• Təqvim

  • Maraq



Prezident İlham Əliyev: “İran Prezidentinin Azərbaycana rəsmi səfəri əlaqələrimizin yüksək səviyyədə olmasının təzahürüdür”


Cari ilin 28 aprel tarixi İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri zamanı iki ölkə başçısının mətbuata verdikləri bəyanatla əlamatdar oldu. 

Prezident İlham Əliyev bildirdi ki, xalqlarımız əsrlər boyu mehribanlıq, qardaşlıq şəraitində yaşayıb. Bu gün dövlətlərarası münasibətlərimiz bu möhkəm təməl üzərində inkişaf edir. İran Prezidentinin Azərbaycana rəsmi səfəri əlaqələrimizin yüksək səviyyədə olmasının təzahürüdür. Bu gün apardığımız danışıqlar və fikir mübadiləsi əsnasında bir çox önəmli məsələlər haqqında söhbət etdik, fikirlərimizi bildirdik, Azərbaycan-İran strateji münasibətlərini bir daha təsdiqlədik. Biz bütün məsələlərə səmimi şərait əsnasında öz fikirlərimizi bildirmişik. Əsas məsələ ondan ibarətdir ki, hər iki tərəf Azərbaycan-İran əlaqələrinin inkişafına çalışmalıdır və çalışır. Hörmətli Prezidentin böyük heyətlə Azərbaycana gəlməsi və bu gün bir çox önəmli sənədlərin imzalanması, o cümlədən prezidentlər səviyyəsində imzalanmış sənəd bir daha bizim xoş niyyətimizi göstərir, onu göstərir ki, biz bütün istiqamətlər üzrə bir-birimizə daha yaxın olmağa çalışırıq.

Ölkə başçısı qeyd etdi ki, biz beynəlxalq təşkilatlar çərçivəsində bir-birimizi ənənəvi olaraq dəstəkləyirik. Bu barədə bu gün də fikir mübadiləsi aparıldı və gələcək birgə əməkdaşlıq çərçivələri müzakirə edildi. İstər BMT olsun, istər İslam Əməkdaşlıq Təşkilatı, ECO, Qoşulmama Hərəkatı və digər təşkilatlar çərçivəsində daim bizim nümayəndələrimiz bir-birinin yanındadır. Biz bu gün geniş gündəlik əsasında fəaliyyət göstəririk. Burada həm regional təhlükəsizlik məsələləri önəmli rol oynayır, eyni zamanda, çoxtərəfli əməkdaşlıq üçün gözəl şərait var. Təbii olaraq bizim ticarət əlaqələrimizin inkişafı ilə bağlı konkret göstərişlər verildi. Nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüş də çox məhsuldar olmuşdur. Yəni, məramımız, məqsədimiz birdir - Azərbaycan-İran dövlətlərarası əlaqələrini yüksək səviyyəyə qaldırmaqdır. Prezidentin səfərinə qədər çox fəal təmaslar həyata keçirilirdi, yüksəkvəzifəli şəxslər qarşılıqlı səfərlər edirdilər, həm Prezidentin səfərinə hazırlıq məqsədilə, eyni zamanda, konkret layihələrin icrası üçün.

Ölkə rəhbəri vurğuladı ki, əminəm ki, qəbul edilmiş qərarlar bizim əlaqələrimizi uzun illər bundan sonra yüksələn xətlə aparacaq. Biz bu gün təbii olaraq üçtərəfli əməkdaşlıq layihələrini geniş müzakirə etdik. Onların arasında təbii olaraq Şimal-Cənub nəqliyyat dəhlizi xüsusi yer tutur. Bu layihə bu layihədə iştirak edən bütün ölkələrə çox böyük səmərə gətirəcək. Azərbaycan öz ərazisində bu nəqliyyat dəhlizinin fəaliyyəti üçün bütün lazımi infrastruktur layihələrini həyata keçirib. Hazırda biz, sadəcə olaraq, artacaq yükləri nəzərə alaraq öz nəqliyyat imkanlarımızı və infrastrukturumuzu genişləndiririk. İstər dəniz limanı olsun, dəmir yolu olsun, avtomobil nəqliyyatı olsun - bütün bu istiqamətlər üzrə gözlənilən böyük yük həcmlərini qəbul etmək və ötürmək üçün biz böyük sərmayə qoyuluşu layihələrinə başlamışıq. Biz bu gün, eyni zamanda, humanitar sahədə, mədəniyyət sahəsində ənənəvi dostluq əlaqələrinin davam etdirilməsi üçün konkret göstərişlər verdik. Müəyyən etdik ki, sonuncu qarşılıqlı mədəniyyət günləri səkkiz il bundan əvvəl keçirilmişdir və birgə qərar əsasında yaxın gələcəkdə qarşılıqlı mədəniyyət günləri keçiriləcək. Xalqlarımızın tarixi ortaqdır, mədəniyyətimiz də ortaqdır. Biz əsrlər boyu bir məkanda yaşamışıq, bir dövlət çərçivəsində yaşamışıq. Yəni, qohumluq əlaqələri də çox genişdir. Bu gün iki müstəqil dövlət kimi biz bölgəmizdə önəmli rol oynayırıq. Bölgə məsələlərinin bölgə ölkələri tərəfindən həll olunması da hər iki tərəfin fikridir və siyasətidir.


