Əsas Səhifə > Manşet / Mədəniyyət > Mədəniyyət müəssisələrinin rəhbərlərinə xəbərdarlıq edildi
Mədəniyyət müəssisələrinin rəhbərlərinə xəbərdarlıq edildi13-05-2020, 20:58 |
Respublika Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında korrupsiya ilə mübarizənin daha da sərtləşdirilməsi və vətəndaş-məmur münasibətlərinin daha sağlam prinsiplər üzərində qurulması sahəsində görülən işlər respublikamızın hər yerində olduğu kimi, Qazaxda da yüksək qiymətləndirilir. Xüsusilə də ölkə başçısı tərəfindən ən yüksək səviyyədə edilmiş açıq çağırışlara və xəbərdarlıqlara məhəl qoymayan, ifşa olunmuş həmkarlarının aqibətindən nəticə çıxarmayan vəzifəli şəxslər barəsində qanunvericiliyə uyğun cinayət-hüquqi tədbirlərin görülməsi təqdirəlayiq hal kimi qeyd olunur. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Yevlax şəhərinin, Ağstafa, Biləsuvar, İmişli və Neftçala rayonlarının icra hakimiyyəti başçıları, habelə bir sıra şəhər-qəsəbə icra nümayəndələrinin cinayət məsuliyyətinə cəlb olunaraq həbs edilməsi xoşagəlməz hal kimi qəbul olunaraq dövlətə, dövlətçiliyə qarşı atılan zidd addım kimi göstərilir. Dövlət başçısı mayın 1-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevi vəzifəyə təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən də ölkədə korrupsiyaya qarşı amansız mübarizə aparılması ilə bağlı prinsipal mövqeyini bir daha diqqətə çatdırmış, tətbiq edilən məsuliyyət tədbirlərinin təkcə yerli icra hakmiyyəti orqanları ilə kifayətlənməyəcəyini, cəmiyyətin əsaslarını sarsıdan çirkin əməllərə yol verən bəzi mərkəzi icra hakimiyyəti orqanlarını da əhatə edəcəyini açıq bildirmişdir. Çox təəssüflər olsun ki, dövlət başçısının verdiyi ciddi tapşırıq və tövsiyələrə məhəl qoymayaraq ölkə rəhbərinin yürütdüyü məqsədyönlü siyasətə zərbə vuran, kölgə salmağa çalışan dövlət məmurları hələ də var. Mayın 8-də Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində həyata keçirilən xüsusi əməliyyat da ölkə Prezidentinin sözügedən bəyanatının özünü çox gözlətməyən nəticəsi oldu. Nazirliyin yüksək vəzifəli şəxsləri, o cümlədən nazir müavini Rafiq Bayramov və Nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələri ilə bağlı təqsirləndirilərək barələrində həbs qətimkan tədbiri seçildi.
Təbii ki, bu cür hal Qazaxda da rayon ictimaiyyəti, ziyalılar, hətta, mədəniyyət sahəsində çalışan insanlar tərəfindən də xoşagəlməz hal kimi qarşılandı və hər kəs öz münasibətini bildirdi. Bu gün Qazax Rayon İcra Hakimiyyətində rayonda fəaliyyət göstərən mədəniyyət müəssisələri rəhbərlərinin iştirakı ilə keçirilən iclasda da son günlər ölkəmizdə yaşanan vəziyyət müzakirə olunub. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov iclası giriş sözü ilə açaraq respublikamızda rüşvətxorluğa qarşı aparılan mübarizə tədbirlərinin Qazaxda da birmənalı şəkildə yerinə yetirildiyini bildirib. Ölkə başçısının bu sahədə barışmaz mövqeyini hər zaman əldə rəhbər tutaraq şəffaflığın təmin olunması sahəsində məqsədyönlü işlər gördüyünü bildirib. Ən əsası da şəffaflığın bütün sahələri, o cümlədən də mədəniyyət sahəsini əhatə etdiyini qeyd edib. İcra başçısı son illər rayonda bütün sahələrdə şəffaflığın tam təmin