəfər münasibətilə təbrik etmək istəyirəm.
Gələcəkdə bizi böyük işlər gözləyir, ölkəmiz üçün yeni dövr başlayır, quruculuq
dövrü, inkişaf dövrü, torpaqlarımızın bərpası günləri bizi gözləyir. Bu dövr
şərəfli dövr olacaqdır. Baxmayaraq ki, düşmən işğal etdiyi və artıq azad
olunmuş torpaqlarda hər şeyi dağıdıb, biz bütün şəhərlərimizi bərpa edəcəyik,
kəndlərimizi bərpa edəcəyik, Qarabağ bölgəsində cənnət yaradacağıq. Bizim
xalqımız buna layiqdir. Bizim xalqımıza qələbə yaraşır və qələbə həmişə bizimlə
olacaq! Əziz
bacı-qardaşlarım, sizi Yeni il münasibətilə, Dünya Azərbaycanlılarının
Həmrəyliyi Günü münasibətilə ürəkdən təbrik edirəm. Bütün Azərbaycan xalqını
böyük Zəfər münasibətilə təbrik edirəm. İstərdim ki, Yeni il ərəfəsində hamımız
birlikdə bizi Qələbəyə aparan şüarı deyək: Qarabağ Azərbaycandır!
Facebook-da paylaş