Qazaxda əlillərə diqqət və qayğı göstərilir
Respublika mətbuatı Qazax haqqında
Prezident İlham Əliyevin "Biz birlikdə güclüyük!” çağırışına qoşulan Qazax Rayon İcra Hakimiyyəti həyata keçirilən xeyriyyə aksiyasını davam etdirir. Koronavirus (COVID-19) pandemiyasının yayılma təhlükəsi ilə əlaqədar tətbiq olunan gücləndirilmiş karantin rejimi günlərində təşkil olunan xeyriyyə aksiyası çərçivəsində növbəti yardım Qarabağ müharibəsi, Çernobıl və hərbi xidmət əlillərinə edilmişdir.
"Biz birlikdə güclüyük!” adlı kampaniya çərçivəsində rayon mərkəzində və kəndlərdə yaşayan 425 nəfər Qarabağ müharibəsi, Çernobıl və hərbi xidmət əlilinə müxtəlif ərzaq məhsullarından ibarət sovqat paylanmışdır. Ərzaq məhsullarının paylanmasında gənc könüllülər və aidiyyəti şəxslər fəallıqla iştirak etmiş, bağlamaları əlillərin yaşadıqları ünvanlara çatdırmışlar.
Ərzaq məhsulları paylanarkən "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Qazax rayon şöbəsinin sədr müavini, I qrup Qarabağ müharibəsi əlili Namiq Alıyev, Qarabağ müharibəsi əlillərindən Baxış Hüseynov, Rəşad Qocayev və başqaları bu ağır günlərdə dövlət tərəfindən göstərilən dəstəyi ölkə vətəndaşlarına olan qayğı kimi dəyərləndirmiş, ölkə başçısına təşəkkürlərini bildirmişlər. Qeyd etmişlər ki, koronavirus pandemiyasının dünyanı ağuşuna aldığı bir vaxtda dövlət başçısının rəhbərliyi altında göstərilən bu qayğı bir daha sübut edir ki, Azərbaycan hakimiyyəti dar gündə də, xoş gündə də vətəndaşlarının yanındadır. "Biz birlikdə güclüyük!” adlı aksiyanın keçirilməsi bunun əyani sübutudur.
Sabir ƏLİYEV,
"Azərbaycan” qəzetinin bölgə müxbiri
19 aprel 2020-ci il
Facebook-da paylaş