İcra başçısı uşaq bağçalarında olub
Son illər ölkəmizdə dövlət tərəfindən uşaqlara davamlı olaraq diqqət və qayğı göstərildiyi, onların hüquqlarının müdafiəsi ilə bağlı mütəmadi iş aparıldığı hər kəsə bəllidir. Sevindirici haldır ki, uşaqlara olan qayğı respublikamızın bütün bölgələrində, o cümlədən də Qazaxda daim diqqət mərkəzində saxlanılır.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun rəhbərliyi altında son iki il yarımda rayonda azyaşlı körpələrin sağlam, hərtərəfli və düzgün böyüməsi, yüksək şəraiti olan bağçalarda təlim-tərbiyə olunması sahəsində görülən məqsədyönlü işlər, yeni uşaq bağçalarının tikilməsi, əsaslı şəkildə təmir olunaraq yenidən qurulması, müasir inventar və avadanlıqlarla təmin edilməsi bunun bariz nümunəsidir.
İcra başçısının uşaqlara olan diqqət və qayğısının nəticəsidir ki, bu gün rayonda fəaliyyət göstərən 25 bağçadan (6-sı şəhərdə, 19-u isə kəndlərdə yerləşir) 18-i müasir standartlara cavab verən səviyyəyə çatdırılıb. Şəhər bağçalarından 1,2,3,4,5,6 saylı, kənd bağçalarından Qazaxbəyli kəndi ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə yerləşən Aşağı Əskipara, Daş Salahlı kənd 2 və 3 saylı, Kosalar kənd 2 və 3 saylı, Xanlıqlar, Dəmirçilər, İkinci Şıxlı kənd 2 saylı körpələr evi-uşaq bağçaları, Cəfərli, Canalı, Quşçu Ayrım və Bala Cəfərli kənd uşaq bağçaları həmin təmirli bağçalardandır.
Rayonda uşaqlara olan qayğı bununla bitmir. Bu gün nəinki yeni bağçaların inşasına, eləcə də körpələrin keyfiyyətli ərzaqla təmin olunması, uşaqlara göstərilən diqqət və qayğı da daim diqqət mərkəzindədir.
Bu gün rayon rəhbərliyi Daş Salahlı kəndində yerləşən 2 saylı uşaq bağçasında və 3 saylı körpələr evi-uşaq bağçasında olub, körpələr üçün yaradılan şəraitlə, uşaqların davamiyyəti, tibbi müayinə olunmaları, ərzaq təminatı, bişirilən yeməklərin keyfiyyəti və istilik sisteminin mövcud vəziyyəti ilə maraqlanıb.
Bağça müdirləri və işçilər ölkəmizdə uşaqların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı göstərdiyi diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildiriblər. Rəhbər kimi təyin olunduğu ilk gündən körpə balalara göstərdiyi səmimi münasibətə görə rayon rəhbərliyinə sonsuz təşəkkürlərini çatdırıblar.
GOYEZEN.AZ
Facebook-da paylaş