Aprel döyüşlərində də, Tovuz istiqamətində də yaralandı... indi yenə cəbhəyə hazırlaşır
Respublika mətbuatı Qazax haqqında
2016-cı ilin Aprel döyüşlərində iştirak edərkən aldığı ağır yaralar Səyyarı qətiyyən istəyindən, amalından döndərə bilməyib. Qarşıya qoyduğu məqsədə çatmaq, torpaqlarımızı azad etməklə bağlı verdiyi sözə əməl etmək üçün yenidən orduya qayıdıb, istənilən döyüşdə yenə də öndə getməyi, vuruşmağı özünə müqəddəs borc bilib. Bəlkə də elə bu əhval-ruhiyyənin, istəyin, amalın nəticəsidir ki, iyulun 12-dən başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlərdə cəsur çavuş igidlik göstərmək, sonadək, son damla qanınadək vuruşmaq üçün yenidən döyüşə atılıb. Döyüş zamanı düşmən hücumunun qarşısını alarkən ağır yaralanan Səyyar buna görə çox təəssüflənib. İndi yeganə təsəllisi odur ki, onsuz da yaraları sağalan kimi yenidən döyüşə hazırlaşacaq və ən gərgin sərhəd bölgəsinə yollanacaqdır. Deyir ki, Tovuz döyüşçləri düşmənə Azərbaycan Ordusunun gücünü bir daha göstərdi. Mənfurlara sübut etdi ki, "öz yerini bil, yoxsa...”
Bu cəsur çavuş Səyyar İsmayılovdur. Qazaxın Dəmirçilər kəndindəndir. 37 yaşı var. 2001-ci ildə Azərbaycan Silahlı Qüvvələrində xidmət etmək üçün həqiqi hərbi xidmətə çağırılıb. 2003-cü ildə ordudan tərxis olunan Səyyar İsmayılov Vətəninin, soydaşlarının başına gətirilənlərlə, işğalda olan torpaqlarla heç cür barışa bilməyib. Məhz Vətən sevgisi, yurda olan bağlılığı onu yenidən döyüşə səsləyib. Ordudan qayıtdıqdan bir müddət sonra, 2008-ci ildə könüllü olaraq yenidən Silahlı Qüvvələrdə müddətdən artıq həqiqi hərbi xidmətə başlayıb.
O, bu gün evindədir, balalarının yanındadır. Körpələri bu döyüşlərin dəhşətlərini hələ lazımınca dərk etməsələr də atalarının sağ qalmağına çox sevinirlər.
Bu günlərdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə igid çavuşu evində ziyarət edib. Rayon rəhbəri qeyd edib ki, "Hər bir hərbçi, əyninə əsgər paltarı geyinmiş hər kəs bizim üçün doğmadır, əzizdir”. İcra hakimiyyətinin başçısı hərbçimizə sağ-salamat ailəsinin yanına qayıtmasına görə səmimi ürək sözlərini söyləyib, Vətən uğrunda qəhrəmancasına döyüşən hərbçimizin səhhəti və qayğıları ilə maraqlanıb. Rayon rəhbəri ona tez bir zamanda sağalaraq yenidən döyüş yoldaşlarının yanına qayıtmağı arzulayıb. Əlavə edib ki, ölkədə cənab Prezidentimizin əmrinə həmişə hazır olan, "İrəli” çağırışını gözləyən sənin kimi minlərlə oğul var.
Səyyar İsmayılov qeyd edib ki, bir hərbçi kimi qürurlanıram. Bir daha görürəm ki, arxamızda dövlətimiz və ölkə rəhbərimiz dayanıb. Dövlətin, dövlət başçısının qayğısını hər zaman hiss etdiyini qeyd edən S.İsmayılov xəstəxanada olduğu müddətdə bir daha bunun şahidi olduğunu dilə gətirib. O, xəstəxanada olan zaman ailəsinə baş çəkən, dəstək olan rayon rəhbərliyinə, hüquq-mühafizə orqanlarının rəhbərlərinə minnətdarlığını bildirib. S.İsmayılov həkimlərimizə, digər tibb işçilərinə də təşəkkür etməyi unutmayıb. Deyib ki, onların yaralı əsgərlərə və zabitlərimizə göstərdiyi diqqət və qayğını heç vaxt yaddan çıxarmayacaq. İki qız, bir oğul atası olan S.İsmayılov övladlarını da vətənpərvər ruhda tərbiyə edir. Onlara Vətəni sevməyi, elə-obaya bağlı böyüməyi öyrədir.
Qardaşı Sərdar İsmayılov da Səyyarın bu gün öz ailəsinin yanında olmasına görə çox sevinir. Deyir ki, atalarının arzusu onları həbçi görmək olub. "Hər söhbətində, nəsihətində Vətəni sevməyi, orduda nümunəvi xidmət göstərməyi tövsiyə edərdi. Bu gün atamın arzularını qardaşım reallaşdırıb və mən Səyyarla fəxr edirəm”.
Qorxmaz çavuş Səyyar İsmayılovun anası Fəranə İsmayılova da ailə üzvləri adından övladına göstərilən qayğıya görə ölkə Prezidentinə və rayon rəhbərliyinə razılığını bildirib.
Hamlet QASIMOV,
"Xalq qəzeti”nin bölgə müxbiri
5 sentyabr 2020-ci il
Facebook-da paylaş