Əsas Səhifə > Manşet / Rəsmi > Prezident İlham Əliyev: “Bu gün Azərbaycan Ordusu dünyada 50 ən güclü ordu sırasındadır”
Prezident İlham Əliyev: “Bu gün Azərbaycan Ordusu dünyada 50 ən güclü ordu sırasındadır”27-06-2020, 19:48 |
İyunun 26-da ürəyi Azərbaycanla döyünən, Vətən torpaqlarının müdafiəsində dayanan hərbçiləri, əsgər və zabitləri ilə qürur duyan hər kəs Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 102-ci ildönümünü böyük ruh yüksəkliyi ilə qeyd etdi. Bəli, bu gün Azərbaycan xalqı 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə – əlahiddə Azərbaycan korpusunun yaradıldığı həmin şanlı tarixi 102 il ötsə belə yenə də qürurla xatırlayır və təməli o vaxtdan qoyulan Azərbaycan Silahlı Qüvvələri ilə fəxr edir. 100 ildən artıq tarixi bir yol qət etmiş Azərbaycanın bütün sahələrində olduğu kimi, ordu quruculuğunda da mühüm addımlar atılıb, bu sahədə əsl inkişaf gedib və getməkdə də davam edir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin iyunun 25-də Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin açılışında ordu quruculuğu haqqında söylədiyi fikirlər bir daha sübut etdi ki, Azərbaycanda bu sahə dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Bu gün tam əminliklə deyə bilərik ki, Prezidentin fəaliyyətində ordu quruculuğu birinci yerdədir. Ölkəmiz müharibə şəraitində yaşayır və belə olan halda ordu ilə bağlı bütün məsələlər ən başlıca vəzifədir. Məhz bunu nəzərə alan ölkə başçısı Azərbaycanda ordu quruculuğunu daim diqqət mərkəzində saxlayır. Dövlət başçısının özünün də söylədiyi kimi, bu gün xidməti yüksək səviyyədə aparmaq üçün bütün imkanlar yaradılıb. Prezidentin göstərişi ilə bütün hərbi hissələr, şəhərciklər, hərbi bazalar faktiki olaraq yenidən qurulur. Hərbi hissələrin 90 faizində tikinti-bərpa, yenidənqurma işləri tamamlanıb. Şəxsi heyətin xidmət şəraitinin yaxşılaşdırılması ilə bərabər, zabitlərin məişət problemləri də həll olunur. Orduda 20 il qüsursuz xidmət edən zabitlərə dövlət tərəfindən mənzillər verilir. Bu, əlbəttə ki, böyük vəsait tələb edir və 1700 zabit mənzillə təmin olunub. Bu ilin sonuna qədər əlavə 419 zabitə dövlət tərəfindən mənzillər veriləcək. Hərbçilərin əməkhaqları müntəzəm olaraq qaldırılır, fərqlənmiş hərbçilər mükafatlandırılır. Bütün bunlar isə ordumuzun son illər ərzində uğurlu inkişafı naminə həyata keçirilən işlərdir. Ölkə rəhbərliyinin bu sahəyə olan yüksək diqqət və qayğısının nəticəsidir ki, dünyada orduların reytinqlərini tərtib edən sanballı qurumlar təsdiq edirlər ki, bu gün Azərbaycan Ordusu dünyada 50 ən güclü ordu sırasındadır. Son illər ordu quruculuğu sahəsində əldə edilən uğur və nailiyyətlər onu söyləməyə əsas verir ki, bu gün Azərbaycan dünya miqyasında öz gücünə arxalanan və heç kimdən asılı olmayan ölkədir. Hər kəsə o da yaxşı məlumdur ki, dünyada, beynəlxalq müstəvidə güc amili ön plana çıxır. Beynəlxalq münasibətlərdə "kim güclüdür, o da haqlıdır” prinsipi üstünlük təşkil edir. Ölkə rəhbərinin də qeyd etdiyi kimi, Azərbaycan dövləti olaraq hər şeyi öz hesabımıza əldə etmişik. Cənab Prezidentin də dediyi kimi, əgər biz güclü iqtisadiyyat qurmasaydıq, nəhəng neft-qaz layihələri icra etməsəydik, ordumuzu müasirləşdirmək üçün vəsaitimiz olmazdı. Bu gün ölkəmizdə strateji obyektlər ən yüksək səviyyədə qorunur. Hava hücumuna qarşı müasir qurğularımız imkan