İcra başçısı İsmayıl Şıxlı adına Kosalar kənd tam orta məktəbində görülən işlərlə tanış olub
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Prezident Administrasiyasının məsul işçisi Orxan Mürsəlovla birlikdə Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbində görülən işlərlə tanış olub.
Bildirilib ki, "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planında Qazax rayonu üzrə 11 məktəb binasının əsaslı təmiri nəzərdə tutulub ki, həmin məktəblərdən biri də məhz Kosalar kənd tam orta məktəbidir. Məktəbin istismara yararsız olması nəzərə alınaraq Heydər Əliyev Fondu tərəfindən artıq bir aya yaxındır ki, əsaslı şəkildə yenidən qurulması uğurla həyata keçirilir.
İş icraçısı Əhməd Rəhimov görülən işlər barədə məlumat verərək əsas binada, eləcə də təmir müddətində şagirdlərin dərsi üçün nəzərdə tutulan, məktəbin yaxınlığında yerləşən yardımçı binada bütün işlərin paralel şəkildə həyata keçirildiyini bildirib. Birinci mərtəbəsində 8, ikinci mərtəbəsində isə 9 otaq yerləşən ikimərtəbəli yardımçı binanın dam örtüyünün vurulduğunu, pəncərələrin qoyulduğunu, daxili və xarici fasadda suvaq işlərinin başa çatdığını, yeni pilləkan qurulduğunu qeyd edib. Hazırda malyar işlərinin aparıldığını diqqətə çatdırıb. Bundan əlavə, binada santexnik və elektrik işlərinin də başa çatdığını vurğulayıb.
İş icraçısı əsas məktəb binasında görülən işlər barədə də məlumat verərək qeyd edib ki, hazırda dam örtüyünün vurulması üçün çatqı qurulur. Üçmərtəbəli binanın 2-ci və 3-cü mərtəbələrində suvaq işləri tam başa çatıb. Birinci mərtəbədə isə bu iş yekunlaşmaq üzrədir. Bundan əlavə, məktəbin kənarına hasar çəkilməsi (hörgü və suvaq işləri) demək olar ki, 80 faiz yerinə yetirilib. Eyni zamanda idman və akt zalları, yeməkxana üçün nəzərdə tutulan binalarda da söküntü və suvaq işlərinə start verilib.
Görülən işlərlə yaxından tanış olan rayon rəhbəri bəzi tapşırıq və tövsiyələrini verib.
Məlumat üçün onu da qeyd edək ki, məktəbdə ilkin variantda nəzərdə tutulan təmir işləri başa çatdıqdan sonra Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyi ilə əlaqədar büstü qoyulacaq.
Sonra icra başçısı və administrasiya nümayəndəsi ilə birlikdə 2017-ci ilin oktyabrında əsaslı təmirdən sonra istifadəyə verilən 30 yerlik 2 saylı və 25 yerlik 3 saylı körpələr evi-uşaq bağçalarında yaradılan şəraitlə də tanış olublar.
GOYEZEN.AZ
Facebook-da paylaş