İcra başçısı və Administrasiya nümayəndəsi Qazaxda icrasına başlanılan “Abad məhəllə” layihəsi çərçivəsində görülən işlərlə maraqlanıblar
Ötən yazılarımızda da xəbər
verdiyimiz kimi, artıq bir neçə gündür ki, Qazaxda "Abad məhəllə”
layihəsinin icrasına başlanılıb. Bu layihə çərçivəsində qısa bir
vaxtda respublikamızın iri şəhər və rayonlarında olduğu kimi, Qazaxın da
simasının tamamilə dəyişməsi, daha yeni görkəm alması, abad və müasir rayonlar
sırasına yazılması üçün ilk gündən işlərə böyük sürətlə start verilib. Bu gün Qazax
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi
Orxan Mürsəlovla birlikdə "Abad məhəllə” layihəsinin icra
olunduğu ərazidə görülən işlərlə tanış olublar. Administrasiya nümayəndəsinə məlumat verilib ki, haqqında söhbət açdığımız layihənin icrasına ilk
olaraq su və kanalizasiya sisteminin çəkilişi başa çatan N.Nərimanov
qəsəbəsində 6 bloklu, beşmərtəbəli, 60 mənzilli 49 saylı, hər biri 8 mənzildən
ibarət 1 bloklu, ikimərtəbəli 1,2,3 saylı binaların yerləşdiyi ərazidən
başlanılıb. Hazırda binaların həyətində olan köhnə elektrik və rabitə xətləri
səliqəyə salınır. Bundan əlavə, bardürlər düzülərək səkilər yaradılır. Lazım
olan hissələrə asfalt döşənəcək. Dekorativ gül kolları əkilərək park salınacaq.
Bir sözlə, layihə çərçivəsində qeyd etdiyimiz ərazi yeni görkəm alacaq və bütün
gözəllikləri özündə əks etdirən "Abad məhəllə” adı altında rayonumuzun ünvanına
daxil olacaq.
İstər "Abad məhəllə” layihəsinin icrasını, istərsə də
yaşadıqları ərazidə aparılan abadlıq və quruculuq işlərini yüksək
qiymətləndirən bina sakinləri həyata keçirilən genişmiqyaslı işlərə görə ölkə
başçısı İlham Əliyev başda olmaqla rayon rəhbərliyinə sonsuz minnətdarlıqlarını
bildiriblər. Qazaxın inkişafı istiqamətində atılan uğurlu addımları rayon
sakinləri olaraq hər zaman razılıq hissi ilə qarşıladıqlarını söyləyiblər.
GOYEZEN.AZ
Facebook-da paylaş