Heç şübhə etmirəm ki, bu səfər bizim münasibətlərimizin inkişafında çox önəmli rol oynayacaq. Biz Prezident Pezeşkianı səbirsizliklə gözləyirdik. Çox təəssüf edirik ki, bir neçə gün bundan əvvəl İranda baş vermiş faciə insan itkiləri ilə nəticələndi. Bir daha qardaş İran xalqına başsağlığı veririk. Allah həlak olanlara rəhmət eləsin, yaralananlara Allah şəfa versin. Bu faciəyə baxmayaraq, Prezident Pezeşkian Azərbaycana öz səfərini gerçəkləşdirir. Biz bunu çox yüksək qiymətləndiririk və Allah xalqlarımızı bu bəlalardan qorusun, həmişə bizim bölgəmizdə sülh olsun, əmin-amanlıq olsun və hər iki ölkə bu istiqamətdə öz səylərini göstərəcək. Hər halda ikitərəfli formatda bölgədəki vəziyyət, sülhün dayanıqlı olması, əmin-amanlığın təmin edilməsi, ölkələrin suverenliyi, ərazi bütövlüyü, ölkələrin daxili işlərinə qarışmama kimi prinsiplər də üstün tutuldu.

Azərbaycan ilə İran arasında imzalanmış sənədlər də iki ölkə üçün mühüm əhəmiyyət daşıyır. “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə İran İslam Respublikasının Xarici İşlər Nazirliyi arasında 2025-2027-ci illər üçün Siyasi Məsləhətləşmələr Proqramı”, “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə İran İslam Respublikasının Yol və Şəhərsalma Nazirliyi arasında 2025-2026-cı illər üçün nəqliyyat sahəsində hərtərəfli əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə İran İslam Respublikasının Yol və Şəhərsalma Nazirliyi arasında “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair 1978-ci il tarixli Beynəlxalq Konvensiya”nın (əlavələrlə) I/10-cu qaydasına əsasən sertifikatların qarşılıqlı tanınmasına dair Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə İran İslam Respublikasının Mədəniyyət və İslami İrşad Nazirliyi arasında 2025-2028-ci illər üzrə Mədəni Mübadilə Proqramı”, “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi ilə İran İslam Respublikasının Mədəniyyət və İslami İrşad Nazirliyi arasında media əməkdaşlığı haqqında Anlaşma Memorandumu” imzalanmış həmin tarixi sənədlərdir.

Azərbaycan Respublikası və İran İslam Respublikası arasında ikitərəfli münasibətlər də bütün dünyaya yaxşı bəllidir. İran İslam Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 25 dekabr 1991-ci ildə tanımışdır. İki ölkə arasında diplomatik əlaqələr 12 mart 1992-ci ildə qurulmuşdur. Hər iki ölkənin səfirlikləri (1969-cu ildə İranın Bakı şəhərində açılmış konsulluğu 1992-ci ilin mart ayından İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi kimi fəaliyyətini davam etdirir. 1992-ci ilin dekabr ayında isə Azərbaycan Respublikasının İran İslam Respublikasında səfirliyi fəaliyyətə başlamışdır), İranın Naxçıvan şəhərində Baş Konsulluğu (1992-ci ilin mart ayından), Azərbaycan Respublikasının Təbriz şəhərində Baş Konsulluğu (20 oktyabr 2004-cü ildən) fəaliyyət göstərir.


Azərbaycan Respublikası İran İslam Respublikası ilə hər iki tərəfdən güclü siyasi iradənin mövcudluğu təməl olmaqla, mehriban qonşuluq, bərabərhüquqluluq, qarşılıqlı hörmət və faydaya əsaslanan əlaqələrin inkişafına önəm verir. Xalqlar arasında tarixi və mədəni bağlılıqlar iki ölkə arasında münasibətlərin bütün sahələr üzrə inkişafı üçün zəmin yaradır və bu gün ikitərəfli əlaqələrimiz ticarət-iqtisadi, enerji, energetika, nəqliyyat logistika, kənd təsərrüfatı, humanitar və digər sahələr üzrə inkişaf edir. Azərbaycan ilə İran arasında regional və beynəlxalq təşkilatlar, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq davam edir.

Azərbaycanla İran arasında Azərbaycan-İran-Rusiya, Azərbaycan-İran-Türkiyə, Azərbaycan-İran-Gürcüstan-Türkiyə və 3+3 regional məşvərət mexanizmi çərçivəsində də əməkdaşlıq mövcuddur.

