Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin ilin yekunlarına dair hesabat konfransı keçirilib
Dekabrın 29-da Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin cari ilin yekunlarına dair hesabat konfransı keçirilib.
Qazax Gənclər Evində keçirilən konfransda yerli dövlət qurumlarının rəsmiləri, qazilər, könüllülər və aktiv gənclər iştirak ediblər.
Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin direktoru İsmayıl Süleymanov tədbiri giriş sözü ilə açaraq iştirakçıları salamlayıb, qarşıdan gələn 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib, ən xoş arzularını çatdırıb. Ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova gənclərə göstərilən yüksək dövlət qayğısına görə rəhbərlik etdiyi kollektiv və gənclər adından minnətdarlığını bildirib. İ.Süleymanov yaranmasından 2 il müddət keçməsinə baxmayaraq gənclər təşkilatı olaraq hər zaman onlara göstərilən etimadı doğrultmaq üçün böyük səylə çalışdıqlarını, bundan sonra da əllərindən gələni əsirgəməyəcəklərini qeyd edib. Qurum üçün uğurlu keçən 2021-ci ildəki fəaliyyətləri haqqında illik statistik məlumatları diqqətə çatdıran İ.Süleymanov bildirib ki, il ərzində bir-birindən fərqli, faydalı 306 fəaliyyət həyata keçirilib və bu fəaliyyətlərə 5317 nəfər gənc cəlb olunub.
GİKM Qazax nümayəndəliyində fəaliyyət göstərən klublar barədə məlumat verən İ.Süleymanov bildirib ki, cari ildə 43 "Kitab klubu” təşkil edilib ki, burada yerli və dünya ədiblərinin əsərlərinin müzakirələri təşkil olunub. "Kino klubu” 46 dəfə bir araya gəlib ki, bu görüşlərdə ümumilikdə 453 nəfər gənc iştirak edib. "Müzakirə klubu” çərçivəsində 4 görüş keçirilib ki, burada gənclərin ideya və təklifləri dinlənilərək, aylıq fəaliyyətlərin hazırlanmasında nəzərə alınıb. "Vətənpərvərlik klubu”nun üzvlərinin iştirakı ilə Vətən müharibəsi şəhidlərinin ailələrinə, qazilərinin evlərinə ziyarətlər təşkil olunub. "Sosial fəaliyyətlər klubu”nun üzvləri tərəfindən müxtəlif əlamətdar günlərdə aksiyalar, fleşmoblar təşkil edilib ki, bu məqsədlə, ümumilikdə 12 fəaliyyət icra edilib. "İdman klubu”nun üzvləri 9 dəfə bir araya gəliblər. Klub üzvləri müxtəlif günlərdə futbol, şahmat və digər əyləncəli oyunlar oynayıblar.
İl ərzində "İntellektual oyunlar klubu” 3 yarış təşkil edib ki, burada da ümumilikdə 110 nəfər gənc iştirak edib. "Eko klub” üzvləri küçə heyvanlarına qayğı göstərərək, müxtəlif iməclik işlərində iştirak ediblər (3 fəaliyyət – 23 nəfər). "Əyləncə klubu”nda gənclər 1 dəfə bir araya gəlib və burada müxtəlif əyləncəli oyunlar və enercayzerlərlə asudə vaxtlarını səmərəli dəyərləndiriblər.
Mərkəz direktoru 2021-ci il ərzində təqvimdə olan əlamətdar günlərlə bağlı bir sıra tədbirlərin təşkil olunduğunu qeyd edib. 20 Yanvar – Ümumxalq Hüzn Gününə, 2 Fevral - Gənclər Gününə, 26 Fevral - Xocalı Soyqırımının 29-cu ildönümünə, 5 Mart - Bədən Tərbiyəsi və İdman Gününə, 10 Mart - Milli Teatr Gününə, Novruz bayramına, 28 May - Müstəqillik Gününə, 1 Avqust - Ana Dili Gününə, 18 Sentyabr - Milli Musiqi Gününə, 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününə həsr olunmuş silsilə tədbirlərin keçirildiyini diqqətə çatdırıb.
İ.Süleymanov vurğulayıb ki, cari il ərzində gənclər "VətənimİZ” silsilə fəaliyyətlər çərçivəsində Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət edib. Belə ki, bütün Vətən müharibəsi şəhidlərinin məzarları 14 fəaliyyət çərçivəsində ziyarət edilib ki, bu ziyarətlərdə ümumilikdə 99 nəfər gənc iştirak edib. Həmçinin Vətən müharibəsi şəhidlərinin vikipediya məlumatları hazırlanıb və yerləşdirilib.
