Prezident İlham Əliyev: “Bu gün Azərbaycan Ordusu dünyada 50 ən güclü ordu sırasındadır”
İyunun 26-da ürəyi Azərbaycanla döyünən, Vətən
torpaqlarının müdafiəsində dayanan hərbçiləri, əsgər və zabitləri ilə qürur
duyan hər kəs Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 102-ci ildönümünü
böyük ruh yüksəkliyi ilə qeyd etdi. Bəli, bu gün Azərbaycan xalqı 1918-ci il
iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk
müntəzəm hərbi hissə – əlahiddə Azərbaycan korpusunun yaradıldığı həmin şanlı
tarixi 102 il ötsə belə yenə də qürurla xatırlayır və təməli o vaxtdan qoyulan
Azərbaycan Silahlı Qüvvələri ilə fəxr edir. 100 ildən artıq tarixi bir yol qət etmiş
Azərbaycanın bütün sahələrində olduğu kimi, ordu quruculuğunda da mühüm
addımlar atılıb, bu sahədə əsl inkişaf gedib və getməkdə də davam edir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı
Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin iyunun 25-də Müdafiə Nazirliyinin
"N" saylı hərbi hissəsinin açılışında ordu quruculuğu haqqında
söylədiyi fikirlər bir daha sübut etdi ki, Azərbaycanda bu sahə dövlət
siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Bu gün tam
əminliklə deyə bilərik ki, Prezidentin
fəaliyyətində ordu quruculuğu birinci yerdədir. Ölkəmiz müharibə
şəraitində yaşayır və belə olan halda ordu ilə bağlı bütün məsələlər ən başlıca
vəzifədir. Məhz bunu nəzərə alan ölkə başçısı Azərbaycanda ordu quruculuğunu
daim diqqət mərkəzində saxlayır. Dövlət başçısının özünün də söylədiyi kimi, bu gün xidməti
yüksək səviyyədə aparmaq üçün bütün imkanlar yaradılıb. Prezidentin göstərişi ilə
bütün hərbi hissələr, şəhərciklər, hərbi bazalar faktiki olaraq yenidən
qurulur. Hərbi hissələrin 90 faizində tikinti-bərpa, yenidənqurma işləri
tamamlanıb. Şəxsi heyətin xidmət şəraitinin
yaxşılaşdırılması ilə bərabər, zabitlərin məişət problemləri də həll olunur. Orduda
20 il qüsursuz xidmət edən zabitlərə dövlət tərəfindən mənzillər verilir. Bu, əlbəttə
ki, böyük vəsait tələb edir və 1700 zabit mənzillə təmin olunub. Bu ilin sonuna
qədər əlavə 419 zabitə dövlət tərəfindən mənzillər veriləcək. Hərbçilərin əməkhaqları
müntəzəm olaraq qaldırılır, fərqlənmiş hərbçilər mükafatlandırılır. Bütün bunlar isə ordumuzun son illər ərzində uğurlu
inkişafı naminə həyata keçirilən işlərdir. Ölkə rəhbərliyinin bu sahəyə olan
yüksək diqqət və qayğısının nəticəsidir ki, dünyada orduların reytinqlərini
tərtib edən sanballı qurumlar təsdiq edirlər ki, bu gün Azərbaycan Ordusu dünyada 50 ən güclü ordu sırasındadır. Son illər ordu quruculuğu
sahəsində əldə edilən uğur və nailiyyətlər onu söyləməyə əsas verir ki, bu gün
Azərbaycan dünya miqyasında öz gücünə arxalanan və heç kimdən asılı olmayan
ölkədir. Hər kəsə o da yaxşı məlumdur ki, dünyada,
