İcra başçısı şəhid Əlləz Əlləzovun ailəsini ziyarət edib
Bu
gün ölkəmizdə dövlət başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban
Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə olan diqqət və qayğısı hər kəsə
yaxşı məlumdur. Ən əsası isə ölkə rəhbərinin bu nümunəvi addımı hər bir dövlət
məmuru üçün örnəkdir. Eyni zamanda da hər bir məmurun vəzifə borcudur. Bu gün
tam əminliklə söyləyə bilərik ki, son 3 ildə Qazaxda Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tərəfindən şəhidlərimizə,
onların əziz xatirəsinə olan yüksək hörmət və ehtiram da məhz ölkə rəhbərinin
istədiyi kimidir. Bu gün düşmənlə 168 km
məsafədə sərhəddi olan Qazax rayonunun Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı,
Yuxarı Əskipara və Aşağı
Əskipara kimi 7 kəndi düşmən tapdağı altındadır. 5 kəndi – Quşçu Ayrım,
Məzəm, Fərəhli, Cəfərli, Bala Cəfərli kimi kəndləri isə daim düşmən gülləsinin atəşinə
məruz qalır. Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 287 nəfər şəhid verən,
7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən Qazaxda
şəhidlərimizin xatirəsi hər zaman əziz tutulur, onların ailə üzvlərinə olan
qayğı həmişə yüksək səviyyədədir. Rayon rəhbərinin fəaliyyətə
başladığı ilk gündən şəhidlər qəbiristanlıqlarını, xiyabanlarını ziyarət etməsi,
rayon sakinləri olaraq ilk dəfə şəhid ailələri, onların yaxınları, doğmaları ilə
görüşməsi, rayonda aparılan abadlıq və quruculuq işlərinə şəhidlərin uyuduğu
qəbiristanlıqlardan, xiyabanlardan start verilməsi, Vətən oğullarının uyuduğu
qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların,
bulaqların, xiyabanların abadlaşdırılması, şəhidlərimizin adına layiq hala
gətirilməsi göstərilən diqqət və qayğının bariz nümunəsidir. Rayon rəhbərinin əlamətdar günlərdə Milli Qəhrəmanlarımızın,
şəhidlərimizn ailə üzvlərini ziyarət etməsi, bu kateqoriyadan olan insanlara
baş çəkməsi, mənəvi dəstək olması da artıq bir ənənə halını alıb. Rayonumuzda
hər bayram və əziz günlərdə olduğu kimi, 31 Dekabr – Dünya Azərbaycanlılarının
Həmrəylik Günü və Yeni il bayramında da şəhid ailələri unudulmayıb. Bu
gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Rayon Polis şöbəsinin
rəisi Ədalət Əliyev, Səfərbərlik
və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon şöbəsinin rəisi,
mayor Mehman Rəhimov və icra aparatının məsul işçiləri ilə birlikdə bu ilin
mart ayında şəhid olmuş Əlləzov Əlləz Ələddin oğlunun evində olub, ailəsinə baş
çəkib. Yuxarı Salahlı kəndində şəhidin
ata ocağında olan görüşdə icra başçısı dövlət və ölkə rəhbəri tərəfindən şəhid
ailələrinə göstərilən diqqət və qayğıdan söz açıb, həmin qayğının bundan sonra
da olduğu kimi davam etdiriləcəyini qeyd edib. Rayon
rəhbəri bildirib ki, fəaliyyətə başladığım ilk gündən demişəm ki,
şəhidlərimizin ruhu mənim üçün hər zaman əzizdir. Onların ailəsi mənim öz doğma
ailəmdir. Bu gün biz azad və suveren bir ölkədə yaşayırıqsa, bu, şəhidlərimizin
şücaəti sayəsindədir. Biz hər şeyə görə onlara borcluyuq. Onlar bizim aramızda
olmasalar da, hər zaman bizim qəlbimizdə əbədi olaraq yaşayırlar.
Şəhidlərimizin adını uca tutmaq, əbədiləşdirmək, onların yaxınlarına,
doğmalarına, ailə üzvlərinə diqqət və qayğı göstərmək isə bizim hər birimizin
vətəndaşlıq borcumuz, ən əsas vəzifəmizdir. Çünki onlar bu millət, bu torpaq
uğrunda canlarından keçiblər. "Şəhidlər
hər birimizin oğlu, övladıdır. Bu gün özümə borc bildim ki, gəlib sizlərə baş
çəkim, tək olmadığınızı, dövlətin, ölkə başçısının, eyni zamanda da rayon
rəhbərinin hər zaman yanınızda olduğunu bir daha çatdırım”, - deyən icra
başçısı Əlləz Əlləzovun əziz xatirəsinin həmişə əziz tutulacağını, hörmət və
ehtiramla anılacağını bildirib. Kənd
ağsaqqalı, təqaüddə olan müəllim Məhəmməd Vəkilov söz alaraq şəhid ailələrinə
göstərilən diqqət və qayğıdan danışıb. Vətən uğrunda ölümün gözünə dik baxaraq
canından keçən şəhidlərimizin ailələrinə olan mənəvi dəstəyi minnətdarlıq hissi
ilə qarşılayıb. Şəhid
babası Zəlimxan İsmayılov ailəsi adından çıxış edərək dövlətin və ölkə
başçısının, eləcə də rayon rəhbərinin şəhid ailələrinə göstərdiyi qayğını
yüksək qiymətləndirib. Nəvəsi Əlləz Əlləzovun xatirəsinin hər zaman yüksəkdə
tutulmasına, onun qəlblərdə yaşadılmasına görə minnətdarlıq edib. Bugünkü
görüşü də göstərilən diqqət və qayğının əyani sübutu kimi göstərib. Qeyd edək ki, Əlləzov
Əlləz Ələddin oğlu 6 noyabr 1999-cu ildə Qazax rayonunun Yuxarı Salahlı
kəndində anadan olub. 2017-ci ildə şəhid Zahid Mahmudov adına Yuxarı Salahlı
kənd tam orta məktəbi bitirib. 5 yanvar 2018-ci il tarixdə Səfərbərlik və Hərbi
Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsi tərəfindən həqiqi
hərbi xidmətə çağırılıb. 2019-cu il martın 26-da Ermənistan silahlı
qüvvələrinin bölmələrinin cəbhənin müxtəlif istiqamətlərində törətdiyi təxribat
zamanı axşam saatlarında düşmən tərəfindən bölmələrimizin mövqelərinin atəşə
tutulması nəticəsində cəbhənin Füzuli rayonu istiqamətində şəhid olub. Azərbaycan
Ordusunun hərbi qulluqçusu Əlləzov Əlləz Ələddin oğlu martın 27-də böyük
izdihamla doğulduğu Yuxarı Salahlı kəndində torpağa tapşırılıb. Vətən uğrunda
canından keçən şəhidimizin bir qardaşı var. GOYEZEN.AZ
Facebook-da paylaş