• Təqvim

  • Unutma

  • Maraq



Gənclər "Kitab klubu"nda bu dəfə 44 günlük Vətən müharibəsi şəhidlərinə həsr olunmuş "Qanları ilə dastan yazanlar" kitabını təqdim ediblər


Oktyabrın 19-da Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin "Kitab klubu"nda Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayılın "Qanları ilə dastan yazanlar" kitabının təqdimatı keçirilib.

Tədbirdə əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda əbədiyyətə qovuşmuş şəhidlər böyük ehtiramla yad edilib.

 

Gənclərlə görüşən müəllif Elçin İsmayıl kitabın necə ərsəyə gəlməsindən ətraflı söz açıb. Müəllif qeyd edib ki, Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə işıq üzü görən kitab 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının qazandığı böyük zəfərə və bu tarixi qələbənin əldə olunmasında öz canından keçmiş 50 qazaxlı şəhidə həsr olunub. Kitabda şəhidlərin keçdiyi ömür və döyüş yolları ayrı-ayrılıqda geniş işıqlandırılıb, ailə üzvlərinin, müəllimlərinin, döyüş yoldaşlarının xatirələri yer alıb. Eyni zamanda şəhidlərin ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə təltif olunduqları orden və medalların, eləcə də öz şəkilləri əksini tapıb.

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin direktoru İsmayıl Süleymanov kitab haqqında ürək sözlərini, fikirlərini bölüşərək nəfis tərtibatda çap olunan kitabı şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi, onların keçdikləri döyüş yolunun gələcək nəsillərə çatdırılması istiqamətində atılan nümunəvi addım kimi qiymətləndirib. Rayon rəhbərliyi tərəfindən şəhidlərimizin adlarının əbədiləşdirilməsi istiqamətində ilk olaraq yazılan bu kitabı yüksək qiymətləndirib. Şəhidlərimizi yaxından tanımaq, onlar haqqında daha dolğun məlumat əldə etmək üçün "Qanları ilə dastan yazanlar” kitabının əsl məlumat mənbəyi olduğunu qeyd edib. Gənclər adından şəhidlərimizə verilən yüksək dəyərə görə kitabın təşəbbüskarı olan rayon rəhbərliyinə və ərsəyə gəlməsində əməyi keçən insanlara minnətdarlığını bildirib.

Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb.




 

GOYEZEN.AZ



Facebook-da paylaş