Qazaxda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
Xocalı soyqırımının 27-ci ildönümü münasibətilə respublikanın hər yerində olduğu kimi, Qazaxda da bir sıra silsilə tədbirlər həyata keçirilmişdir. "Xocalı soyqırımının iyirmi yeddinci ildönümü haqqında” Respublika Prezidenti İlham Əliyev tərəfindən 2019-cu il 5 fevral tarixli 930 nömrəli və Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbəri tərəfindən 2019-cu il 6 fevral tarixli 11 nömrəli Sərəncamları rəhbər tutaraq Qazax rayonu üzrə Xocalı soyqırımının iyirmi yeddinci ildönümünün keçirilməsinə dair tədbirlər planının təsdiq edilməsi haqqında Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov 11 fevral 2019-cu il tarixli 9-21/32 nömrəli Sərəncam imzalamışdır. Sərəncama əsasən Xocalı soyqırımının iyirmi yeddinci ildönümünün keçirilməsi ilə əlaqədar tədbirlər planı hazırlanmışdır. Tədbirlər planına uyğun olaraq rayonun bütün idarə, müəssisə və təşkilatlarında, təhsil, səhiyyə və mədəniyyət müəssisələrində Xocalı soyqırmına həsr olunmuş silsilə tədbirlər, anım mərasimləri keçirilmiş, rəsm sərgiləri təşkil olunmuşdur.
Rayonun bütün yaşayış məntəqələrində Azərbaycanın Dövlət Bayraqları endirilmiş və rayon ərazisində soyqırım qurbanlarının xatirəsi bir dəqəqəlik sükutla yad edilmişdir.
Tədbirlər çərçivəsində Şəhidlər xiyabanında Xocalı soyqırımının 27-ci ildönümü münasibətilə anım mərasimi keçirilmişdir.
Mərasimdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, RİHB Aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının, hərbi hissələrin rəhbərləri və şəxsi heyəti, çoxsaylı əmək kollektivləri, müharibə və əmək veteranları, gənclər, KİV nümayəndələri, minlərlə rayon sakini iştirak etmişdir.
Şəhidlər xiyabanında gün boyu matəm musiqisi səsləndirilmişdir. Xocalı soyqırımı qurbanlarının ruhuna fatihə surəsi oxunduqdan sonra Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksin önünə tər gül dəstələri qoyaraq Vətən yolunda canından keçmiş qəhrəman oğul və qızlarımızın xatirəsini böyük ehtiramla yad etmişdir.
Tədbir iştirakçıları da şəhidlərin xatirəsini yad edərək abidə kompleksin önünə tər qərənfillər düzmüşlər.
Qazax şəhərində və rayonun kəndlərində olan məscidlərdə Xocalı soyqırımı qurbanlarının xatirəsinə dualar oxunmuş, insanlar Şəhidlər xiyabanına gələrək faciə qurbanlarının xatirəsini anmışlar.
Bakı vaxtilə saat 17:00-da rayonun bütün ərazisində, idarə, müəssisə və təşkilatlarda 1 dəqiqəlik sükut elan olunmuş, avtomobillərin hərəkəti dayandırılmış, səs siqnalları verilmişdir.
GOYEZEN.AZ
Facebook-da paylaş