Mədəniyyət müəssisələrinin rəhbərlərinə xəbərdarlıq edildi
Respublika
Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında korrupsiya ilə mübarizənin
daha da sərtləşdirilməsi və vətəndaş-məmur münasibətlərinin daha sağlam
prinsiplər üzərində qurulması sahəsində görülən işlər respublikamızın hər
yerində olduğu kimi, Qazaxda da yüksək qiymətləndirilir.
Xüsusilə də ölkə başçısı tərəfindən ən yüksək səviyyədə edilmiş açıq
çağırışlara və xəbərdarlıqlara məhəl qoymayan, ifşa olunmuş həmkarlarının aqibətindən
nəticə çıxarmayan vəzifəli şəxslər barəsində qanunvericiliyə uyğun cinayət-hüquqi
tədbirlərin görülməsi təqdirəlayiq hal kimi qeyd olunur. Azərbaycan
Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Yevlax şəhərinin, Ağstafa,
Biləsuvar, İmişli və Neftçala rayonlarının icra hakimiyyəti başçıları, habelə
bir sıra şəhər-qəsəbə icra nümayəndələrinin cinayət məsuliyyətinə cəlb olunaraq
həbs edilməsi xoşagəlməz hal kimi qəbul olunaraq dövlətə, dövlətçiliyə qarşı
atılan zidd addım kimi göstərilir. Dövlət başçısı mayın 1-də Azərbaycan Respublikasının Baş
prokuroru Kamran Əliyevi vəzifəyə təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən də ölkədə korrupsiyaya
qarşı amansız mübarizə aparılması ilə bağlı prinsipal mövqeyini bir daha diqqətə
çatdırmış, tətbiq edilən məsuliyyət tədbirlərinin təkcə yerli icra hakmiyyəti
orqanları ilə kifayətlənməyəcəyini, cəmiyyətin əsaslarını sarsıdan çirkin əməllərə
yol verən bəzi mərkəzi icra hakimiyyəti orqanlarını da əhatə edəcəyini açıq
bildirmişdir. Çox təəssüflər
olsun ki, dövlət başçısının verdiyi ciddi tapşırıq və tövsiyələrə məhəl
qoymayaraq ölkə rəhbərinin yürütdüyü məqsədyönlü siyasətə zərbə vuran, kölgə
salmağa çalışan dövlət məmurları hələ də var. Mayın 8-də Azərbaycan
Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Azərbaycan
Respublikasının Mədəniyyət Nazirliyində həyata keçirilən xüsusi əməliyyat da
ölkə Prezidentinin sözügedən bəyanatının özünü çox gözlətməyən nəticəsi oldu. Nazirliyin
yüksək vəzifəli şəxsləri, o cümlədən nazir müavini Rafiq Bayramov və Nazirlik
yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi
Zakir Sultanov öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq
istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər
vuran çoxsaylı qanunazidd əməllərə yol vermələri ilə bağlı təqsirləndirilərək
barələrində həbs qətimkan tədbiri seçildi. Təbii ki, bu cür
hal Qazaxda da rayon ictimaiyyəti,
ziyalılar, hətta, mədəniyyət sahəsində çalışan insanlar tərəfindən də xoşagəlməz
hal kimi qarşılandı və hər kəs öz münasibətini bildirdi. Bu gün Qazax
Rayon İcra Hakimiyyətində rayonda fəaliyyət göstərən mədəniyyət müəssisələri
rəhbərlərinin iştirakı ilə keçirilən iclasda da son günlər ölkəmizdə yaşanan vəziyyət
müzakirə olunub. Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşov iclası giriş sözü ilə açaraq respublikamızda rüşvətxorluğa qarşı aparılan
mübarizə tədbirlərinin Qazaxda da birmənalı şəkildə yerinə yetirildiyini
bildirib. Ölkə başçısının bu sahədə barışmaz mövqeyini hər zaman əldə rəhbər
tutaraq şəffaflığın təmin olunması sahəsində məqsədyönlü işlər gördüyünü
bildirib. Ən əsası da şəffaflığın bütün sahələri, o cümlədən də mədəniyyət sahəsini
əhatə etdiyini qeyd edib. İcra başçısı son illər rayonda bütün sahələrdə şəffaflığın