beynəlxalq müstəvidə güc amili ön plana çıxır. Beynəlxalq münasibətlərdə "kim
güclüdür, o da haqlıdır” prinsipi üstünlük təşkil edir. Ölkə rəhbərinin də qeyd
etdiyi kimi, Azərbaycan dövləti olaraq hər
şeyi öz hesabımıza əldə etmişik. Cənab Prezidentin də dediyi kimi, əgər
biz güclü iqtisadiyyat qurmasaydıq, nəhəng neft-qaz layihələri icra etməsəydik,
ordumuzu müasirləşdirmək üçün vəsaitimiz olmazdı. Bu gün ölkəmizdə strateji obyektlər ən yüksək səviyyədə qorunur. Hava
hücumuna qarşı müasir qurğularımız imkan verir ki, ölkəmiz, o cümlədən strateji
obyektlər qorunsun. Ən əsası da cəbhə
bölgəsində yaranmış vəziyyət bir daha onu göstərir ki, Azərbaycan strateji
üstünlüyə malikdir. Bunun kökündə isə ordumuzun müasir
silah-sursat, texnika ilə təchizatı dayanır ki, yüksək səviyyədə təmin olunub
və bu, bundan sonra da davam etdiriləcək. Eyni zamanda, bizim döyüş
təyyarələrimiz modernləşdirilib, yüzdən çox hərbi və hərbi-nəqliyyat
vertolyotumuz var. Təbii ki, bu da bizim böyük potensialımızdır. Azərbaycan xalqı öz
ordusunun hansı potensiala qadir olmasının bariz nümunəsini isə 2016-cı ilin
aprelində bir daha gördü və şahidi oldu. 2016-cı ilin Aprel döyüşlərində əldə olunmuş Lələtəpə zəfəri, eləcə
də Cocuq Mərcanlının azad edilməsi ordumuzun gücünü, qüdrətini bir daha nümayiş
etdirdi. 2018-ci ilin mayında Naxçıvanda qazanılmış Günnüt qələbəsi isə yüksək
potensiala sahib olan Azərbaycan ordusunun əldə etdikləri zəfərlərin davamlı olacağını
göstərdi. Ölkə başçısının da söylədiyi kimi, uğurlu
Naxçıvan əməliyyatı nəticəsində 10 min hektardan çox ərazini işğalçılardan azad
etdik və strateji yüksəkliklərə çıxdıq. Bu qələbə nəticəsində indi Ermənistandan
Dağlıq Qarabağa gedən yol bizim gözümüzün qabağından keçir. Heç şübhəsiz ki, bu qələbələrin qazanılmasında
ordumuzun hərbi tələbatının təminatının yüksək səviyyədə olması təşkil edir.
Odur ki, bu gün Müdafiə Sənayesi
Nazirliyi hərbi təlabatın mühüm hissəsini istehsal edir. Ölkə Prezidentin
sərəncamı ilə 15 il bundan əvvəl yaradılmış Müdafiə
Sənayesi Nazirliyinin xətti ilə 1300-dən çox adda hərbi təyinatlı məhsulun
istehsal olunması bunun bariz nümunəsidir. Böyük qələbələrin qazanılması üçün hərbi hissələrdə
əsgərlərin ruh yüksəkliyinin olması da mütləq şərtdir. Ölkə başçısının da
vurğuladığı kimi, hərbi hissələrdə
ideoloji vəziyyətə də xüsusi əhəmiyyət verilməlidir. Ölkəmizin qədim və müasir tarixi ilə əlaqədar hər
bir əsgərdə, zabitdə dolğun təəssürat olmalıdır. Gənclərimiz bugünkü Ermənistanın
Azərbaycan torpaqlarında formalaşdığını, eləcə də bugünkü Ermənistan
xəritəsində olan coğrafi toponimlərin əsl adlarını bilməlidirlər. Ölkə
rəhbərinin də qeyd etdiyi kimi, Azərbaycan Xalq Cümhuriyyəti antimilli qurum
kimi qələmə verilirdi. Ancaq bizim müstəqilliyimizi əlimizdən alanlar, yerli