GİKM Qazax nümayəndəliyinin təşkilatçılığı ilə bir sıra silsilə təlimlər təşkil olunub ki, bunlardan "GələcəyimİZ”, "İçindəki səni kəşf et”, "Şəxsi inkişaf təlimləri” göstərə bilərik. "Həmrəy könüllü” layihəsi çərçivəsində gənclər 3 görüş keçirib. Bu görüşlər Gədəbəy və Sabirabad gəncləri ilə onlayn, "Aqrar İnkişaf Könüllüləri” ilə isə fiziki olaraq reallaşdırılıb.
Nümayəndəlik Azərbaycan Yazıçılar Birliyinin Qazax zona filialı ilə sıx əməkdaşlıq şəraitində "ƏdiblərimİZ” layihəsi çərçivəsində 6 görüş təşkil edib ki, bu görüşlərdə yerli şair və yazıçılarımızla gənclər bir araya gəlib.
"Bizim müəllim” layihəsi çərçivəsində gənclərin orta ümumtəhsil və ali məktəb müəllimləri ilə görüşləri 4 dəfə təşkil olunub. Bu formatda olan 4 görüş isə sonradan "Bizdən sonra siz” başlığı altında təşkil olunub.
"Bərabər hüquqlarımız” layihəsi çərçivəsində gender bərabərliyi, məişət zorakılğı mövzularında Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə bir neçə onlayn görüşlər təşkil olunub (4 təlim, 94 nəfər).
"Hüququm və qaydalarım” layihəsi çərçivəsində Ombudsman Gəncə Regional Mərkəzi və bir sıra hüquqşünaslarla gənclərin hüquqi biliklərinin artırılması istiqamətində təlimlər təşkil olunub (6 tədbir, 220 nəfər).
Gənclər üçün bazar araşdırması, müsahibəyə hazırlıq, CV hazırlanması, iş həyatına hazırlıq məqsədilə "Karyeram” layihəsi çərçivəsində 4 təlim təşkil olunub ki, burada ümumilikdə 90 nəfər gənc iştirak edib. Bu mövzuda digər tədbirlər "Uğurlu karyera yolunda” başlığı altında təşkil edilib. (3 təlim, 114 nəfər)
Həmçinin, nümayəndəliyin yer aldığı zonanın təcrübəçi könüllüləri üçün pilot olaraq, onlayn şəkildə İngilis dili kursları təşkil olunub ki, (8 dərs), burada 64 gənc iştirak edib.
Ulu Öndər Heydər Əliyevin Azərbaycançılıq məfkurəsinin gənclər arasında təbliği məqsədilə müxtəlif qurumlarla, o cümlədən, Qazax Dövlət Sosial-İqtisadi Kolleci ilə bir sıra görüşlər təşkil olunub.
2 dəfə "Qonağımız var” adı altında müxtəlif sahələrdə uğur qazanmış şəxslərlə gənclərin görüşləri təşkil olunub. Sonradan bu tipli tədbirlər "Uğurunu paylaş” adı altında davam etdirilib.
İ.Süleymanov bildirib ki, gənclər arasında narkomaniya və digər zərərli vərdişlərin qarşısının alınması məqsədilə keçirilən maarifləndirici tədbirlər xüsusi yer tutur. Ombudsman Gəncə Regional Mərkəzinin, Qazax Rayon Polis Şöbəsinin, səhiyyə şöbəsinin yaxından tərəfdaşlığı ilə "Təmiz nəfəs – Sağlam həyat”, "Sağlam gəncliyimİZ” adı altında keçirilən tədbirlər bunun bariz nümunəsidir.
Bundan əlavə, gənclərin fiziki-psixi sağlamlıqlarının qorunması məqsədilə Səhiyyə Nazirliyinin və Qazax Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin əməkdaşlarının iştirakı ilə "Sağlam OL” başlığı altında təşkil olunan maarifləndirici tədbirlər bu sahədə atılan uğurlu addımlardır. Psixoloq Kəmalə Cəfərovanın iştirakı ilə "Biz səninləyik” başlığı altında təşkil olunan tədbirdə gənclərə erkən nikahların mənfi fəsadları, qadınlara qarşı törədilən cinsi diskriminasiya, məişət zorakılığı, zorakılıq hallarının aşkarlanması və qarşısının alınması barədə ətraflı məlumatlar verildiyini qeyd edib.