Dövlət başçılarının qarşılıqlı səfərləri və görüşlərinə gəlincə 24-26 yanvar 2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasına rəsmi səfərə getmişdir. 20 dekabr 2005-ci ildə İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejad Azərbaycana (Naxçıvan Muxtar Respublikası) rəsmi səfər etmişdir. 5-7 may 2006-cı ildə İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejad Azərbaycana işgüzar səfər etmişdir (İqtisadi Əməkdaşlıq Təşkilatının 9-cu Zirvə Toplantısı). 21-22 avqust 2007-ci ildə İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejad Azərbaycana rəsmi səfər etmişdir. 16 oktyabr 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İrana işgüzar səfər etmişdir (Xəzəryanı Ölkələrin Dövlət Başçılarının 2-ci Zirvə toplantısı). 10 mart 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İrana rəsmi səfər etmişdir. 17 noyabr 2010-cu ildə  İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejad Azərbaycana rəsmi səfər etmişdir. 15-16 oktyabr 2012-ci ildə İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejad Azərbaycana işgüzar səfər etmişdir (İqtisadi Əməkdaşlıq Təşkilatının 12-ci Zirvə toplantısı). 9 aprel 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasına rəsmi səfərə getmişdir. 12-13 noyabr 2014-cü ildə İran İslam Respublikasının Prezidenti Həsən Ruhani Azərbaycan Respublikasına rəsmi səfər etmişdir. 23 fevral 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İrana rəsmi səfər etmişdir. 5 mart 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasına rəsmi səfərə getmişdir. 28 noyabr 2021-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Türkmənistanın Aşqabad şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə toplantısı çərçivəsində İran İslam Respublikasının Prezidenti cənab Seyid İbrahim Rəisi ilə görüş keçirmişdir. 29 iyun 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Türkmənistanın Aşqabad şəhərində keçirilən Xəzəryanı ölkələrin Dövlət Başçılarının VI Zirvə toplantısı çərçivəsində İran İslam Respublikasının Prezidenti cənab Seyid İbrahim Rəisi ilə görüş keçirmişdir. 13 oktyabr 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Qazaxıstanın Astana şəhərində keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VI Zirvə toplantısı çərçivəsində İran İslam Respublikasının Prezidenti cənab Seyid İbrahim Rəisi ilə görüş keçirmişdir. 9 noyabr 2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Özbəkistanın Daşkənd şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının XVI Zirvə toplantısı çərçivəsində İran İslam Respublikasının Prezidenti cənab Seyid İbrahim Rəisi ilə görüş keçirmişdir. 19 may 2024-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə İran Prezidenti Seyid İbrahim Rəisi ilə Azərbaycanla İran sərhədində görüşüb. 28 aprel 2025-ci ildə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Azərbaycana rəsmi səfər edib.


Hökumət başçılarının qarşılıqlı səfərlərinə gəlincə 6 oktyabr 2022-ci ildə Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiyanın Moskva şəhərində İran İslam Respublikasının Birinci vitse-prezidenti Məhəmməd Moxber ilə görüş keçirmişdir.

Xarici işlər nazirlərinin qarşılıqlı səfərlərinə gəlincə 4 iyul 2022-ci ildə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasına rəsmi səfər etmişdir. 24 sentyabr 2022-ci ildə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sensasiyası çərçivəsində İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə görüş keçirmişdir. 24 yanvar 2023-cü ildə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Özbəkistanın Daşkənd şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 26-cı iclası çərçivəsində İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə görüş keçirmişdir. 5 iyul 2023-cü ildə İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian Bakı şəhərində keçirilən Qoşulmama Hərəkatının Əlaqələndirici Bürosunun Nazirlər İclasında iştirak məqsədi ilə ölkəmizə işgüzar səfər etmişdir. 3 sentyabr 2023-cü ildə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirak çərçivəsində İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə görüş keçirmişdir. 18 oktyabr 2023-cü ildə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində keçirilən İslam Əməkdaşlıq Təşkilatının İcraiyyə Komitəsinin nazirlər səviyyəsində növbədənkənar iclasında iştirak çərçivəsində İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə görüş keçirmişdir. 23 oktyabr 2023-cü ildə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Tehran şəhərində “3+3” regional məşvərət formatının nazirlər səviyyəsində keçirilən birinci iclasında iştirak etmək məqsədi ilə İran İslam Respublikasına işgüzar səfər etmişdir. 3 dekabr 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 28-ci iclasında iştirak etmək məqsədilə İran İslam Respublikasının Məşhəd şəhərinə işgüzar səfər etmişdir.

Parlamentlərarası əlaqələrə gəlincə Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Qrupun rəhbəri Ziyafət Abbas oğlu Əsgərovdur.

Müqavilə-hüquq bazasına gəlincə Azərbaycan və İran arasında müxtəlif sahələri əhatə edən 147 sənəd imzalanmışdır. Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyası 1992-ci ildən etibarən fəaliyyət göstərir. Dövlət Komissiyasının sonuncu iclası 10-11 mart 2022-ci ildə Bakı şəhərində keçirilmişdir. Dövlət Komissiyasının Azərbaycan tərəfindən həmsədri AR Baş nazirinin müavini Şahin Mustafayev, İran tərəfindən isə İİR-in yol və şəhərsalma naziri Mehrdad Bəzrpaşdır.



Facebook-da paylaş