Əsas Səhifə > Manşet / Rəsmi > Millət vəkili Səməd Seyidovun sakinlərlə keçirdiyi görüşdə qaldırılan məsələ yerində müzakirə olunub

Millət vəkili Səməd Seyidovun sakinlərlə keçirdiyi görüşdə qaldırılan məsələ yerində müzakirə olunub


21-08-2020, 20:52


Bu gün hər kəsə yaxşı məlumdur ki, Azərbaycanda dövlət siyasətinin əsasını vətəndaş amili təşkil edir. Son illər cənab Prezident İlham Əliyevin yürütdüyü sosial-iqtisadi siyasət, həyata keçirilən çoxsaylı layihələr, tədbirlər, bir sözlə, atılan bütün addımlar onu deməyə əsas verir ki, vətəndaşların rahatlığı, onların məmnunluğu hər zaman ön planda dayanır. Ölkə Prezidentinin icra hakimiyyəti başçılarını, eləcə də mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edərkən öz çıxışlarında dövlət məmurları haqqında söylədiyi fikirlərdən aydın şəkildə görmək olur ki, Azərbaycanda vətəndaş amili hər zaman dövlət siyasətinin prioritet istiqamətlərindən olub və olacaq da... Ölkə rəhbərinin dövlət məmurlarına daim xalqın içində olmaları, bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını, problemlərini öyrənmələri, düzgün təhlil aparmaları barədə aidiyyəti üzrə verdiyi tapşırıq və tövsiyələr də dediklərimizi əyani şəkildə sübut edir.

Qazaxda da vətəndaş amili əsas götürülür, xüsusən də ölkə rəhbərinin vətəndaşlarla bağlı verdiyi tapşırıq və tövsiyələr birmənalı şəkildə icra olunur.

Dünən Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, millət vəkili Səməd Seyidovun sərhəd kəndi olan Aslanbəylidə seçicilərlə keçirdiyi görüşdə kənd sakinlərinin qaldırdığı məsələnin bu gün rayon rəhbərliyinin iştirakı ilə yerində müzakirə olunması rayonda vətəndaş amilinin üstün tutulmasının daha bir bariz nümunəsidir.  

 

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tərəfindən Aslanbəyli kənd sakini Mustafayeva Səmayə Məhəmməd qızının su məsələsi ilə bağlı müraciətinə yerində baxılması, qeyd olunan məsələnin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqların verilməsi bir daha onu göstərir ki, vətəndaşların səsləndirdikləri hər bir məsələyə həssaslıqla yanaşılır.

Vətəndaşın qaldırdığı məsələnin həlli istiqamətində görüləcək işlərə görə razılığını bildirən millət vəkili Səməd Seyidov rayon rəhbərinin ilk gündən vətəndaş amilini iş fəaliyyətinin əsası hesab etməsini, Qazaxda vətəndaş-məmur münasibətinin dövlətə, ölkə rəhbərinə və icra başçısına olan böyük inam üzərində qurulmasını yüksək qiymətləndirib. Millət vəkili qeyd edib ki, bu gün ölkə Prezidentinin bir istəyi var ki, o da vətəndaşların məmnunluğudur. Ölkə başçısının da qeyd etdiyi kimi, "Əgər vətəndaş dövlət məmurundan razıdırsa, deməli dövlətdən də razıdır”. Qazaxda sakinlərə olan səmimi münasibət, vətəndaşlara göstərilən diqqət və qayğı, şəhər və kəndlərdə keçirilən görüşlərdə səslənən müraciətlərə operativ şəkildə baxılması, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxış keçirilməsi, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsi vətəndaş məmnunluğuna xidmət edən amillərdir ki, Qazaxda yüksək səviyyədə yerinə yetirilir.

Kənd sakinlərindən şəhid atası Məhəmməd Əliyev, kənd ağsaqqalı Səməd Qarabağlıyev, Səmayə Mustafayeva vətəndaşlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Onların müraciətlərinə belə həssaslıqla yanaşıldığına, qeyd etdikləri məsələnin həlli ilə bağlı verilən tapşırıqlara görə millət vəkili Səməd Seyidova və rayon rəhbərinə razılıqlarını ifadə ediblər.   

 

GOYEZEN.AZ


Geri qayıt