Əsas Səhifə > Manşet / Rəsmi > “Sınıq Körpü” Buraxılış Məntəqəsi ölkəmizin Qərb qapısı sayılır

“Sınıq Körpü” Buraxılış Məntəqəsi ölkəmizin Qərb qapısı sayılır


6-11-2018, 19:40


"Sınıq Körpü” Buraxılış Məntəqəsi ölkəmizin Qərb qapısı sayılır. Gürcüstanla sərhəddə yerləşən bu məntəqədən respublikamıza daxil olan və ya yola düşən qonaqlarda ölkəmiz haqqında ilk təəssürat yaranır. 

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun tapşırığına əsasən ötən il Bakı-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun sonuncu nöqtəsi olan, Qazax rayonunun İkinci Şıxlı kəndinin ərazisinə düşən hissəsində geniş abadlıq və quruculuq işləri aparılıb. Yolun hər iki sağ və sol tərəfində yaşıllıq salınıb. Yol kənarında dekorativ tor çəkilib, həmişəyaşıl kol əkilib. Bundan başqa, əraziyə tamet döşənib, asfalt vurulub və sərnişinlər üçün dayanacaq düzəldilib. Divarlarda dekorativ işıqlandırma sistemi quraşdırılıb ki, bu da gecələr əraziyə xüsusi gözəllik verir. Eyni zamanda, işıq dirəklərində də təmir işləri aparılaraq müasir standartlara cavab verən işıqlanma sistemi quraşdırılıb. Həmçinin əraziyə qaya daşlarından dekorativ bəzək üçün sal daşlar qoyularaq rənglənib, kompozisiya yaradılıb. Taxta hasarlar təmir olunub, rənglənib. Aqlay daşları yenidən yonularaq hamar edilib.

Bütün bu işlər barədə bu gün buraxılış məntəqəsi ilə tanış olan Prezident Administrasiyasının məsul işçisi Orxan Mürsəlova məlumat verilib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov və administrasiya nümayəndəsi əvvəlcə buraxılış məntəqəsinin ərazisində inşa olunan Dövlət Gömrük Komitəsi Tovuz Terminalı ilə tanış olublar.

Qərb Ərazi Baş Gömrük İdarəsi rəisinin birinci müavini Rəşad Babayev yaradılan terminalın əhəmiyyətindən danışaraq görülən işlər barədə ətraflı məlumat verib.

Sonra icra başçısı və administrasiya nümayəndəsi buraxılış məntəqəsində sakinlərin rahatlığı üçün yaradılan şəraitlə, vətəndaşlara göstərilən xidmətlər və sakinlərin qayğıları ilə maraqlanıblar.

Rayon rəhbərliyi ilə səmimi görüşən sakinlər respublikamızda, eləcə də Qazax rayonunda görülən genişmiqyaslı işlərə görə ölkə başçısı İlham Əliyevə dərin minnətdarlıqlarını çatdırıblar. Bildiriblər ki, ötən il rayon rəhbərinin buraxılış məntəqəsində abadlıq işləri aparması bizi çox sevindirdi. Çünki ölkəmizə hər yerdən qonaqlar gəlir. Hər gün bu məntəqədən minlərlə insan keçir. Xaricdən gələn qonaqlar ilk dəfə bu gözoxşayan mənzərə ilə qarşılaşırlar ki, bu da onlarda ölkəmiz haqqında xoş təəssürat yaradır. Biz də bir qazaxlı kimi sevinirik ki, həmin qonaqlar burada aparılan abadlıq və quruculuq işlərini görüb ölkəmiz haqqında yüksək fikirlərlə ayrılırlar.  Aparılan abadlıq işlərini, yaradılan səliqə-səhmanı yüksək qiymətləndirən sakinlər buna görə rayon rəhbərliyinə sonsuz təşəkkürlərini çatdırıblar.

Sakinlərlə görüşən rayon rəhbəri məntəqə ərazisində bundan sonra da təmizliyə ciddi riayət olunması barədə tapşırıq və tövsiyələrini verib.





















GOYEZEN.AZ

 


Geri qayıt