Vətən müharibəsi şəhidi çavuş Timur Əliyevin əziz xatirəsinə həsr olunmuş intellektual yarış keçirilib
Qarabağ adlı zəfərimizin qazanılmasında payı olan, döyüş meydanında vuruşaraq Şəhidlik zirvəsinə ucalan igid oğullarımızdan biri də şəhid çavuş Əliyev Timur Nurəddin oğludur.
Vətən müharibəsində qəhrəmanlıq göstərən şəhidlərimizi yad etmək hər bir azərbaycanlının mənəvi borcudur. Vətən üçün canını fəda edən Timur Əliyev kimi igid Vətən oğullarının döyüşdə göstərdiyi qəhrəmanlıq hər kəs üçün örnəkdir. Timur kimi oğullarımız hər an bizim qəlbimizdə yaşayacaq.
Mayın 29-da ölümündən sonra göstərdiyi igidliyə görə "Vətən uğrunda”, "Füzulinin azad olunmasına görə”, "Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif olunmuş şəhid çavuş Timur Əliyevin cənnətdəki növbəti doğum günüdür. İgid Vətən oğlunun yaşasaydı 38 yaşı tamam olacaqdı...
Mayın 27-də "Qazax Gənclər evi" sosial xidmət müəssisəsi və Qazax Dövlət Sosial-İqtisadi Kolleci Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə Vətən müharibəsi şəhidi Timur Əliyevin əziz xatirəsinə həsr olunmuş gənclər arasında komandalardan ibarət intellektual yarış keçirilib.
Qazax Gənclər Evində təşkil olunmuş yarışda 10 komanda olmaqla 40 nəfər gənc mübarizə aparıb.
Yarışı Qazax Gənclər Evinin dərnək rəhbəri Aytən Vəlizadə açaraq gəncləri salamlayıb, yarışın qaydaları, şərtləri barədə gənclərə ətraflı məlumat verib.
Bakı Dövlət Universitetinin Qazax filialının fizika fakültəsinin 2-ci kurs tələbəsi, həmçinin müəssisənin fəal könüllülərindən olan Kipriyyə İsmayılova şəhidimiz haqqında gənclərə məlumat verib, igid Vətən oğlunun əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Komandalar arasında olduqca maraqlı keçən intellektual yarışda qalib gəlmiş komandanın üzvləri Əliyev Nəsimi Xəqani oğlu, Süleymanov Süleyman Yusif oğlu, Alıyeva Minayə Ələkbər qızı, Alıyev Rahib Əli oğluna hədiyyə və diplom təqdim olunub. 2-ci və 3-cü yerə çıxmış komandaların hər bir üzvünə isə sertifikat təqdim edilb.
Şəhid Timur Əliyev 29 may 1984-cü ildə Özbəkistan Respublikasının Çirçik şəhərində anadan olmuşdur. 1990-cı ildə Özbəkistan Respublikasının Çirçik şəhərində 1-ci sinifə daxil olmuş, 1998-ci ildə həmin şəhərdə 8-ci sinifi bitirmişdir. 1998-ci ildə ailəsi ilə birgə Bakı şəhərinə köçmüş, orta təhsilini Bakı şəhərində davam etdirərək 2001-ci ildə 11-ci sinifi bitirmişdir. 2002-ci ildə Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağrılmış, həqiqi hərbi xidməti keçərək 2004-cü ildə tərxis olunmuşdur. 2013-cü ildən Azərbaycan Silahlı Qüvvələrinin "N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmətdə başlamışdır. Çavuş rütbəsinə qədər yüksəlmişdir. Şəhid çavuş Timur Əliyev 13 oktyabr 2020-ci il tarixdə Füzuli rayonu istiqamətində torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Şəhid çavuşumuz 30 oktyabr 2020-ci ildə Qazax rayonunun Xanlıqlar kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Ailəliydi. Alsu və Leyla adlı iki azyaşlı qız övladı yadigar qalıb.
Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə canlarından keçən bütün şəhidlərimizin xatirəsi dövlətimiz, ölkə rəhbəri tərəfindən də hər zaman əziz tutulur. Şəhid çavuş Timur Əliyevin də igidliyi dövlətimiz tərəfindən yüksək qiymətləndirildi. O, ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Döyüşdə fərqlənməyə görə”, 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
GOYEZEN.AZ
Facebook-da paylaş