satqınlar qəhrəman kimi qələmə verilirdi. Azərbaycan Xalq Cəbhəsi istənilən
yollarla hakimiyyətə gəlmək istəyirdi. Bu münaqişə Azərbaycan Xalq Cəbhəsi
hakimiyyətinin acı mirasıdır. Çünki məhz onların xəyanətkar fəaliyyəti nəticəsində
torpaqlarımız işğal altına düşüb. Bunu hər kəs bilməlidir. Şuşanın işğalı böyük
faciə idi. Bu
gün real bir həqiqət də var ki, o da ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi
ilə dövlət quruculuğu yeni mərhələyə başladı. Əgər ümummilli lider Heydər
Əliyev hakimiyyətə gəlməsəydi, bilmək olmur Ermənistan hələ haraya qədər gəlib
çıxa bilərdi. Odur ki, bu gün Azərbaycanın
Silahlı Qüvvələri Cənubi Qafqaz regionunun ən güclü ordusuna malikdirsə, bunda
Ulu Öndərin misilsiz xidmətləri dayanır. Məhz ümummilli lider Heydər Əliyev Azərbaycana
rəhbərlik etdiyi birinci dövrdə ordu quruculuğuna böyük önəm verdi. Ulu Öndərin
bu sahəyə qayğısı sayəsində 1971-ci ildə Cəmşid Naxçıvanski adına
ixtisaslaşdırılmış hərbi məktəbin açılmasına, azərbaycanlı gənclərin Bakı Ali
Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də
SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul edilməsinə nail olundu.
Qələbənin qazanılmasında ordunun döyüş qabiliyyətinin
artırılması da başlıca şərtdir. Ulu Öndərin bu sahədə gördüyü işlər bu gün ölkə
başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu istiqamətdə lazımi addımlar
atılır. Cənab Prezidentin də qeyd etdiyi kimi, istər 2016-cı ilin, istərsə də
2018-ci illərin hərbi əməliyyatları göstərdi ki, ordumuz qarşıya qoyulan istənilən
vəzifəni yerinə yetirmək əzmindədir. Ölkə rəhbəri öz çıxışında münaqişə ilə bağlı
mövqeyimizdə möhkəm dayandığımızı və bir addım geri atmayacağımızı da qeyd
etdi. Dövlət başçısı işğal edilmiş torpaqlarda bu gün ermənilərin qanunsuz məskunlaşma
siyasəti apardığını bildirdi. Minsk qrupunun həmsədrlərinin bu məsələyə xüsusi
diqqət yetirməyini və bu qanunsuz məskunlaşmanın dayanmasını istədiyimizi
vurğuladı. Azərbaycan torpağında ikinci erməni dövlətinin yaradılmasına imkan
verilməyəcəyini bir daha diqqətə çatdırdı. Bəli, bu gün 168 km məsafədə
düşmənlə sərhəddə yerləşən Qazax rayonunun da Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara və Aşağı Əskipara kimi 7 kəndi hələ də düşmən tapdağı altındadır. Rayonun Məzəm,
Quşçu Ayrım, Fərəhli, Cəfərli və Bala Cəfərli kəndləri isə mənfur düşmən gülləsinin atəşinə məruz qalır. İşğal altında
olan kəndlərin 4 mindən çox sakini rayonun müxtəlif ərazilərində məcburi köçkün
kimi məskunlaşıblar. Bu gün həmin işğal altında olan kəndlərin sakinləri əsası ulu öndər
Heydər Əliyev tərəfindən qoyulmuş dövlətimizin taleyinin etibarlı əllərdə
olduğunu yaxşı bilirlər. Heydər Əliyev kürsüsünün layiqli davamçısı, cənab
Prezident İlham Əliyevin ölkəmizi gələcəyə, yeni uğurlara inamla apardığının şahididirlər.