olunduğunu, neqativ halların aradan qaldırıldığını vurğulayıb və bundan sonra da şəffaflığın tam təmin olunacağını söyləyib. İcra başçısı ölkə Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın mədəniyyət sahəsinə, bu sahədə olan insanlara verdiyi qiymətin, göstərdikləri yüksək dövlət qayğısının müqabilində bu cür addımların atılmasını bağışlanılmaz hal kimi qeyd edib. Vicdanı olan, şəxsiyyətinə hörmət edən hər bir dövlət məmurunun ölkə başçısının tapşırıq və tövsiyələrindən nəticə çıxarmalarını, dövlətə, dövlətçiliyə sadiqlik nümayiş etdirmələrini bildirib. İcra başçısı qeyd edib ki, Azərbaycan xalqının yaşı minilliklərlə ölçülən zəngin mədəni irsinin qorunmasının, teatr, kino, kitabxanaçılıq, muzey işi, nəşriyyat işi, xalçaçılıq və digər mühüm sahələrin etibar edildiyi bir nazirlikdə bu cür neqativ hallara yol verilməsi haqlı olaraq hiddətlə qarşılanmalı, ən kəskin tərzdə qınanmalıdır. Ermənistanın hələ də davam edən təcavüzkarlığı nəticəsində onsuz da çoxsaylı vandalizmə məruz qalmış mədəniyyətimizin keşiyində durmalı olan məmurların xəyanət yolunu seçməsi həm hüquqi, həm də mənəvi baxımdan bağışlanmazdır və onlara qarşı qanunun ən sərt formada tətbiqi mütləqdir.
Rayon rəhbəri bugünkü iclasın əsas məqsədinin bu sahədə görülən tədbirləri müzakirə edərək bir daha nəticə çıxarmaq, bu cür halların yolverilməz olduğunu diqqətə çatdırmaqdır. Bu günə kimi atdığı hər bir addımda ilk öncə rayonun adını qoruduğunu qeyd edən icra başçısı hər bir idarə, müəssisə və təşkilat rəhbərinin də məhz bu mövqeyi əldə rəhbər tutaraq çalışmalarını vurğulayıb. İclasda səslənən fikirlərdən nəticə çıxararaq öz işlərinə bundan sonra da məsuliyyətlə, vicdanla yanaşmalarını bildirib və bir daha ciddi şəkildə xəbərdarlıq edib. Ağstafa Regional Mədəniyyət İdarəsinin Qazax rayonu üzrə nümayəndəliyinin rəhbəri Valeh Vəliyev, Ağstafa Regional Mədəniyyət İdarəsində məsləhətçi Pəri Məmmədova, Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal çıxış edərək son günlər ölkəmizdə yaşanan vəziyyət, xüsusilə də dövlət tərəfindən rüşvətxorluğa və korrupsiyaya qarşı həyata keçirilən tədbirlərdən söz açıblar. Mədəniyyət sahəsində baş verənləri birmənalı şəkildə pislədiklərini və xoşagəlməz hal kimi qiymətləndirdiklərini bildiriblər. Müstəqil dövlət olan Azərbaycanda bu cür halların baş verməsini illərlə qazanılan uğur və nailiyyətlərə, ölkənin siyasi nüfuzuna vurulan zərbə, salınan kölgə kimi qeyd ediblər. Sözügedən şəxslərin başlarına gətirilənlərdən hər kəsin ibrət dərsi götürmələrini, ən nəhayət nəticə çıxarmalarını səsləndiriblər. Çıxış edənlər son illər Qazaxda olan şəffaflığa, xüsusilə bu şəffaflığın bütün sahələri əhatə etməsinə görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Düzgün təməl üzərində təmin olunan bu şəffaflığı ölkə başçısının istəyinə, tələb və tövsiyələrinə uyğun olan bir amil kimi göstəriblər. Ən əsası da bütün bunların kökündə vətəndaş-məmur münasibətlərinin dayandığını dilə gətiriblər. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov iclasa yekun vuraraq sonda bir daha mədəniyyət müəssisələrində çalışan insanlara bundan sonra daha da məsuliyyətli olmalarını bildirib. GOYEZEN.AZ Geri qayıt |