Qazaxda suvarılan sahələrdə su itkisinin qarşısının alınması məqsədilə reyd keçirilib
Bu gün hər kəsə yaxşı məlumdur ki, son illər ölkəmizdə qeyri-neft sektorunun inkişafı dövlət siyasətinin prioritet sahələrindən birini təşkil edir. Respublika Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində həyata keçirilən islahatların qısa müddətdə öz müsbət nəticələrini göstərməsi, dövlət tərəfindən sahibkarlara, kəndli fermerlərə göstərilən dəstəyin ölkə iqtisadiyyatında böyük pay sahibi olan kənd təsərrüfatının inkişafına öz töhfəsini verməsi bu dediklərimizin əyani sübutudur. Neft sənayesi və tikinti sektorundan sonra ölkə iqtisadiyyatında üçüncü böyük sahə olan aqrar sektor həm də işsizliyin aradan qaldırılmasında və əhalinin sosial vəziyyətinin yaxşılaşmasında mühüm rol oynayır.
Son illər Qazaxda da bütün sahələrlə yanaşı kənd təsərrüfatı sahəsi uğurla inkişaf etdirilir. İldən-ilə genişləndirilən əkin sahələrinin, xüsusilə də məhsuldarlığın artırılmasının başlıca əsas səbəblərindən biri isə bitkilərin vaxtlı-vaxtında suvarma suyu ilə təmin olunmasıdır. Hazırda rayonun əsas su təchizatı tutumu 120 mln kubmetr olan "Ağstafaçay”, tutumu 20 mln kubmetr olan "Coğazçay” və tutumu 2 mln kubmetr olan "İncəçay” su dəryaçalarıdır. Ötən il havaların quraq keçməsi səbəbindən hər üç dəryaçada suyun səviyyəsi hiss olunacaq dərəcədə aşağı düşmüşdür. Belə ki, 2019-cu ildə "Ağstafaçay” su dəryaçasında bugünkü tarixə 80 mln kubmetr su olduğu halda, hazırda suyun həcmi 47,5 mln kubmetrdir. Eynilə "Coğazçay” su dəryaçasında 9,5 mln kubmetr olduğu halda bu gün 3,6 mln kubmetr təşkil edir. "İncəçay” su dəryaçasında da ötən il 0,02 mln kubmetr su olduğu halda bu gün 0,015 mln kubmetrdir.
Son illər rayon rəhbərliyinin bu sahəni daim diqqət mərkəzində saxlaması, icra başçısının tapşırığına əsasən hər il rayonda mövcud olan suvarma arx və kanalların təmir olunması, kol-kosdan və lildən təmizlənməsi bu istiqamətdə görülən məqsədyönlü işlərdir və bu da öz bəhrəsini verir. 2019-cu ildə 153,49 km-i texnika, 149,74 km-i əl əməyi olmaqla 303,23 km məsafədə təmizlik işləri yerinə yetirilib. 2020-ci ilin əkin sahələrinin suvarılması məqsədilə 88,57 km-i texnika vasitəsilə, 198,03 km-i əl əməyi ilə olmaqla 286,6 km məsafədə arx və kanallarda təmizlik işlərinin aparılması nəzərdə tutulub. Bu sahədə görülən işlərin uğurla yerinə yetirilməsinin nəticəsidir ki, nəzərdə tutulduğundan artıq 331,49 km məsafədə təmizlik işləri aparılıb. Bunun da 124,67 km-i texnika vasitəsilə, 202,12 km-i isə əl əməyi ilə təmizlənib.
Yaz-tarla işlərinin indiki qızğın çağında əkin sahələrinin vaxtlı-vaxtında suvarma suyu ilə təmin olunması, xüsusilə də su itkisinin qarşısının alınması istiqamətində məqsədyönlü işlər görülür. Sahələrdə yazlıq əkin işləri ilə məşğul olan fermerlərin yüksək məhsuldarlıq əldə etmələri üçün əkin sahələrinin suvarma suyu ilə təmin olunması sahəsinə ciddi nəzarət olunur.
Qazax Rayon İcra Hakimiyyətinin, Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinin, Sudan İstifadə Birliklərinin əməkdaşları və RİH başçısının kənd İnzibati Ərazi Dairələri üzrə nümayəndələrindən ibarət xüsusi Qərargahın yaradılması, suvarma suyundan səmərəli istifadə etmək və su itkisinə yol verilmədən aparılmasını yoxlamaq məqsədilə reydlərin keçirilməsi, növbəlilik prinsipinə ciddi şəkildə əməl edilməsi bu sahənin daim diqqət mərkəzində saxlanılması deməkdir.
Suvarma suyundan səmərəli istifadə etmək və su itkisinə yol verilmədən aparılmasını yoxlamaq məqsədilə 2 may 2020-ci il tarixdə gecə saat 22:00-dan 03:30-dək rayonun Aşağı Salahlı, Orta Salahlı və Qazaxbəyli kəndləri ərazisində suvarma aparılan sahələrdə reydlər keçirilib.
Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında baş məsləhtçi Qərib Bayramov, Qazax DAİM-də direktor müavini Müşviq Pirverdiyev, bitkiçilik sektorunun müdiri Barat Vəliyev, Aşağı Salahlı kənd İƏD-si üzrə nümayəndəsi Zahid Mirzəyev, Orta Salahlı kənd İƏD-si üzrə nümayəndəsi Azim Xəlilov, "Kosalar” SİB-in icraçı direktoru Məzahir Şıxıyev, tarla agentləri Əkbər Mirzəyev və Nofəl Əzizovun iştirakı ilə keçirilən reyd zamanı qeyd olunan hər 3 kənddə mövcud vəziyyət yerində öyrənilib.
Aşağı Salahlı kəndi ərazisində "Kolayır” adlanan suvarma arxı istiqamətində kənd sakinləri Ayaz Kazımova, Famil Allahverənova və Nizami Salmanova məxsus taxıl sahələri hər biri 30 l/san su norması ilə yer sahibləri tərəfindən, Nizami Salmanovun taxıl sahəsi suçu Yunis Nəbiyev tərəfindən suvarılıb ki, su sahəyə düzgün paylanılıb və su itkisi aşkar edilməyib. Kənd ərazisində "Qobu” adlanan suvarma arxı istiqamətində kənd sakinləri İmran Qəhrəmanova və Bəhrəm İsmayılova məxsus taxıl sahələri hər biri 30 l/san su norması ilə yer sahiblərinin özləri tərəfindən suvarılıb ki, burada da su sahəyə düzgün paylanılıb və su itkisi aşkar edilməyib. "Salmanlı” adlanan suvarma arxı istiqamətində kənd sakinləri Elxan Küləşova, Həsən Alnaqova və Binnət Binnətova məxsus taxıl sahələri hər biri 30 l/san su norması ilə yer sahiblərinin özləri tərəfindən suvarılıb. Burada da suyun sahəyə düzgün paylanıldığı və su itkisinin aşkar edilmədiyi müəyyən olunub. "Şəhidlər” adlanan suvarma arxı istiqamətində kənd sakini Etibar Paşayevə məxsus taxıl sahəsi 30 l/san su norması ilə yer sahibi tərəfindən suvarılıb ki, su sahəyə düzgün paylanılıb və su itkisi aşkar olunmayıb. "Qarabozdar” adlanan suvarma arxı istiqamətində kənd sakini Səlmi Aşurovaya məxsus yonca sahəsi 30 l/san su norması ilə qohumu Abdulla Poluyev tərəfindən suvarılıb ki, su sahəyə düzgün paylanılaraq su itkisinə yol verilməyib. "Zor” adlanan suvarma arxı istiqamətində kənd sakini Aqil Sarıyevə məxsus yonca sahəsi 30 l/san su norması ilə yer sahibi tərəfindən suvarılıb. Suyun sahəyə düzgün paylanılmasına və su itkisinin qarşısının alınmasına riayət edilib.
Orta Salahlı kəndi ərazisində "Dəyirman” adlanan suvarma arxı istiqamətində kənd sakinləri Fazil Qiyasova və Zöhrab Süleymanova məxsus taxıl sahələri hər biri 30 l/san su norması ilə yer sahiblərinin özləri, "Kardinal” adlanan suvarma arxı istiqamətində kənd sakini Mustafa Məmmədova məxsus yonca sahəsi 30 l/san su norması ilə yer sahibi, "Quyuluq” adlanan suvarma arxı istiqamətində kənd sakini Zöhrab Binəliyevə məxsus taxılsahəsi 30 l/san su norması ilə yer sahibi tərəfindən suvarılaraq su sahəyə düzgün paylanılıb və su itkisi aşkar olunmayıb.
Qazaxbəyli kəndi ərazisində "Böyük daşdı” adlanan suvarma arxı istiqamətində kənd sakinləri Veyis Orucova, Yasin Abayeva, Rəfayıl Hüseynova və Fərzalı Fərzəliyevə məxsus taxıl sahələri hər biri 30 l/san su norması ilə yer sahiblərinin özləri tərəfindən, "Məktəb” adlanan suvarma arxı istiqamətində kənd sakini Ramiz Məmmədova məxsus taxılsahəsi 30 l/san su norması ilə yer sahibi tərəfindən suvarılıb ki, su sahəyə düzgün paylanılıb və su itkisi aşkar edilməyib.
Reydlər zamanı ərazilərdə sahə suvaran vətəndaşlarla suyun vaxtında suvarılması və su itkisinə yol verilməməsi üçün söhbətlər aparılıb. Vətəndaşlar arxların təmizlənməsinə və suvarma suyunun bu cür təşkil olunmasına, xüsusən də gündüz və gecə növbəsinin yüksək səviyyədə təşkil edilməsinə görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
GOYEZEN.AZ
Facebook-da paylaş