Qazaxda “Ömrün payızı” adlı tədbir keçirilib
Bütün dünyada ziyalılar yurdu və Qərbin qapısı sayılan
Qazaxda təhsil sahəsi, bu sahəni layiqincə təmsil edən, müəllim adını şərəflə
daşıyan insanlara hər zaman diqqət, qayğı, böyük hörmət və ehtiram olub. Bu gün Qazax Uşaq-Gənclər İnkişaf Mərkəzinin rayon
məktəblərindən təqaüdə çıxmış müəllimlərlə görüş keçirməsi, Mərkəzin dərnək
üzvləri olan körpə fidanların dilindən müəllimlərimizin ünvanına söylənilən
dəyərli fikirlər, xoş sözlər bunu bir daha sübut edib. "Ömrün payızı” adlı
tədbirdə körpə fidanların müəllim adını şərəf və hörmətlə daşıyan ziyalılarımız
haqqında söylədikləri fikirlər bir daha onu göstərib ki, müəllim əməyi heç vaxt
itmir, əksinə illər ötdükcə müəllim öz əməyinin bəhrəsini görür. S.Vurğun adına şəhər 2 nömrəli tam orta məktəbin akt
zalında təşkil olunan tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb
Babaşov, icra aparatının məsul işçiləri, Rayon Təhsil şöbəsinin əməkdaşları, məktəb direktorları, şəhər və kənd
məktəblərindən təqaüdə çıxmış müəllimlər, UGİM-nin dərnək rəhbərləri və üzvləri
iştirak ediblər. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov
tədbiri giriş sözü ilə açaraq müəllimləri salamlayıb, səmimi ürək sözlərini
çatdırıb. Veteran
müəllimlərə cansağlığı, uzun ömür arzu edib, onların şərəflə keçdiyi ömür
yolunun bu gün gənc müəllimlər üçün örnək olduğunu qeyd edib. "Özümə borc
bildim ki, bugünkü görüşdə iştirak edim”, - deyən icra başçısı fəaliyyətə
başladığı ilk gündən təhsil sahəsinə xüsusi diqqət ayırdığını, müəllim adının,
peşəsinin onun üçün hər zaman ən yüksək zirvədə dayandığını bildirib. Keçirilən tədbirin əhəmiyyətindən danışan rayon rəhbəri
qeyd edib ki, "Ömrün payızı” adlı bu tədbir onu göstərir ki, Qazaxda bütün sahələrlə
yanaşı təhsil sahəsi, bu sahədə çalışan insanlar həmişə diqqət mərkəzində olub
və bundan sonra da olacaq. İcra başçısı ömrünü, həyatını müstəqil Azərbaycanın
parlaq gələcəyi naminə savadlı gənclər yetişdirməyə sərf edən, Vətən, xalq üçün layiqli vətəndaşların
formalaşmasında böyük əməyi olan müəllimlərin hər zaman dövlət qayğısı ilə əhatə
olunduqlarını vurğulayıb. "Təhsil millətin gələcəyidir” deyən Ulu Öndər Heydər
Əliyevin bu dəyərli fikrinə bu gün onun layiqli davamçıları ölkə başçısı İlham
Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən hər zaman hörmətlə
yanaşıldığını qeyd edib. Ölkəmizdə təhsil sahəsinin inkişafı istiqamətində məqsədyönlü
işlər görüldüyünü, istər müəllimlərin, istərsə də şagirdlərin yüksək şəraiti
olan təhsil ocaqlarında elmlə məşğul olmaları üçün hər cür şərait yaradıldığını
bildirib. "Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində respublikamızın
bölgələrində inşa olunan çoxsaylı məktəbləri, təhsil ocaqlarını bu sahəyə olan ən
böyük qayğı kimi qeyd edib. Qazaxda da bu layihənin uğurla icra edildiyini bildirən icra başçısı
bunun bariz nümunəsi olaraq ilin əvvəlində 964 şagird yerlik S.Vurğun
adına şəhər 2 nömrəli tam orta məktəbin əsaslı yenidənqurmadan sonra istifadəyə
verilməsini, daha sonra "Azərbaycan Respublikası regionlarının
2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata
keçirilməsi üzrə hazırlanmış tədbirlər planına Qazax rayonu üzrə təmirə
ehtiyacı olan 11 məktəbin salınmasını, Heydər Əliyev Fondu tərəfindən Xalq
yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd
tam orta məktəbin əsaslı tikintisini, 220 şagird yerlik Ş.Nəsibova adına Sarıvəlli
kənd tam orta məktəb üçün yeni binanın inşa olunmasını, Təhsil Nazirliyi tərəfindən
180 şagird yerlik Qaymaqlı kənd tam orta məktəbi üçün yeni binanın tikilməsini
göstərib. İcra başçısı Respublika
Prezidentinin müvafiq Sərəncamları ilə hər il təhsilin inkişafındakı xidmətlərinə görə təhsil
işçilərinə "Əməkdar Müəllim” fəxri adının verilməsini, "Tərəqqi” medalı ilə təltif edilməsini
təhsil sahəsinə və ziyalılara verilən ən yüksək qiymət kimi dəyərləndirib. Sonda tədbirin ərsəyə gəlməsində əməyi
keçən insanlara minnətdarlığını bildirən icra
başçısı bu cür görüşlərin böyük əhəmiyyət daşıdığını bir daha vurğulayıb, müəllimlərə
ən səmimi arzularını çatdırıb. Rayon Təhsil şöbəsinin aparıcı məsləhətçisi
Rasim Carçıyev çıxış edərək müəllimləri salamlayıb, bu cür tədbirlərin keçirilməsini müəllim əməyinə
verilən qiymətin daha bir nümunəsi kimi göstərib. O, qeyd edib ki, Ümummilli Llider Heydər Əliyevin müəlimlər haqqında söylədiyi "Mən yer üzündə müəllimdən yüksək
ad tanımıram. Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır.
Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi
müdrikliklə və səbirlə bizə öyrətmiş və öyrədir. Hər birimizin öz müəllimi
vardır və biz bütün ömrümüz boyu onun xatirəsini hörmətlə, minnətdarlıqla qəlbimizdə
yaşadırıq. Müəllim yeganə şəxsiyyətdir
ki, cəmiyyət özünün gələcəyini - uşaqların tərbiyəsini yalniz ona etibar edir”
fikri müəllimə verilmiş ən gözəl tərifdir. Doğrudan da, cəmiyyətin qurucusunu,
onu idarə edənləri fəhləni, mühəndisi, baytarı, alimi, həkimi və s. - hər kəsi
tərbiyə edən müəllimdir. Ona görə də müəllimlik ən şərəfli, məsuliyyətli, çətin
və müqəddəs peşədir.
Qazax Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Gövhər
Rəhimova çıxış edərək öncə rayon rəhbərliyinə və müəllimlərə dəvətlərini qəbul
edib tədbirdə iştirak etdiklərinə görə rəhbərlik etdiyi kollektiv və dərnək
üzvləri adından minnətdarlığını bildirib. Qeyd edib ki, Mərkəz olaraq əsas
fəaliyyətimiz tədbirlər, görüşlər təşkil etməkdir. Eyni zamanda "Heç kim
unudulmur, heç nə yaddan çıxmır” kəlamını əldə rəhbər tutaraq bu cür görüşləri
ənənə halına çevirməkdir. "Ömrün payızı” adlı bugünkü tədbirdə çatdırmaq
istədik ki, müəllimlərə olan hörmət, ehtiram sonsuz və tükənməzdir. Ağsaqqal və
ağbirçək tövsiyəsinə hər zaman ehtiyac olub və bundan sonra da olacaq.
Təqaüddə olan riyaziyyat müəllimi Rəfiqə Məmmədova və rus dili müəllimi Kifayət Xəlilova çıxış edərək bugünkü görüşə, onlara göstərilən diqqət və qayğıya görə əməyi keçən
insanlara müəllim yoldaşları adından minnətdarlıqlarını bildiriblər. İstər dövlət
başçısı, istərsə də rayon rəhbərliyi tərəfindən müəllim əməyinə həmişə yüksək
qiymət verildiyini, onların hər zaman qayğı ilə əhatə olunduqlarını qeyd ediblər.
Bugünkü görüşü də həmin qayğının bariz nümunəsi kimi qiymətləndiriblər. Sonra Mərkəzin dərnək üzvləri olan şagirdlərin
ifasında müəllimə həsr olunmuş şeirlər, mahnılar, hikmətli sözlər səslənib, səhnəcik
nümayiş olunub. Aşıq Saqif Məzəmli də veteran müəllimləri saz havası
ilə təbrik edib, səmimi ürək sözlərini çatdırıb. Tədbirdə Mərkəzin dərnək üzvlərinin əl işi olan
Qazaxın ünvanını bildirək Obelisk şəhər 2 nömrəli tam orta məktəbin kollektivinə
hədiyyə olunub. Məktəbin direktoru Murğuz Mustafayev hədiyyəni qəbul edərək bu
cür tədbirlərin keçirilməsi üçün hər zaman ev sahibliyi etməyə hazır
olduqlarını və belə tədbirləri yüksək qiymətləndirdiklərini vurğulayıb. Sonda tədbir müəllimlər üçün açılmış çay süfrəsi ətrafında
davam etdirilib.
GOYEZEN.AZ
Facebook-da paylaş