verir ki, ölkəmiz, o cümlədən strateji obyektlər qorunsun. Ən əsası da cəbhə bölgəsində yaranmış vəziyyət bir daha onu göstərir ki, Azərbaycan strateji üstünlüyə malikdir. Bunun kökündə isə ordumuzun müasir silah-sursat, texnika ilə təchizatı dayanır ki, yüksək səviyyədə təmin olunub və bu, bundan sonra da davam etdiriləcək. Eyni zamanda, bizim döyüş təyyarələrimiz modernləşdirilib, yüzdən çox hərbi və hərbi-nəqliyyat vertolyotumuz var. Təbii ki, bu da bizim böyük potensialımızdır. Azərbaycan xalqı öz ordusunun hansı potensiala qadir olmasının bariz nümunəsini isə 2016-cı ilin aprelində bir daha gördü və şahidi oldu. 2016-cı ilin Aprel döyüşlərində əldə olunmuş Lələtəpə zəfəri, eləcə də Cocuq Mərcanlının azad edilməsi ordumuzun gücünü, qüdrətini bir daha nümayiş etdirdi. 2018-ci ilin mayında Naxçıvanda qazanılmış Günnüt qələbəsi isə yüksək potensiala sahib olan Azərbaycan ordusunun əldə etdikləri zəfərlərin davamlı olacağını göstərdi. Ölkə başçısının da söylədiyi kimi, uğurlu Naxçıvan əməliyyatı nəticəsində 10 min hektardan çox ərazini işğalçılardan azad etdik və strateji yüksəkliklərə çıxdıq. Bu qələbə nəticəsində indi Ermənistandan Dağlıq Qarabağa gedən yol bizim gözümüzün qabağından keçir. Heç şübhəsiz ki, bu qələbələrin qazanılmasında ordumuzun hərbi tələbatının təminatının yüksək səviyyədə olması təşkil edir. Odur ki, bu gün Müdafiə Sənayesi Nazirliyi hərbi təlabatın mühüm hissəsini istehsal edir. Ölkə Prezidentin sərəncamı ilə 15 il bundan əvvəl yaradılmış Müdafiə Sənayesi Nazirliyinin xətti ilə 1300-dən çox adda hərbi təyinatlı məhsulun istehsal olunması bunun bariz nümunəsidir. Böyük qələbələrin qazanılması üçün hərbi hissələrdə əsgərlərin ruh yüksəkliyinin olması da mütləq şərtdir. Ölkə başçısının da vurğuladığı kimi, hərbi hissələrdə ideoloji vəziyyətə də xüsusi əhəmiyyət verilməlidir. Ölkəmizin qədim və müasir tarixi ilə əlaqədar hər bir əsgərdə, zabitdə dolğun təəssürat olmalıdır. Gənclərimiz bugünkü Ermənistanın Azərbaycan torpaqlarında formalaşdığını, eləcə də bugünkü Ermənistan xəritəsində olan coğrafi toponimlərin əsl adlarını bilməlidirlər. Ölkə rəhbərinin də qeyd etdiyi kimi, Azərbaycan Xalq Cümhuriyyəti antimilli qurum kimi qələmə verilirdi. Ancaq bizim müstəqilliyimizi əlimizdən alanlar, yerli satqınlar qəhrəman kimi qələmə verilirdi. Azərbaycan Xalq Cəbhəsi istənilən yollarla hakimiyyətə gəlmək istəyirdi. Bu münaqişə Azərbaycan Xalq Cəbhəsi hakimiyyətinin acı mirasıdır. Çünki məhz onların xəyanətkar fəaliyyəti nəticəsində torpaqlarımız işğal altına düşüb. Bunu hər kəs bilməlidir. Şuşanın işğalı böyük faciə idi. Bu gün real bir həqiqət də var ki, o da ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə dövlət quruculuğu yeni mərhələyə başladı. Əgər ümummilli lider Heydər Əliyev hakimiyyətə gəlməsəydi, bilmək olmur Ermənistan hələ haraya qədər gəlib çıxa bilərdi. Odur ki, bu gün Azərbaycanın Silahlı Qüvvələri Cənubi Qafqaz regionunun ən güclü ordusuna malikdirsə, bunda Ulu Öndərin misilsiz xidmətləri dayanır. Məhz ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi birinci dövrdə ordu quruculuğuna böyük önəm verdi. Ulu Öndərin bu sahəyə qayğısı sayəsində 1971-ci ildə Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbin açılmasına, azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul edilməsinə nail olundu.