Gənc rəssam Aysan Omarova tərəfindən sentyabr ayından başlayaraq, dörd ay ərzində, ayda bir dəfə olmaqla gənclər üçün "Art Mən” proqramı çərçivəsində rəssamlıq, bədii keramika və mozaika mövzuları üzrə ustad dərslərinin təşkil olunduğunu söyləyib.
5 Dekabr - Beynəlxalq Könüllülər Günü münasibətilə baş ofis tərəfindən təşkil olunan, 7 tur davam edən və bütün nümayəndəliklərin komandalarının iştirakı ilə "BİL” – Birlik İntellekt Liqası keçirilib ki, burada Qazaxın "Sarkazm” komandası II yerə layiq görülüb.
"ZəfərimİZ” layihəsi çərçivəsində gənclərin Hərbi Qənimətlər Parkına onlayn turu, "Qələbənin memarları" adlı görüş, "Şanlı ZəfərimİZ gənc rəssamların gözü ilə" başlığı altında rəsm müsabiqəsi və Vətən müharibəsi şəhidlərinin xatirəsinə ucaldılmış abidənin ziyarəti təşkil olunub.
Ulu Öndər Heydər Əliyevin anım günü ərəfəsində "Ulu öndər və GəncliyimİZ” layihəsi çərçivəsində BDU-nun Qazax filialında "Heydər Əliyev və gənclər siyasəti" başlığı altında dəyirmi masa, millət vəkili Səməd Seyidovla Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasətinə həsr olunmuş görüş təşkil olunduğunu, Ümummilli Liderin abidəsinin ziyarət edildiyini diqqətə çatdırıb.
İ.Süleymanov gənclərin il ərzində bir sıra beynəlxalq layihələrdə də iştirak etdiyini qeyd edib. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, UNİCEF, Avropa İttifaqı və bir sıra digər təşkilatların həyata keçirdikləri "Gənclərin Təşəbbüskarlıq Həlləri”, "Yarat, İnkişaf et və töhfə ver” və "Gənclər üçün xidmətlər” layihələri çərçivəsində gənclərin bir sıra mövzularda təşkil olunan təlimlərə qatıldıqlarını vurğulayıb.
"Təcrübə üçün səfər et” layihəsi çərçivəsində gənclərin Qazax Dövlət Yanğından Mühafizə Hissəsinə səfəri təşkil edilərək gənclərə yanğınsöndürmə texnikaları və avadanlıqları barədə məlumat verilib.
"Nizami ili” ilə bağlı təşkil olunan fəaliyyətlərdən danışan Mərkəzin direktoru "Bəşəri dəyərlərin dahi tərənnümçüsü" adlı esse müsabiqəsini və Qazax Dövlət Rəsm Qalereyası ilə birlikdə keçirilən onlayn tədbiri qeyd edib. Həmçinin il ərzində bir neçə dəfə dahi mütəfəkkirin kəlamlarından ibarət posterlər hazırlanaraq, sosial şəbəkə hesablarında paylaşıldığını söyləyib.
GİKM Qazax nümayəndəliyinin digər müxtəlif mövzularda da bir sıra tədbirlər təşkil etdiyini qeyd edən İ.Süleymanov buna misal olaraq, "Azərbaycanı kəşf edək", "Biznesin idarə edilməsi", "İnkluziv cəmiyyətə gedən yol inkluziv təhsildən keçir", "İnklüziv həyat”, "İki nəslin görüşü”, "Könüllü qonşu”, "İrsimİZ”, "Auditoriya qarşısında effektiv çıxış texnikaları", "GəlSən”, "Bir gün vəzifə məndə”, "Həmrəylik kuboku” adlı layihə və tədbirləri göstərib. Mərkəz tərəfindən rayon ərazisində iki məktəbdə təşkil olunan "Peşə təmayüllü siniflərlə” uğurlu əməkdaşlığın əsasının qoyulduğunu bildirib. Belə ki, Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbdə fəaliyyət göstərən peşə təmayüllü siniflərlə gənclərin tanışlığı təşkil olunub. Bu əməkdaşlıq növbəti ildə də davam etdiriləcək.