Kənd sakinləri onu da yaxşı bilirlər ki, ölkə Prezidenti, Ali Baş Komandan
İlham Əliyevin rəhbərliyi ilə ordumuzun qüdrəti sayəsində işğal altında olan
bütün torpaqlarımız, o cümlədən də Qazaxın 7 kəndi işğaldan azad olunacaq və həmin
gün xalqımızın tarixinə qızıl hərflərlə yazılacaq. Hər kəsin arzusuna, diləyinə
çevrilmiş o gün isə çox da uzaqda deyil. Mənfur düşmənimiz olan
Ermənistan dövlətində yaşanan son hadisələrə nəzər saldıqda isə yalnız və
yalnız bir şeyin şahidi oluruq ki, bu da Ermənistanın müstəqillik
tarixi prinsipcə rüsvayçılıq tarixidir və diktaturadır. Çünki indiki iqtidar artıq dəfələrlə
bəyan və sübut edib ki, 1998-ci ildən 2018-ci ilə qədər Ermənistana rəhbərlik
etmiş şəxslər cinayətkardır, oğrudur, quldurdur. Çox təəssüflər olsun ki, Avropa Şurası, ATƏT Ermənistandakı
diktatura rejiminə səssiz qalır. Ermənistan hökumətinin antidemokratik
rejiminə qarşı, Avropa Şurası və ATƏT səslərini
çıxarmırlar. Bütün dünya dövlətləri yaxşı bilir ki, Ermənistanda diktatura hökm
sürür və bu, nə qədər belə çox davam edərsə, orada problemlər böhranlı həddə
bir o qədər tez çatacaq. Prinsip etibarilə əgər belə obyektiv təhlil aparsan,
görərsən ki, Ermənistanın inkişaf
perspektivləri yoxdur. Bu gün Ermənistanda korrupsiya, talançılıq, rüşvətxorluq,
qohumbazlıq kütləvi xarakter alıb. Çünki Ermənistanda qaçaqmalçılıqla
baş nazirin özü və onun ailəsi məşğuldur. Ermənilərin qəhrəmanları cinayətkardır,
onların prezidentləri rüşvətxordur. İndiki hakimiyyət bunları açdı-tökdü. Onsuz
da biz bunu bilirdik, indi bütün dünya bunu bilir. 20 il ərzində bu dırnaqarası
müstəqil ölkəyə quldur, rüşvətxor və cinayətkarlar rəhbərlik edib. Bu ölkəyə nə
ad vermək olar? Hələ 30 il yoxdur, guya müstəqil ölkə kimi yaşayır, əgər 20 il
quldurlar rəhbərlik edibsə, nə ad vermək olar - quldur ölkəsi, cinayətkar ölkəsi.
Onlarda təqribən bir il bundan əvvəl həbsdə olan bir jurnalist axıra qədər
aclıq elan edir və ölür. Heç bir beynəlxalq təşkilat, Avropa Şurası, ATƏT-in mətbuat
üzrə xidməti bir səs belə çıxarmırlar. Nə üçün? Çünki bilirlər ki, indiki Ermənistanın
rəhbərləri kimdir. Qonşu
Ermənistandan fərqli olaraq ölkə başçısının da söylədiyi kimi, biz hər sahədə,
beynəlxalq müstəvidə güclənirik, güclənməliyik - ölkə daxilində sabitlik, iqtisadi
sahədə islahatlar, sosial problemlərin həlli, regionların inkişafı və nəhayət,
ordu quruculuğu. Ona görə bu yolla biz gedəcəyik, ordumuzu bundan sonra da gücləndirəcəyik,
nə qədər lazımdırsa, orduya o qədər vəsait ayıracağıq. Bu gün tam əminliklə deyə bilərik ki, Ali
Baş Komandanın diqqət və qayğısı nəticəsində gündən-günə hərbi qüdrətini
artıran Azərbaycan Ordusu işğal altındakı torpaqlarımızı azad etmək, düşmənə
sarsıdıcı zərbə vurmaq üçün tam hazırdır. Xalqımız Ordumuzun hərbi qüdrətinə və
Azərbaycan əsgərinin bəxş edəcəyi qələbə sevincinin uzaqda olmadığına qəti şəkildə
inanır. GOYEZEN.AZ
Facebook-da paylaş