Millət vəkili Səməd Seyidovun sakinlərlə keçirdiyi görüşdə qaldırılan məsələ yerində müzakirə olunub
Bu gün hər kəsə yaxşı məlumdur ki, Azərbaycanda dövlət
siyasətinin əsasını vətəndaş amili təşkil edir. Son illər cənab Prezident İlham
Əliyevin yürütdüyü sosial-iqtisadi siyasət, həyata keçirilən çoxsaylı
layihələr, tədbirlər, bir sözlə, atılan bütün addımlar onu deməyə əsas verir
ki, vətəndaşların rahatlığı, onların məmnunluğu hər zaman ön planda dayanır. Ölkə
Prezidentinin icra hakimiyyəti başçılarını, eləcə də mərkəzi icra hakimiyyəti
orqanlarının rəhbərlərini qəbul edərkən öz çıxışlarında dövlət məmurları
haqqında söylədiyi fikirlərdən aydın şəkildə görmək olur ki, Azərbaycanda
vətəndaş amili hər zaman dövlət siyasətinin prioritet istiqamətlərindən olub və
olacaq da... Ölkə rəhbərinin dövlət məmurlarına daim xalqın içində
olmaları, bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların
qayğılarını, problemlərini öyrənmələri, düzgün təhlil aparmaları barədə
aidiyyəti üzrə verdiyi tapşırıq və tövsiyələr də dediklərimizi əyani şəkildə
sübut edir. Qazaxda da vətəndaş amili əsas götürülür, xüsusən də
ölkə rəhbərinin vətəndaşlarla bağlı verdiyi tapşırıq və tövsiyələr birmənalı
şəkildə icra olunur. Dünən Azərbaycan Respublikası Milli Məclisinin
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, millət
vəkili Səməd Seyidovun sərhəd kəndi olan Aslanbəylidə seçicilərlə
keçirdiyi görüşdə kənd sakinlərinin qaldırdığı məsələnin bu gün rayon rəhbərliyinin
iştirakı ilə yerində müzakirə olunması rayonda vətəndaş amilinin üstün
tutulmasının daha bir bariz nümunəsidir.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tərəfindən Aslanbəyli kənd sakini Mustafayeva
Səmayə Məhəmməd qızının su məsələsi ilə bağlı müraciətinə yerində baxılması, qeyd
olunan məsələnin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq
tapşırıqların verilməsi bir daha onu göstərir ki, vətəndaşların
səsləndirdikləri hər bir məsələyə həssaslıqla yanaşılır. Vətəndaşın qaldırdığı məsələnin həlli istiqamətində
görüləcək işlərə görə razılığını bildirən millət vəkili Səməd Seyidov rayon
rəhbərinin ilk gündən vətəndaş amilini iş fəaliyyətinin əsası hesab etməsini,
Qazaxda vətəndaş-məmur münasibətinin dövlətə, ölkə rəhbərinə və icra başçısına
olan böyük inam üzərində qurulmasını yüksək qiymətləndirib. Millət vəkili qeyd
edib ki, bu gün ölkə Prezidentinin bir istəyi var ki, o da vətəndaşların
məmnunluğudur. Ölkə başçısının da qeyd etdiyi kimi, "Əgər vətəndaş dövlət
məmurundan razıdırsa, deməli dövlətdən də razıdır”. Qazaxda sakinlərə olan
səmimi münasibət, vətəndaşlara göstərilən diqqət və qayğı, şəhər və kəndlərdə
keçirilən görüşlərdə səslənən müraciətlərə operativ şəkildə baxılması, vətəndaşların
yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxış keçirilməsi, qaldırılan
məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsi vətəndaş məmnunluğuna
xidmət edən amillərdir ki, Qazaxda yüksək səviyyədə yerinə yetirilir. Kənd sakinlərindən şəhid atası Məhəmməd Əliyev, kənd
ağsaqqalı Səməd Qarabağlıyev, Səmayə Mustafayeva vətəndaşlara göstərilən diqqət
və qayğıya görə ölkə başçısı İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Onların
müraciətlərinə belə həssaslıqla yanaşıldığına, qeyd etdikləri məsələnin həlli
ilə bağlı verilən tapşırıqlara görə millət vəkili Səməd Seyidova və rayon
rəhbərinə razılıqlarını ifadə ediblər.
GOYEZEN.AZ
Facebook-da paylaş