Qazaxda Aşıq Camoy Qurbanovun 65 illik yubileyi qeyd olunub
Bu gün Qazax Rayon
İcra Hakimiyyətinin və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə Birliyin
Qazax-Ağstafa bölməsinin rəhbəri Aşıq Camoy Qurbanovun 65 illik yubileyi qeyd
olunub. Qazax Rayon Mədəniyyət Mərkəzinin böyük zalında
keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra
aparatının məsul şəxsləri, qonaqlardan Azərbaycan
Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlı, Azərbaycan Milli Elmlər Akademiyasının Foklor İnstitutunun böyük
elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbova, rayonun
hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, təhsil,
səhiyyə, mədəniyyət işçiləri, ziyalılar, aşıqlar, şairlər, yubilyarın ailə üzvləri, yaxınları, doğmaları,KİV nümayəndələri
iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Mərkəzin
foyesində Aşıq Camoy Qurbanovun fəaliyyətini, mədəni-kütləvi tədbirlərdəki
iştirakını özündə əks etdirən şəkillərdən və dövrü mətbuatda dərc olunmuş məqalələrdən
hazırlanmış guşə ilə tanış olublar.
Tədbirin aparıcısı Azərbaycan Yazıçılar Birliyi
Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal çıxış edərək
yubilyara anadan olmasının 65 illiyi münasibətilə səmimi təbriklərini, ürək
sözlərini çatdırıb və tədbiri açıq elan edib. Ulu Öndər Heydər Əliyev tərəfindən
saza, sözə verilən yüksək dəyərdən danışan B.Vüsal bu gün mədəniyyətimizin,
xüsusilə də aşıq sənətinin layiqincə yaşadıldığını, Ümummilli Liderin qoyduğu ənənələrin
bu gün də uğurla davam etdirildiyini qeyd edib. Dahi şəxsiyyətin aşıq sənətinə,
aşıqlara, bütövlükdə isə mədəniyyətimizə olan qayğısının bu gün onun layiqli davamçıları
olan ölkə başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən
olduğu kimi icra olunduğunu bildirib. Saz, söz adamlarının yubileylərinin yüksək
səviyyədə qeyd olunmasını, aşıqlara, şairlərə beynəlxalq festivallarda ölkəmizi
təmsil etmələri üçün geniş imkanlar yaradılmasını həmin qayğının əyani sübutu
kimi qiymətləndirib. Dövlətimizin, dövlət başçısının şairlərə, aşıqlara olan
qayğısının son 3 ildə rayon rəhbərliyi tərəfindən də olduğu kimi yerinə
yetirildiyini qeyd edən B.Vüsal özünün intibah dövrünü yaşayan Qazaxda yubiley
tədbirlərinin keçirilməsinin ənənə halını aldığını bildirib. Bu gün ustad Aşıq
Camoy Qurbanovun 65 illiyinin belə yüksək səviyyədə geniş auditoriya qarşısında
təşkil olunmasını həm yubilyara, həm də saza, sözə verilən ən böyük dəyər kimi
qiymətləndirib. Azərbaycan aşıq sənətinin, eləcə də Qazax məktəbinin
inkişafında özünəməxsus xidmətləri olan Aşıq Camoy Qurbanovun 65 illik ömrünə və
40 illik aşıq sənətinə ən böyük töhfə olduğunu bildirib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbiri giriş sözü ilə açaraq əvvəlcə qonaqları və tədbir
iştirakçılarını salamlayıb. Aşıq Camoy Qurbanovu 65 illik yubileyi münasibətilə
təbrik edərək xoş arzularını çatdırıb. Azərbaycan aşıq sənətinin gələcək nəsillərə
ötürülməsində bundan sonrakı həyatında da sağlam canla fəaliyyət göstərməsini arzulayıb.
