İcra başçısı N.Nərimanov qəsəbəsində yerləşən 49 saylı binanın qarşısında aparılan abadlıq işləri ilə tanış olub
Məlumat verdiyimiz kimi, ötən ilin əvvəlindən başlayaraq dövlət başçısı İlham Əliyevin diqqət və qayğısı sayəsində "Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Qazax şəhərinin içməli su və kanalizasiya sisteminin yenidən qurulması layihəsi uğurla həyata keçirilir.
Bu gün isə təqdirəlayiq haldır ki, artıq şəhərdə su və kanalizasiya sisteminin çəkilişi başa çatan ərazilərdə "Abad məhəllə” layihəsinin icrasına başlanılıb. Həmin ərazilərdən biri də N.Nərimanov qəsəbəsində yerləşən 49 saylı binadır ki, artıq dünəndən bu layihə əsasında binanın qarşısında abadlıq işlərinə start verilib.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov həmin ərazidə olub, layihəyə uyğun olaraq görüləcək işlərlə maraqlanıb. Rayon rəhbərinə məlumat verilib ki, hazırda binanın həyətində olan köhnə elektrik və rabitə xətləri səliqəyə salınır. Bundan əlavə, bardürlər düzülərək səkilər yaradılır. Lazım olan hissələrə asfalt döşənəcək. Dekorativ gül kolları əkilərək park salınacaq. Bir sözlə, "Abad məhəllə” layihəsi çərçivəsində 49 saylı bina və ətrafı yeni görkəm alacaq.
Görüləcək işlərlə bağlı fikirləri dinləyən icra başçısı bütün işlərin keyfiyyətlə aparılmasını, eyni zamanda qısa bir vaxtda başa çatdırılmasını bildirib. Rayon rəhbəri bununla əlaqədar tapşırıq və tövsiyələrini də verib.
Məlumat üçün qeyd edək ki, sözügedən layihənin sifarişçisi "Azərsu” ASC, maliyyə mənbəyi Azərbaycan hökuməti və İslam İnkişaf Bankı, podratçı "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC, məsləhətçi şirkət isə "Gentek” Consult şirkətidir. İki il müddətində davam edəcək layihədə şəhərin su və kanalizasiya sisteminin yenidən qurulması üçün bütün lazımi tədbirlər görülür. Əsasən 3 mərhələdə həyata keçiriləcək layihənin 2020-ci ilin sonlarına kimi başa çatdırılması nəzərdə tutulub. Bu günə kimi kanalizasiya sistemi borularının quraşdırılması üzrə 65,4 %, su təchizatı borularının quraşdırılması üzrə isə 53,1% işlər yerinə yetirilib.
GOYEZEN.AZ
Facebook-da paylaş