Əsas Səhifə > Manşet / Şəhidlər > İcra başçısı şəhid Əlləz Əlləzovun ailəsini ziyarət edib

İcra başçısı şəhid Əlləz Əlləzovun ailəsini ziyarət edib


29-12-2019, 19:07

Bu gün ölkəmizdə dövlət başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə olan diqqət və qayğısı hər kəsə yaxşı məlumdur. Ən əsası isə ölkə rəhbərinin bu nümunəvi addımı hər bir dövlət məmuru üçün örnəkdir. Eyni zamanda da hər bir məmurun vəzifə borcudur. Bu gün tam əminliklə söyləyə bilərik ki, son 3 ildə Qazaxda Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tərəfindən şəhidlərimizə, onların əziz xatirəsinə olan yüksək hörmət və ehtiram da məhz ölkə rəhbərinin istədiyi kimidir.

Bu gün düşmənlə 168 km məsafədə sərhəddi olan Qazax rayonunun Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara  Aşağı Əskipara kimi 7 kəndi düşmən tapdağı altındadır. 5 kəndi – Quşçu Ayrım, Məzəm, Fərəhli, Cəfərli, Bala Cəfərli kimi kəndləri isə daim düşmən gülləsinin atəşinə məruz qalır. Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 287 nəfər şəhid verən, 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən Qazaxda şəhidlərimizin xatirəsi hər zaman əziz tutulur, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir.

Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlər qəbiristanlıqlarını, xiyabanlarını ziyarət etməsi, rayon sakinləri olaraq ilk dəfə şəhid ailələri, onların yaxınları, doğmaları ilə görüşməsi, rayonda aparılan abadlıq və quruculuq işlərinə şəhidlərin uyuduğu qəbiristanlıqlardan, xiyabanlardan start verilməsi, Vətən oğullarının uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, şəhidlərimizin adına layiq hala gətirilməsi göstərilən diqqət və qayğının bariz nümunəsidir.

Rayon rəhbərinin əlamətdar günlərdə Milli Qəhrəmanlarımızın, şəhidlərimizn ailə üzvlərini ziyarət etməsi, bu kateqoriyadan olan insanlara baş çəkməsi, mənəvi dəstək olması da artıq bir ənənə halını alıb. Rayonumuzda hər bayram və əziz günlərdə olduğu kimi, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramında da şəhid ailələri unudulmayıb.

 

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Rayon Polis şöbəsinin rəisi Ədalət Əliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon şöbəsinin rəisi, mayor Mehman Rəhimov və icra aparatının məsul işçiləri ilə birlikdə bu ilin mart ayında şəhid olmuş Əlləzov Əlləz Ələddin oğlunun evində olub, ailəsinə baş çəkib.

Yuxarı Salahlı kəndində şəhidin ata ocağında olan görüşdə icra başçısı dövlət və ölkə rəhbəri tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıdan söz açıb, həmin qayğının bundan sonra da olduğu kimi davam etdiriləcəyini qeyd edib.

Rayon rəhbəri bildirib ki, fəaliyyətə başladığım ilk gündən demişəm ki, şəhidlərimizin ruhu mənim üçün hər zaman əzizdir. Onların ailəsi mənim öz doğma ailəmdir. Bu gün biz azad və suveren bir ölkədə yaşayırıqsa, bu, şəhidlərimizin şücaəti sayəsindədir. Biz hər şeyə görə onlara borcluyuq. Onlar bizim aramızda olmasalar da, hər zaman bizim qəlbimizdə əbədi olaraq yaşayırlar. Şəhidlərimizin adını uca tutmaq, əbədiləşdirmək, onların yaxınlarına, doğmalarına, ailə üzvlərinə diqqət və qayğı göstərmək isə bizim hər birimizin vətəndaşlıq borcumuz, ən əsas vəzifəmizdir. Çünki onlar bu millət, bu torpaq uğrunda canlarından keçiblər.


"Şəhidlər hər birimizin oğlu, övladıdır. Bu gün özümə borc bildim ki, gəlib sizlərə baş çəkim, tək olmadığınızı, dövlətin, ölkə başçısının, eyni zamanda da rayon rəhbərinin hər zaman yanınızda olduğunu bir daha çatdırım”, - deyən icra başçısı Əlləz Əlləzovun əziz xatirəsinin həmişə əziz tutulacağını, hörmət və ehtiramla anılacağını bildirib.

Kənd ağsaqqalı, təqaüddə olan müəllim Məhəmməd Vəkilov söz alaraq şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışıb. Vətən uğrunda ölümün gözünə dik baxaraq canından keçən şəhidlərimizin ailələrinə olan mənəvi dəstəyi minnətdarlıq hissi ilə qarşılayıb.

Şəhid babası Zəlimxan İsmayılov ailəsi adından çıxış edərək dövlətin və ölkə başçısının, eləcə də rayon rəhbərinin şəhid ailələrinə göstərdiyi qayğını yüksək qiymətləndirib. Nəvəsi Əlləz Əlləzovun xatirəsinin hər zaman yüksəkdə tutulmasına, onun qəlblərdə yaşadılmasına görə minnətdarlıq edib. Bugünkü görüşü də göstərilən diqqət və qayğının əyani sübutu kimi göstərib.


Qeyd edək ki, Əlləzov Əlləz Ələddin oğlu 6 noyabr 1999-cu ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olub. 2017-ci ildə şəhid Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbi bitirib. 5 yanvar 2018-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. 2019-cu il martın 26-da Ermənistan silahlı qüvvələrinin bölmələrinin cəbhənin müxtəlif istiqamətlərində törətdiyi təxribat zamanı axşam saatlarında düşmən tərəfindən bölmələrimizin mövqelərinin atəşə tutulması nəticəsində cəbhənin Füzuli rayonu istiqamətində şəhid olub.

Azərbaycan Ordusunun hərbi qulluqçusu Əlləzov Əlləz Ələddin oğlu martın 27-də böyük izdihamla doğulduğu Yuxarı Salahlı kəndində torpağa tapşırılıb. Vətən uğrunda canından keçən şəhidimizin bir qardaşı var.

 

GOYEZEN.AZ


Geri qayıt