• Təqvim

  • Maraq



1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, İkinci Dünya müharibəsində Qələbənin 74-cü ildönümü ilə əlaqədar qərara alıram:

1. 1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 1000 (min) manat məbləğində, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 500 (beş yüz) manat məbləğində birdəfəlik maddi yardım verilsin.

2. Bu Sərəncamın 1-ci hissəsinin icrası məqsədi ilə:

2.1. Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 5,0 (beş) milyon manat ayrılsın;

2.2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həmin vəsaitin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xüsusi hesabına köçürülməsini təmin etsin;

2.3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birdəfəlik maddi yardımın bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş şəxslərə çatdırılmasını təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin. 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 aprel 2019-cu il.



Facebook-da paylaş