İcra başçısı Qazaxda Böyük Vətən Müharibəsində həlak olmuş həmvətənlərimizin xatirəsinə salınmış parkda olub
Bu gün fəxrlə söyləmək olar ki,
Azərbaycan faşizm üzərində tarixi Qələbəyə mühüm töhfələr verib. Bu şanlı
Qələbədə böyük payı olan Azərbaycan xalqı cəbhəyə 600 mindən çox oğul və qızını
yola salıb. Onların təxminən yarısı döyüş meydanlarından geri qayıtmayıb.
Müharibə illərində göstərdikləri igidliyə görə 130-dan çox Azərbaycan vətəndaşı
Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz
müxtəlif orden və medallarla təltif edilib. Azərbaycanlı çağırışçı və
könüllülərdən formalaşdırılan 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı milli
atıcı diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib. Xalqımızın
qəhrəman övladları Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Simferopol, Odessa və
irili-xırdalı digər yüzlərlə yaşayış məntəqəsi uğrunda rəşadətlə döyüşüblər.
Qəhrəman azərbaycanlılar Polşa, Çexoslovakiya, Yuqoslaviya və digər ölkələrin
azad olunmasında da yaxından iştirak ediblər.
Sevindirici haldır ki, İkinci Dünya
müharibəsində faşizm üzərində Qələbənin qazanılmasında Qazaxın mərd oğullarının
da böyük payı olub. Qazax rayonu üzrə 12510 nəfər Böyük Vətən Müharibəsi iştirakçısı
olub. Onlardan 3332 nəfəri həlak olub, 9178 nəfəri isə qələbədən sonra müxtəlif
orden və medallarla geriyə qayıdıblar. Hazırda isə Qazaxda həmin müharibədə
iştirak edən 3 nəfər Böyük Vətən Müharibəsi iştirakçısı yaşayır.
Qazaxda Böyük Vətən
Müharibəsində həlak olmuş həmvətənlərimizin əziz xatirəsi hər zaman əziz
tutulur. 1970-ci ildə şəhərin mərkəzində (Qazax Müalicə Diaqnostika Mərkəzinin
qarşısında) salınmış park da həmin həmvətənlərimizə olan böyük ehtiramın
göstəricisidir.
Bu gün Qazax
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Prezident Administrasiyasının məsul işçisi Orxan Mürsəlovla birlikdə şəhərin mərkəzində
yerləşən həmin parkda olub, parkın mövcud vəziyyəti barədə məlumat verib. İcra
başçısı rayonda olan digər parklar kimi, bu parkda da abadlıq və quruculuq
işlərinin aparılmasının nəzərdə tutulduğunu bildirib. Əsaslı yenidənqurmadan
sonra parkın görkəminin tamamilə dəyişəcəyini, qəhrəman Vətən oğullarının adına
layiq hala salınacağını qeyd edib. Rayon rəhbəri parkda görülməsi nəzərdə
tutulan işlərdən danışıb və bununla bağlı fikirlərini bölüşüb.
GOYEZEN.AZ
Facebook-da paylaş