Əsas Səhifə > Manşet / Sosial > İcra başçısı Qazaxda Böyük Vətən Müharibəsində həlak olmuş həmvətənlərimizin xatirəsinə salınmış parkda olub

İcra başçısı Qazaxda Böyük Vətən Müharibəsində həlak olmuş həmvətənlərimizin xatirəsinə salınmış parkda olub


25-09-2019, 23:51


Bu gün fəxrlə söyləmək olar ki, Azərbaycan faşizm üzərində tarixi Qələbəyə mühüm töhfələr verib. Bu şanlı Qələbədə böyük payı olan Azərbaycan xalqı cəbhəyə 600 mindən çox oğul və qızını yola salıb. Onların təxminən yarısı döyüş meydanlarından geri qayıtmayıb. Müharibə illərində göstərdikləri igidliyə görə 130-dan çox Azərbaycan vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. Azərbaycanlı çağırışçı və könüllülərdən formalaşdırılan 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı milli atıcı diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib. Xalqımızın qəhrəman övladları Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Simferopol, Odessa və irili-xırdalı digər yüzlərlə yaşayış məntəqəsi uğrunda rəşadətlə döyüşüblər. Qəhrəman azərbaycanlılar Polşa, Çexoslovakiya, Yuqoslaviya və digər ölkələrin azad olunmasında da yaxından iştirak ediblər.

Sevindirici haldır ki, İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin qazanılmasında Qazaxın mərd oğullarının da böyük payı olub. Qazax rayonu üzrə 12510 nəfər Böyük Vətən Müharibəsi iştirakçısı olub. Onlardan 3332 nəfəri həlak olub, 9178 nəfəri isə qələbədən sonra müxtəlif orden və medallarla geriyə qayıdıblar. Hazırda isə Qazaxda həmin müharibədə iştirak edən 3 nəfər Böyük Vətən Müharibəsi iştirakçısı yaşayır.

Qazaxda Böyük Vətən Müharibəsində həlak olmuş həmvətənlərimizin əziz xatirəsi hər zaman əziz tutulur. 1970-ci ildə şəhərin mərkəzində (Qazax Müalicə Diaqnostika Mərkəzinin qarşısında) salınmış park da həmin həmvətənlərimizə olan böyük ehtiramın göstəricisidir.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Prezident Administrasiyasının məsul işçisi Orxan Mürsəlovla birlikdə şəhərin mərkəzində yerləşən həmin parkda olub, parkın mövcud vəziyyəti barədə məlumat verib. İcra başçısı rayonda olan digər parklar kimi, bu parkda da abadlıq və quruculuq işlərinin aparılmasının nəzərdə tutulduğunu bildirib. Əsaslı yenidənqurmadan sonra parkın görkəminin tamamilə dəyişəcəyini, qəhrəman Vətən oğullarının adına layiq hala salınacağını qeyd edib. Rayon rəhbəri parkda görülməsi nəzərdə tutulan işlərdən danışıb və bununla bağlı fikirlərini bölüşüb.



 

GOYEZEN.AZ


Geri qayıt