İcra başçısı bildirib ki, fəaliyyətə başladığım ilk gündən qarşıma məqsəd
qoydum ki, şairlər, aşıqlar yurdu sayılan, Qərbin qapısı kimi tanınan Qazaxda mədəni-kütləvi
tədbirlərin sayı ildən-ilə artsın, bütün yazarlarımızın, şairlərimizin,
aşıqlarımızın yubileyləri belə yüksək səviyyədə qeyd olunsun. Son 3 ilə nəzər
salsaq görərik ki, biz bu istəyimizə nail olduq. Aşıq Ədalət Nəsibovun istər
vida mərasiminin, istər ildönümü mərasiminin yüksək səviyyədə təşkil olunması, qəbirüstü
abidəsinin götürülməsi, istərsə də yubileyinin saz bayramı kimi qeyd olunması bir
daha göstərdi ki, qazaxlılar aşıq sənətinə, bu sənəti yaşadanlara və gələcək nəsillərə
ötürənlərə hər zaman yüksək dəyər verməyi bacarıb və bu, bundan sonra da belə
olacaq. Şəhərin mərkəzində Dədə Ələsgərlə Dədə Şəmşirin qoşa büstlərini
qoymaqla, açılışını etməklə bir daha sübut etdik ki, Qazaxda sözlə yanaşı saz
da bizim üçün əlçatmaz bir zirvədir. Bizlərin üzərinə də sözü və sazı
yaşadanları hər zaman yüksək qiymətləndirmək kimi bir vəzifə düşür. "Aşıq sənəti
təkcə saz ifa etmək deyil, eyni zamanda sözü, onun qüdrətini olduğu kimi gələcək
nəsillərə ötürməkdir”, - deyən icra başçısı Aşıq Camoy Qurbanovun da sazımızı və
sözü yaşadan bir aşıq olduğunu bildirib. Sonra Qazax Rayon İcra Hakimiyyəti başçısının Fəxri
Fərmanı yubilyara təqdim olunub.
Azərbaycan Aşıqlar Birliyinin sədri, professor Məhərrəm
Qasımlı çıxış edərək öz növbəsində
yubilyara səmimi təbriklərini çatdırıb. Qazaxın onun üçün doğma bir el olduğunu
qeyd edən M.Qasımlı sazın, sözün ali mükafatını başda gəzdirən bu obada
olmaqdan məmnunluğunu bildirib. "Aşıq Ədalət Nəsibovun sazın səsini bütün
dünyaya tanıtması təsadüfi deyildi”, - deyən natiq qazaxlıların hər zaman sazın
qeyrətini çəkən insanlar olduğunu diqqətə çatdırıb. Qazaxa səfərləri zamanı hər
dəfə bir yeniliyin şahidi olduğunu, Qazaxın sözün əsl mənasında simasını dəyişdiyini
qeyd edən M.Qasımlı bu işlərdə rayon rəhbərliyinin böyük əməyi olduğunu
bildirib və bütün bunların Qazaxdan kənarda yaşayan qazaxlılar tərəfindən də
minnətdarlıq hissi ilə qarşılandığını qeyd edib. Prezident İlham Əliyevin,
Birinci vitse-prezident Mehriban Əliyevanın milli sərvətimiz olan saz sənətinin
qorunub saxlanılmasında, gələcək nəsillərə çatdırılmasında gördükləri
genişmiqyaslı işlərdən söz açan birlik sədri bugünkü tədbirin də həmin işlərin
davamı olduğunu bildirib. YUNESKO və İSESKO-nun
xoşməramlı səfiri Mehriban Əliyevanın aşıq sənətinin qorunması, inkişafı və
təbliği istiqamətində fəaliyyəti nəticəsində 28 sentyabr – 2 oktyabr 2009-cu il
tarixində Birləşmiş Ərəb Əmirliyinin Abu-Dabi şəhərində YUNESKO-nun Qeyri
maddi-mədəni irsin qorunması üzrə Komitəsinin 4-cü sessiyasında YUNESKO-nun
Hökumətlərarası Komitəsinin yekun qərarına əsasən Azərbaycanın aşıq sənətinin
YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil
edilməsini bu sənətə verilən ən böyük qiymət kimi dəyərləndirib. Rayon
rəhbərinin aşıq sənətinin yaşadılması istiqamətində gördüyü işlərin bariz
nümunəsi kimi belə yubiley tədbirlərinin təşkil olunmasını və aşıqlara olan
qayğısını göstərib.
