Dünya azərbaycanlılarına
Əziz həmvətənlər! Hörmətli soydaşlar! Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş 31
Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə sizi ürəkdən
təbrik edir, hər birinizə səmimi arzu və diləklərimi çatdırıram. 2020-ci ili bütün dünyada koronavirus pandemiyası ilə
gərgin mübarizə şəraitində başa vururuq. Yaranmış vəziyyətdən minimum itkilərlə
çıxmaq üçün Azərbaycan hökuməti ilk günlərdən ardıcıl tədbirlər həyata
keçirmişdir. Bu addımlar, habelə Azərbaycanın köməyə ehtiyacı olan dövlətlərə
humanitar yardımları Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən yüksək
qiymətləndirilmişdir. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və 120
dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın təşəbbüsü
ilə hər iki təsisatın COVID-19-a qarşı mübarizəyə həsr olunmuş videoformatda
Zirvə görüşü baş tutmuşdur. Cari ilin dekabr ayında Qoşulmama Hərəkatının sədri
qismində Azərbaycanın təşəbbüsü əsasında və 150-dən artıq dövlətin dəstəklədiyi
BMT Baş Assambleyasının koronavirusa qarşı dövlət və hökumət başçıları
səviyyəsində Xüsusi Sessiyası keçirilmişdir. Bu, Azərbaycanın qlobal
proseslərdə fəal iştirakının, ölkəmizə olan hörmətin, beynəlxalq dəstəyin əyani
göstəricisidir. Ermənistanın danışıqlar prosesini sarsıdan təhrikçi
açıqlamaları və əməlləri, iyul ayında dövlət sərhədinin Tovuz istiqamətində
törətdiyi hərbi təxribat, qoşunlarını təmas xəttinə cəmləşdirməsi, terror
əməllərini törətmək üçün diversiya qruplarını göndərməsi onun növbəti çirkin
niyyətlərindən xəbər verirdi. Bu ilin sentyabr ayında BMT Baş Assambleyasının
75-ci sessiyası zamanı beynəlxalq ictimaiyyət Ermənistanın yeni müharibəyə
hazırlaşması barədə xəbərdar edilmişdir. Sentyabrın 27-də Ermənistanın ölkəmizə qarşı törətdiyi
hərbi təcavüzə cavab olaraq Azərbaycan xalqı Vətən müharibəsinə qalxmışdır.
Müzəffər Azərbaycan Ordusu hər anı qəhrəmanlıqlarla dolu 44 gün ərzində düşməni
ağır məğlubiyyətə uğratmış və ölkəmizin ərazi bütövlüyünü bərpa etmişdir. Milli
dövlətçilik tariximizdə və xalqımızın yaddaşında əbədi yaşayacaq şanlı Zəfər
xalq-iqtidar birliyi, ordumuzun yüksək peşəkarlığı və gərgin siyasi-diplomatik
fəaliyyət sayəsində əldə edilmişdir. Ordumuzun ərazi-relyef baxımından son dərəcə mürəkkəb
şəraitdə və qısa müddətdə həyata keçirdiyi "Dəmir yumruq” əməliyyatı dünya hərb
tarixinə düşərək aparıcı hərbi mərkəzlər və mütəxəssislər tərəfindən öyrənilir. Dekabrın 10-da Bakının Azadlıq meydanında keçirilmiş
möhtəşəm Zəfər paradı Azərbaycan dövlətinin siyasi, iqtisadi və hərbi
qüdrətini, xalqımızın iradəsini, ordumuzun qələbə əzmini, əsgər və
zabitlərimizin sarsılmaz döyüş ruhunu nümayiş etdirmişdir. Xalqımıza milli qürur və şərəf hissini, qələbə
sevincini yaşadan, üçrəngli bayrağımızı işğaldan azad olunmuş torpaqlarımızda,
Qarabağın tacı olan müqəddəs Şuşada dalğalandıran müzəffər ordumuzun bütün
şəxsi heyətinə bir daha dərin minnətdarlığımı bildirirəm. Şəhidlərimizin ölməz
ruhu qarşısında baş əyərək onlara Allahdan rəhmət diləyir, yaralı
hərbçilərimizin tezliklə şəfa tapmasını arzulayıram. Vətən müharibəsi zamanı Azərbaycan beynəlxalq
informasiya məkanında öz sözünü deyərək ölkəmizə qarşı aparılan dezinformasiya
kampaniyalarının qarşısını almış, Ermənistanın vandalizmini və mülki insanlara
qarşı terror siyasətini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmışdır. Ermənistanın işğalı və vəhşiliyi nəticəsində
başdan-başa dağıdılmış doğma Qarabağımızı əminəm ki, biz ən qısa zamanda əsl
cənnətə çevirəcəyik. Müqəddəs Vətən müharibəsi zamanı xaricdə yaşayan
soydaşlarımızın düşmənin və anti-Azərbaycan dairələrin məkrli təxribatlarına
qarşı cəsarətli etirazları, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə
çatdırılması işində fədakar xidmətləri Qələbəmizə layiqli töhfə olmuşdur. Əziz həmvətənlər! Doğma Azərbaycanımızın daha da güclənməsi və
çiçəklənməsi naminə fəaliyyətinizdə hər birinizə uğurlar arzulayıram. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 29 dekabr 2020-ci il.
Facebook-da paylaş