• Təqvim

  • Maraq



Gənclər Vətən müharibəsi şəhidi çavuş Timur Əliyevin doğum günündə məzarını ziyarət ediblər


44 günlük Vətən müharibəsi başlayanda çavuş Əliyev Timur Nurəddin oğlu da ölümün gözünə dik baxaraq torpaqlarımızın azadlığı uğrunda vuruşdu, döyüş yoldaşları ilə birlikdə adını xalqımızın qəlbinə və hərb tariximizə qızıl hərflərlə yazdırdı. Vətən müharibəsində qəhrəmanlıq göstərən şəhidlərimizi yad etmək hər bir azərbaycanlının mənəvi borcudur. Vətən üçün canını fəda edən Timur Əliyev kimi igid Vətən oğullarının döyüşdə göstərdiyi qəhrəmanlıq hər kəs üçün örnəkdir. Timur kimi oğullarımız hər an bizim qəlbimizdə yaşayacaq.


Mayın 29-da ölümündən sonra göstərdiyi igidliyə görə "Vətən uğrunda”"Füzulinin azad olunmasına görə”, "Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif olunmuş şəhid çavuş Timur Əliyevin cənnətdəki növbəti doğum günü qeyd olundu. İgid Vətən oğlunun yaşasaydı 38 yaşı tamam olacaqdı...

"Qazax Gənclər evi” sosial xidmət müəssisəsinin əməkdaşları və könüllüləri igid Vətən oğlunun doğum günündə Xanlıqlar kənd qəbiristanlığındakı məzarını ziyarət edib, şəhidin məzarı önünə qərənfillər düzərək hörmət və ehtiramlarını bildiriblər.






 

Şəhid Timur Əliyev 29 may 1984-cü ildə Özbəkistan Respublikasının Çirçik şəhərində anadan olmuşdur. 1990-cı ildə Özbəkistan Respublikasının Çirçik şəhərində 1-ci sinifə daxil olmuş, 1998-ci ildə həmin şəhərdə 8-ci sinifi bitirmişdir. 1998-ci ildə ailəsi ilə birgə Bakı şəhərinə köçmüş, orta təhsilini Bakı şəhərində davam etdirərək 2001-ci ildə 11-ci sinifi bitirmişdir. 2002-ci ildə Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağrılmış, həqiqi hərbi xidməti keçərək 2004-cü ildə tərxis olunmuşdur. 2013-cü ildən Azərbaycan Silahlı Qüvvələrinin "N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmətdə başlamışdır. Çavuş rütbəsinə qədər yüksəlmişdir. Şəhid çavuş Timur Əliyev 13 oktyabr 2020-ci il tarixdə Füzuli rayonu istiqamətində torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Şəhid çavuşumuz 30 oktyabr 2020-ci ildə Qazax rayonunun Xanlıqlar kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Ailəliydi. Alsu və Leyla adlı iki azyaşlı qız övladı yadigar qalıb.

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə canlarından keçən bütün şəhidlərimizin xatirəsi dövlətimiz, ölkə rəhbəri tərəfindən də hər zaman əziz tutulur. Şəhid çavuş Timur Əliyevin də igidliyi dövlətimiz tərəfindən yüksək qiymətləndirildi. O, ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Döyüşdə fərqlənməyə görə”25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.



 

GOYEZEN.AZ



Facebook-da paylaş