tam təmin olunduğunu, neqativ halların aradan qaldırıldığını vurğulayıb və
bundan sonra da şəffaflığın tam təmin olunacağını söyləyib. İcra başçısı ölkə
Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın mədəniyyət
sahəsinə, bu sahədə olan insanlara verdiyi qiymətin, göstərdikləri yüksək dövlət
qayğısının müqabilində bu cür addımların atılmasını bağışlanılmaz hal kimi qeyd
edib. Vicdanı olan, şəxsiyyətinə hörmət edən hər bir dövlət məmurunun ölkə
başçısının tapşırıq və tövsiyələrindən nəticə çıxarmalarını, dövlətə, dövlətçiliyə
sadiqlik nümayiş etdirmələrini bildirib. İcra başçısı
qeyd edib ki, Azərbaycan xalqının yaşı minilliklərlə ölçülən zəngin mədəni
irsinin qorunmasının, teatr, kino, kitabxanaçılıq, muzey işi, nəşriyyat işi,
xalçaçılıq və digər mühüm sahələrin etibar edildiyi bir nazirlikdə bu cür neqativ
hallara yol verilməsi haqlı olaraq hiddətlə qarşılanmalı, ən kəskin tərzdə
qınanmalıdır. Ermənistanın hələ də davam edən təcavüzkarlığı nəticəsində onsuz
da çoxsaylı vandalizmə məruz qalmış mədəniyyətimizin keşiyində durmalı olan məmurların
xəyanət yolunu seçməsi həm hüquqi, həm də mənəvi baxımdan bağışlanmazdır və
onlara qarşı qanunun ən sərt formada tətbiqi mütləqdir. Rayon rəhbəri
bugünkü iclasın əsas məqsədinin bu sahədə görülən tədbirləri müzakirə edərək
bir daha nəticə çıxarmaq, bu cür halların yolverilməz olduğunu diqqətə
çatdırmaqdır. Bu günə kimi atdığı hər bir addımda ilk öncə rayonun adını
qoruduğunu qeyd edən icra başçısı hər bir idarə, müəssisə və təşkilat rəhbərinin
də məhz bu mövqeyi əldə rəhbər tutaraq çalışmalarını vurğulayıb. İclasda səslənən
fikirlərdən nəticə çıxararaq öz işlərinə bundan sonra da məsuliyyətlə, vicdanla
yanaşmalarını bildirib və bir daha ciddi şəkildə xəbərdarlıq edib. Ağstafa Regional Mədəniyyət İdarəsinin Qazax rayonu
üzrə nümayəndəliyinin rəhbəri Valeh Vəliyev, Ağstafa Regional Mədəniyyət
İdarəsində məsləhətçi Pəri Məmmədova, Azərbaycan Yazıçılar Birliyi Qazax zona
filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal çıxış edərək son
günlər ölkəmizdə yaşanan vəziyyət, xüsusilə də dövlət tərəfindən rüşvətxorluğa
və korrupsiyaya qarşı həyata keçirilən tədbirlərdən söz açıblar. Mədəniyyət
sahəsində baş verənləri birmənalı şəkildə pislədiklərini və xoşagəlməz hal kimi
qiymətləndirdiklərini bildiriblər. Müstəqil dövlət olan Azərbaycanda bu cür
halların baş verməsini illərlə qazanılan uğur və nailiyyətlərə, ölkənin siyasi
nüfuzuna vurulan zərbə, salınan kölgə kimi qeyd ediblər. Sözügedən şəxslərin
başlarına gətirilənlərdən hər kəsin ibrət dərsi götürmələrini, ən nəhayət
nəticə çıxarmalarını səsləndiriblər. Çıxış edənlər son illər Qazaxda olan şəffaflığa,
xüsusilə bu şəffaflığın bütün sahələri əhatə etməsinə görə rayon rəhbərliyinə
minnətdarlıqlarını bildiriblər. Düzgün təməl üzərində təmin olunan bu
şəffaflığı ölkə başçısının istəyinə, tələb və tövsiyələrinə uyğun olan bir amil
kimi göstəriblər. Ən əsası da bütün bunların kökündə vətəndaş-məmur
münasibətlərinin dayandığını dilə gətiriblər. Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşov iclasa yekun vuraraq sonda bir daha mədəniyyət
müəssisələrində çalışan insanlara bundan sonra daha da məsuliyyətli olmalarını
bildirib. GOYEZEN.AZ
Facebook-da paylaş