Konfrans iştirakçılarından Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev çıxış edərək əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən davam etdirilən dövlət gənclər siyasətindən danışıb. Ulu Öndərin ikinci dəfə hakimiyyətə qayıdışından sonra ilk yaranan nazirliyin də məhz Gənclər və İdman Nazirliyi olduğunu qeyd edən natiq illər öncə gənclərə göstərilən qayğının bu gün də uğurla davam etdirildiyini bildirib. Ölkə başçısı və rayon rəhbərliyi tərəfindən bu gün Qazax gəncləri üçün hər cür imkanlar yaradıldığını, rayonda fəaliyyət göstərən Rayon Gənclər və İdman İdarəsinin, Qazax Gənclər Evi Sosial Xidmət Müəssisəsinin, GİKM-in Qazax nümayəndəliyinin birbaşa gənclərə xidmət edən sahələr olduğunu vurğulayıb. Hər üç təşkilatın əsas məqsəd və məramının gənclər üçün geniş imkanlar açmaq, onlara bütün sahələrdə dəstək olmaq, ən əsası da layiqli ölkə vətəndaşı olaraq yetişmələri üçün töhfə vermək olduğunu söyləyib. Bugünkü hesabat konfransını və il ərzində görülmüş işləri yüksək qiymətləndirən V.Nəbiyev bundan sonrakı fəaliyyətlərində yeni-yeni nailiyyətlər arzulayıb, hər zaman qarşılıqlı əməkdaşlığa hazır olduqlarını söyləyib.
Qazax Gənclər Evi Sosial Xidmət Müəssisəsinin direktoru Vüsal Hüseynov da nümayəndiliyin fəaliyyətini yüksək dəyərləndirib. Gənclər siyasətini rayonda həyata keçirən dövlət qurumu olaraq hər zaman əməkdaşlıq etməkdən məmnunluğunu ifadə edib.
Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun köməkçisi Akif Əmirov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, səmimi ürək sözlərini çatdırıb. Ölkə Prezidenti tərəfindən gənclərə göstərilən qayğıdan söz açan natiq Qazaxda gənclərlə bağlı fəaliyyət göstərən hər üç təşkilatı məhz həmin qayğının təzahürü kimi qeyd edib. Yarandığı ilk gündən gənclərin gələcək inkişafları naminə daim yeniliklərlə, yeni layihələrlə seçilən GİKM-nin Qazax nümayəndəliyinin il ərzində gördüyü işləri yüksək qiymətləndirən natiq bundan sonra da onlara göstərilən etimadı doğrultmalarını, daha böyük nailiyyətlər qazanmalarını arzu edib. Müstəqil Azərbaycanın parlaq gələcəyi naminə sağlam gənclik ordusunun yetişməsi istiqamətində həyata keçirəcəkləri tədbirlərdə hər zaman dəstək olmağa hazır olduğunu vurğulayıb.
Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qazax rayon filialının sədr müavini, I qrup Qarabağ müharibəsi əlili Namiq Alıyev çıxış edərək GİKM-in Qazax nümayəndəliyi barədə ürək sözlərini çatdırıb. Nümayəndəliyin təşkil etdiyi tədbirdə iştirak edən şəxs kimi vətənpərvərlik mövzusunda keçirilən tədbirləri yüksək qiymətləndirib. Dövlətinə, xalqına sadiq, vətənpərvər ruhda olan gənclərin nümayəndəlikdə çalışmasını, könüllü kimi fəaliyyət göstərməsini qürurverici hal kimi dəyərləndirib, gənclərə gələcək işlərində uğurlar arzulayıb.
Gənc könüllü Fərid Sadıqov GİKM-in Qazax nümayəndəliyinin könüllüsü kimi iştirak etdiyi tədbirlərdən, layihələrdən və ona qazandıran uğurlardan söz açıb. Gənclərə göstərilən qayğıya görə ölkə Prezidentinə və rayon rəhbərliyinə minnətdarlığını bildirən gənc könüllü ona göstərilən etimadı bundan sonra da layiqincə doğruldacağını qeyd edib.
Sonda il ərzində fəaliyyətlərə göstərdiyi dəstəyə və əməkdaşlığa görə Qazax Rayon İcra Hakimiyyətinə, millət vəkili Səməd Seyidovun köməkçisi Akif Əmirova, Rayon Gənclər və İdman İdarəsinə, Qazax Gənclər Evi Sosial Xidmət Müəssisəsinə, Bakı Dövlət Universitetinin Qazax filialına, Qazax Dövlət Sosial-İqtisadi Kollecinə, Qazax Dövlət Rəsm Qalereyasına, Qazax şəhər 1 nömrəli Musiqi Məktəbinə, Qazax Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsə, Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialına, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qazax rayon filialına, GÖYƏZƏN.AZ internet portalına GİKM-nin Qazax nümayəndəliyinin Təşəkkürnamələri təqdim edilib. Həmçinin, tədbir zamanı il ərzində aktivliyinə görə seçilən gənclər də təltif olunublar.
GOYEZEN.AZ
Facebook-da paylaş