“Sınıq Körpü” Buraxılış Məntəqəsi ölkəmizin Qərb qapısı sayılır
"Sınıq Körpü” Buraxılış Məntəqəsi
ölkəmizin Qərb qapısı sayılır. Gürcüstanla sərhəddə yerləşən bu məntəqədən
respublikamıza daxil olan və ya yola düşən qonaqlarda ölkəmiz haqqında ilk
təəssürat yaranır.
Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşovun tapşırığına əsasən ötən il Bakı-Qazax-Gürcüstan
dövlət sərhədi avtomobil yolunun sonuncu nöqtəsi olan, Qazax rayonunun İkinci
Şıxlı kəndinin ərazisinə düşən hissəsində geniş abadlıq və quruculuq işləri
aparılıb. Yolun
hər iki sağ və sol tərəfində yaşıllıq salınıb. Yol kənarında dekorativ tor
çəkilib, həmişəyaşıl kol əkilib. Bundan başqa, əraziyə tamet döşənib, asfalt
vurulub və sərnişinlər üçün dayanacaq düzəldilib. Divarlarda dekorativ
işıqlandırma sistemi quraşdırılıb ki, bu da gecələr əraziyə xüsusi gözəllik
verir. Eyni zamanda, işıq dirəklərində də təmir işləri aparılaraq müasir
standartlara cavab verən işıqlanma sistemi quraşdırılıb. Həmçinin əraziyə qaya
daşlarından dekorativ bəzək üçün sal daşlar qoyularaq rənglənib, kompozisiya
yaradılıb. Taxta hasarlar təmir olunub, rənglənib. Aqlay daşları yenidən
yonularaq hamar edilib.
Bütün bu işlər barədə
bu gün buraxılış məntəqəsi ilə tanış olan Prezident Administrasiyasının məsul işçisi
Orxan Mürsəlova məlumat verilib.
Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşov və administrasiya nümayəndəsi əvvəlcə
buraxılış məntəqəsinin ərazisində inşa olunan Dövlət Gömrük Komitəsi Tovuz
Terminalı ilə tanış olublar.
Qərb Ərazi Baş Gömrük
İdarəsi rəisinin birinci müavini Rəşad Babayev yaradılan terminalın
əhəmiyyətindən danışaraq görülən işlər barədə ətraflı məlumat verib.
Sonra icra başçısı və administrasiya
nümayəndəsi buraxılış məntəqəsində sakinlərin rahatlığı üçün yaradılan şəraitlə,
vətəndaşlara göstərilən xidmətlər və sakinlərin qayğıları ilə maraqlanıblar.
Rayon rəhbərliyi ilə
səmimi görüşən sakinlər respublikamızda, eləcə də Qazax rayonunda görülən
genişmiqyaslı işlərə görə ölkə başçısı İlham Əliyevə dərin minnətdarlıqlarını
çatdırıblar. Bildiriblər ki, ötən il rayon rəhbərinin buraxılış məntəqəsində
abadlıq işləri aparması bizi çox sevindirdi. Çünki ölkəmizə hər yerdən qonaqlar
gəlir. Hər gün bu məntəqədən minlərlə insan keçir. Xaricdən gələn qonaqlar ilk
dəfə bu gözoxşayan mənzərə ilə qarşılaşırlar ki, bu da onlarda ölkəmiz haqqında
xoş təəssürat yaradır. Biz də bir qazaxlı kimi sevinirik ki, həmin
qonaqlar burada aparılan abadlıq və quruculuq işlərini görüb ölkəmiz haqqında
yüksək fikirlərlə ayrılırlar. Aparılan
abadlıq işlərini, yaradılan səliqə-səhmanı yüksək qiymətləndirən sakinlər buna
görə rayon rəhbərliyinə sonsuz təşəkkürlərini çatdırıblar.
Sakinlərlə görüşən rayon
rəhbəri məntəqə ərazisində bundan sonra da təmizliyə ciddi riayət olunması
barədə tapşırıq və tövsiyələrini verib. GOYEZEN.AZ
Facebook-da paylaş