Qələbənin qazanılmasında ordunun döyüş qabiliyyətinin artırılması da başlıca şərtdir. Ulu Öndərin bu sahədə gördüyü işlər bu gün ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu istiqamətdə lazımi addımlar atılır. Cənab Prezidentin də qeyd etdiyi kimi, istər 2016-cı ilin, istərsə də 2018-ci illərin hərbi əməliyyatları göstərdi ki, ordumuz qarşıya qoyulan istənilən vəzifəni yerinə yetirmək əzmindədir. Ölkə rəhbəri öz çıxışında münaqişə ilə bağlı mövqeyimizdə möhkəm dayandığımızı və bir addım geri atmayacağımızı da qeyd etdi. Dövlət başçısı işğal edilmiş torpaqlarda bu gün ermənilərin qanunsuz məskunlaşma siyasəti apardığını bildirdi. Minsk qrupunun həmsədrlərinin bu məsələyə xüsusi diqqət yetirməyini və bu qanunsuz məskunlaşmanın dayanmasını istədiyimizi vurğuladı. Azərbaycan torpağında ikinci erməni dövlətinin yaradılmasına imkan verilməyəcəyini bir daha diqqətə çatdırdı. Bəli, bu gün 168 km məsafədə düşmənlə sərhəddə yerləşən Qazax rayonunun da Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara və Aşağı Əskipara kimi 7 kəndi hələ də düşmən tapdağı altındadır. Rayonun Məzəm, Quşçu Ayrım, Fərəhli, Cəfərli və Bala Cəfərli kəndləri isə mənfur düşmən gülləsinin atəşinə məruz qalır. İşğal altında olan kəndlərin 4 mindən çox sakini rayonun müxtəlif ərazilərində məcburi köçkün kimi məskunlaşıblar. Bu gün həmin işğal altında olan kəndlərin sakinləri əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlətimizin taleyinin etibarlı əllərdə olduğunu yaxşı bilirlər. Heydər Əliyev kürsüsünün layiqli davamçısı, cənab Prezident İlham Əliyevin ölkəmizi gələcəyə, yeni uğurlara inamla apardığının şahididirlər. Kənd sakinləri onu da yaxşı bilirlər ki, ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun qüdrəti sayəsində işğal altında olan bütün torpaqlarımız, o cümlədən də Qazaxın 7 kəndi işğaldan azad olunacaq və həmin gün xalqımızın tarixinə qızıl hərflərlə yazılacaq. Hər kəsin arzusuna, diləyinə çevrilmiş o gün isə çox da uzaqda deyil. Mənfur düşmənimiz olan Ermənistan dövlətində yaşanan son hadisələrə nəzər saldıqda isə yalnız və yalnız bir şeyin şahidi oluruq ki, bu da Ermənistanın müstəqillik tarixi prinsipcə rüsvayçılıq tarixidir və diktaturadır. Çünki indiki iqtidar artıq dəfələrlə bəyan və sübut edib ki, 1998-ci ildən 2018-ci ilə qədər Ermənistana rəhbərlik etmiş şəxslər cinayətkardır, oğrudur, quldurdur. Çox təəssüflər olsun ki, Avropa Şurası, ATƏT Ermənistandakı diktatura rejiminə səssiz qalır. Ermənistan hökumətinin antidemokratik rejiminə qarşı, Avropa Şurası və ATƏT səslərini çıxarmırlar. Bütün dünya dövlətləri yaxşı bilir ki, Ermənistanda diktatura hökm sürür və bu, nə qədər belə çox davam edərsə, orada problemlər böhranlı həddə bir o qədər tez çatacaq. Prinsip etibarilə əgər belə obyektiv təhlil aparsan, görərsən ki, Ermənistanın inkişaf perspektivləri yoxdur. Bu gün Ermənistanda korrupsiya, talançılıq, rüşvətxorluq, qohumbazlıq kütləvi xarakter alıb. Çünki Ermənistanda qaçaqmalçılıqla baş nazirin özü və onun ailəsi məşğuldur. Ermənilərin qəhrəmanları cinayətkardır, onların prezidentləri rüşvətxordur. İndiki hakimiyyət bunları açdı-tökdü. Onsuz da biz bunu bilirdik, indi bütün dünya bunu bilir. 20 il ərzində bu dırnaqarası müstəqil ölkəyə quldur, rüşvətxor və cinayətkarlar rəhbərlik edib. Bu ölkəyə nə ad vermək olar? Hələ 30 il yoxdur, guya müstəqil ölkə kimi yaşayır, əgər 20 il quldurlar rəhbərlik edibsə, nə ad vermək olar - quldur ölkəsi, cinayətkar ölkəsi. Onlarda təqribən bir il bundan əvvəl həbsdə olan bir jurnalist axıra qədər aclıq elan edir və ölür. Heç bir beynəlxalq təşkilat, Avropa Şurası, ATƏT-in mətbuat üzrə xidməti bir səs belə çıxarmırlar. Nə üçün? Çünki bilirlər ki, indiki Ermənistanın rəhbərləri kimdir. Qonşu Ermənistandan fərqli olaraq ölkə başçısının da söylədiyi kimi, biz hər sahədə, beynəlxalq müstəvidə güclənirik, güclənməliyik - ölkə daxilində sabitlik, iqtisadi sahədə islahatlar, sosial problemlərin həlli, regionların inkişafı və nəhayət, ordu quruculuğu. Ona görə bu yolla biz gedəcəyik, ordumuzu bundan sonra da gücləndirəcəyik, nə qədər lazımdırsa, orduya o qədər vəsait ayıracağıq. Bu gün tam əminliklə deyə bilərik ki, Ali Baş Komandanın diqqət və qayğısı nəticəsində gündən-günə hərbi qüdrətini artıran Azərbaycan Ordusu işğal altındakı torpaqlarımızı azad etmək, düşmənə sarsıdıcı zərbə vurmaq üçün tam hazırdır. Xalqımız Ordumuzun hərbi qüdrətinə və Azərbaycan əsgərinin bəxş edəcəyi qələbə sevincinin uzaqda olmadığına qəti şəkildə inanır. GOYEZEN.AZ Geri qayıt |