Qazaxda icra başçısı şəhid anasının hüzr mərasimində iştirak edib və ailəsinə başsağlığı verib
Vətən, torpaq, yurd, el-oba, bu amallar uğrunda canından keçərək Şəhidlik zirvəsinə ucalmış igid oğullarımız verilmiş ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaqla gənclərimizə örnək oldular. Məhz gələcək nəsillərin vətənpərvər ruhda tərbiyə olunması, şəhidlərini, Milli Qəhrəmanlarını tanıyaraq böyüməsi isə biz vətəndaşların çiyinlərinə böyük yük qoyur. Bu gün Vətənini sevən hər bir azərbaycanlı şəhidlərinə, onların ailə üzvlərinə, doğmalarına, yaxınlarına hörmətlə yanaşmalı, şəhidlərimizi gələcək nəsillərə tanıtmalıdır. Vətənin müdafiəsi uğrunda canından keçən qəhrəmanlarımızı, igid oğullarımızı hər bir Azərbaycan vətəndaşı tanımalı, onların keçdiyi şərəfli döyüş yolunu bilməlidir. Vətən yolunda Şəhidlik zirvəsinə ucalan igid, mərd oğulları yad etmək, onların xatirələrini əziz tutmaq, adlarını əbədiləşdirmək isə bizim hər birimizin ən müqəddəs vəzifəsi və borcu olmalıdır.
Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə hər zaman yüksək səviyyədə olub. İstər Birinci Qarabağ müharibəsi, istər 44 günlük Vətən müharibəsi, istərsə də digər döyüşlərdə Qazaxın igid, mərd oğulları döyüş meydanında göstərdikləri qəhrəmanlıqlarla adlarını tarixə yazdırıblar. Ən əsası da göstərdikləri şücaətlə bir daha sübut ediblər ki, vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə hər zaman olub və bu, bundan sonra da belə olacaq. Bu gün Ermənistanla 168 km sərhədi olan Qazax rayonu Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 348 nəfər şəhid verib. 7 nəfər igid Vətən oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Neçə-neçə igid Vətən oğlu torpaqlarımızın azadlığı uğrunda sağlamlığını itirərək qazi adını alıb.
Birinci Qarabağ müharibəsində şirin canından keçərək adını tarixə yazdıran igid oğullarımızdan biri də şəhid Hacıyev Mehman Mayıl oğludur.
Mehman Hacıyev 2 fevral 1973-cü ildə Qazax şəhərində anadan olmuşdur. 1980-ci ildə Qazax şəhər Mehdi Hüseyn adına Humanitar və Təbiət fənləri Təmayüllü məktəb-liseyin 1-ci sinfinə daxil olmuş, 1990-cı ildə həmin məktəbin 10-cu sinfini bitirmişdir. SSRİ ordusunda Ukrayna Respublikasında həqiqi hərbi xidmət keçmişdir. Daha sonra Milli Ordu sıralarına qoşularaq Qazax rayonunun Barxudarlı, Sofulu, Cəfərli kəndlərində gedən döyüşlərdə iştirak etmişdir. 9 iyun 1992-ci ildə Qazax rayonunun Cəfərli kəndi istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Qazax şəhər qəbiristanlığında dəfn edilmişdir. Subay idi.
Mayın 7-də qəhrəman şəhidimizin anası Hacıyeva Dilbər Alməmməd qızı dünyasını dəyişib. Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə şəhid anasının hüzr mərasimində iştirak edib.
İcra başçısı Rəcəb Babaşov mərhum Dilbər Hacıyevanın vəfatından kədərləndiyini bildirib, şəhidimizin qardaşına, mərhumun övladlarına, yaxınlarına dərin hüznlə başsağlığı verib. İcra başçısı illər ötsə də Birinci Qarabağ müharibəsində, 44 günlük Vətən müharibəsində, eləcə də digər döyüşlər zamanı şirin canlarından keçən qəhrəman oğullarımıza, şəhidlərimizə olan sonsuz ehtiramın heç zaman dəyişməyəcəyini, əksinə daha da artacağını söyləyib. Nə qədər Azərbaycan xalqı var Mehman Hacıyev kimi qəhrəmanlarımızın daim qəlblərdə yaşayacaqlarını söyləyib. “Bu gün özümə borc bildim ki, qəhrəman şəhidimizin anasının hüzr mərasimində iştirak edim”, - deyən icra başçısı şəhidlərimizlə yanaşı, onların ata və analarının da bizlər üçün doğma olduqlarını vurğulayıb.
Facebook-da paylaş