Camoy Qurbanov haqqında ürək sözlərini çatdıran
natiq onu ustad aşıq adlandırıb və bu cür aşıqlarımızı qorumağı, sahib çıxmağı
tövsiyə edib. Dədə Ədalətlə könül dostluğu edən aşığın repertuarının gələcək nəsillərə
ötürülən zəngin bir repertuar olduğunu qeyd edib və gənc aşıqları bu cür sənətkarlardan
bəhrələnməyə çağırıb. Yubilyarı sonda bir daha təbrik edən M.Qasımlı Birlik
adından olan Fəxri Fərmanı ona təqdim edib.
Azərbaycan Milli Elmlər Akademiyasının Foklor İnstitutunun
böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbova çıxış edərək aşıq simasının bütün layiqli tərəflərini özündə cəmləşdirən
Camoy Qurbanovu yubileyi münasibətilə təbrik edib. "Bir aşığı aşıq edən öncə
onun mühitidir. Gördüyü ustadlar və iştirak etdiyi el şənlikləridir”, - deyən
İ.Qəsəbova Camoy Qurbanovun Dədə Ədalət kimi bir ustaddan bəhrələndiyini, daim
el şənliklərində iştirak etdiyini və aşıq sənətini həmin şənliklərdə layiqincə
təmsil etdiyini bildirib. Qeyd edib ki, bu gün ustad aşıqların ruhu şaddır ki,
onların davamçıları olan aşıqlarımıza belə yüksək dəyər verilir. Bunun bariz
nümunəsi də bugünkü tədbirdir. Ağstafa Regional Mədəniyyət
İdarəsinin Qazax rayonu üzrə nümayəndəsi Pəri Məmmədova, E.Cəfərov adına Çaylı
kənd 2 nömrəli tam orta məktəbin ədəbiyyat müəllimi Məmməd Qocayev də yubilyarı
təbrik edərək bugünkü tədbiri onun yaradıcılığına verilən böyük qiymət kimi qeyd
ediblər. Elin oğlu, elin ağsaqqalı olan Camoy Qurbanovun aşıq sənətinin
inkişafındakı xidmətlərinin gələcək nəsillər, yetişməkdə olan gənc aşıqlar üçün
bir örnək və məktəb olduğunu vurğulayıblar. Azərbaycan Yazıçılar Birliyinin
üzvü, şairə Tamella Poladlı da yubilyara yazdığı şeirlə onu təbrik edib, xoş
arzularını çatdırıb. Sonra söz yubilyarı təbrik etmək üçün aşıqlara
verilib. Bakı şəhərindən qonaq gəlmiş Əməkdar mədəniyyət işçisi Gülarə
Azaflının rəhbərlik etdiyi "Çeşmə”
folklor qrupunun üzvü Nailə Qurbanova, Gəncədən
qonaq gəlmiş Kəlbəcərli balaban ustası İbad Allahverdiyev, Ağstafadan gəlmiş Aşıq Eldar Göycəli, Qazax Aşıqlarından Hacı Abdıyev, Hüseyn Dərgahquluyev
və Kifayət Dərgahquluyeva, Yaşar Gülümcanov, Şahin Süleymanov, Ruslan Məzəmli bir-birindən
rəngarəng saz havaları ilə yubilyarı təbrik ediblər. Azərbaycan aşıq sənətinin
inkişafında, gələcək nəsillərə ötürlüməsində Aşıq Camoy Qurbanovun öz dəst-xətti
olduğunu bildiriblər. Sonda Aşıq Camoy Qurbanov
çıxış edərək bugünkü yubiley tədbirinə və onun yaradıcılığına verilən yüksək
qiymətə görə başda ölkə başçısı və Birinci vitse-prezident olmaqla rayon rəhbərliyinə
öz adından və ailəsi adından dərin minnətdarlığını bildirib. Tədbirin ərsəyə gəlməsində
əməyi keçən insanlara təşəkkürlərini çatdırıb. Yubiley tədbiri Qazax şəhər 2 nömrəli Uşaq Musiqi Məktəbinin
şagirdlərindən ibarət saz qrupunun ifasında Xalq şairi Səməd Vurğunun "Azərbaycan”
şeirinə hazırlanmış mahnı töhfəsi ilə başa çatıb.
GOYEZEN.AZ
Facebook-da paylaş